İyulun
22-də "Gülüstan" sarayında Azərbaycan milli mətbuatının
yaranmasının 140 illik yubileyinə həsr olunan təntənəli
mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, dövlət və hökumət
nümayəndələrinin, Milli Məclisin deputatlarının,
tanınmış media təmsilçilərinin iştirak etdikləri mərasim
Dövlət himninin səslənməsi ilə başladı.
Sonra Azərbaycan milli mətbuatının inkişaf tarixi ilə
bağlı film nümayiş olundu.
Daha sonra Azərbaycan Respublikası Prezidentinin
sərəncamlarına əsasən təltif edilmiş kütləvi informasiya
vasitələrinin nümayəndələrinə dövlət mükafatları təqdim
olundu.
Mükafatları Azərbaycan Respublikası Prezidentinin
ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov
təqdim etdi.
Mərasimdə
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun kütləvi informasiya vasitələri arasında "I
Avropa Oyunlarını ən geniş və dolğun işıqlandıran KİV"
mövzusunda keçirdiyi müsabiqənin qalibləri
mükafatlandırıldı.
Fondun ekspertlərinin apardıqları monitorinqin
nəticələrinə görə, müsabiqədə birinci yerə "Azərbaycan
Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar
Cəmiyyəti layiq görülüb. Azərbaycan Dövlət İnformasiya
Agentliyi - AZƏRTAC müsabiqədə ikinci yeri tutub. "Azad
Azərbaycan" Teleradio Kompaniyası da müsabiqədə ikinci
yerə layiq görülüb. Müsabiqədə üçüncü yerləri isə
"Azərbaycan" qəzeti, "Trend" İnformasiya Agentliyi və "APA
Holdinq" tutublar.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun "I Avropa Oyunları dövründə Azərbaycanın milli
maraqlarının təbliği sahəsində səmərəli fəaliyyətə" görə
xüsusi mükafatına isə "Lider TV və Radio Azərbaycan" MMC,
"Xəzər TV" MMC və "Səs" media qrupu layiq görülüblər.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi
məsələlər üzrə köməkçisi Əli Həsənova "UBM Group"
şirkətinin "I Avropa Oyunlarına xüsusi informasiya
dəstəyinə görə" mükafatı təqdim olundu. Prezidentin
köməkçisinə, həmçinin "Azərbaycanın milli maraqlarının
təbliği sahəsində əldə edilmiş nailiyyətlərə görə"
"Paşabank"ın və "Bakcell" şirkətinin xüsusi mükafatları
təqdim edildi.
I Avropa Oyunlarının informasiya təminatı sahəsində
səmərəli fəaliyyətlərinə görə Prezident
Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin
müdir müavini Vüqar Əliyevə və şöbənin baş məsləhətçisi
Ceyran Əmiraslanovaya "UBM Group" şirkətinin mükafatları
təqdim olundu.
Sonra Azərbaycan Mətbuat Şurasının Ali Media Mükafatının
təqdimatı oldu. Üç dərəcə üzrə təqdim edilən mükafatlar
milli mətbuatımızın inkişafında xidmətləri olan şəxslərə
və KİV-lərə verildi. Ali Media Mükafatının birinci
dərəcəsinə "Kaspi" qəzeti layiq görüldü.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun 22 iyul - Milli Mətbuat Günü
münasibətilə elan etdiyi fərdi jurnalist yazı
müsabiqəsində birinci yeri tutmuş jurnalistlərə
mükafatlar təqdim edildi.
Dövlət orqanlarının xüsusi fəallığı ilə seçilən mətbuat
xidmətlərinin və KİV-lərin rəhbərləri üçün "Bakcell"
şirkəti tərəfindən hazırlanmış mükafatların mərasimdə
təqdimatı oldu.
Sonda xatirə şəkli çəkdirildi.
Mərasim konsert proqramı ilə davam etdi. |