Təhsil nazirinin 2015-ci il 8 iyun tarixli əmri ilə
Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərində
yerləşən 50 məktəbin təmayül siniflərində 4 təmayül (texniki,
riyaziyyat-iqtisadiyyat, humanitar, təbiət) istiqamət
üzrə tədris olunacaq fənlərin sayı texniki fənlər
təmayüllü siniflərdə 9, riyaziyyat-iqtisadiyyat və
humanitar fənlər təmayüllü siniflərdə 8, təbiət fənləri
təmayüllü siniflərdə 10-dək azaldılıb. Rus bölməsində
həftədə əlavə 2 saat "Azərbaycan dili (dövlət dili kimi)"
fənninin tədrisinə ayrılır. Təmayül istiqamətindən asılı
olmayaraq, tədris planlarında Azərbaycan dili (rus
bölməsində rus dili), xarici dil, ədəbiyyat, riyaziyyat,
Azərbaycan tarixi, fiziki tərbiyə, gənclərin
çağırışaqədərki hazırlığı fənləri saxlanılır.
Həmçinin, təmayülləşmə ilə əlaqədar yerlərdə geniş
maarifləndirmə işlərinin aparılması, təmayül
siniflərinin komplektləşdirilməsi üzrə təşkilati
tədbirlərin görülməsi, təmayül fənlərini tədris edən
müəllimlər üçün təlimlərin təşkili nəzərdə tutulub.
Təmayül siniflərində mövcud qaydalara uyğun olaraq,
şagirdlərin sayı ən azı 20 nəfər olmaqla
komplektləşdiriləcəkdir.
Qeyd edək ki, tam orta təhsilin təmayülləşməsi üzrə
pilot layihə Bakıdakı 5 məktəbdə 2011-ci ildən tətbiq
olunmağa başlanıb. Bu məktəblər üçün fənlərin sayı
18-dən 13-ə azaldılmaqla xüsusi tədris planları təsdiq
edilib, təmayül fənlərinin genişləndirilmiş proqramları
hazırlanıb. Sonrakı illərdə daha 3 müəssisə pilot
məktəblər siyahısına daxil olunub.
Pilot layihənin tətbiqində əsas məqsəd tam orta təhsil
səviyyəsində təhsilin təmayüllərə görə təşkilini
sınaqdan keçirmək, gələcəkdə həmin prosesə kütləvi
keçidlə bağlı müvafiq hazırlıq işləri aparmaq və bu
barədə cəmiyyətdə ictimai rəy formalaşdırmaqdan ibarət
olub.
Layihənin nəticələrinin təhlili göstərir ki, tam orta
təhsil səviyyəsində təmayülləşmənin tətbiqi şagirdlərin
meyil və arzularına uyğun təşkil edildiyi üçün təlimə
marağı xeyli artırır, məktəblilərin təhsil
nailiyyətlərinə müsbət təsir göstərir. Eyni zamanda,
təmayülləşmə şagirdlərin repetitor xidmətindən istifadə
hallarının nəzərəçarpacaq dərəcədə azalmasına səbəb
olur. |