Azərbaycan
Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı
əsasında akademiyanın qarşıdakı 70 illik yubileyi ilə
əlaqədar olaraq "Azərbaycanın elm məbədi" adlı sənədli
film çəkilir. Akademiyanın tarixi ənənələrini və müasir
inkişafını əks etdirəcək filmin elmi məsləhətçisi
AMEA-nın prezidenti, akademik Akif Əlizadədir. Filmi
hazırlayan yaradıcı qrupun rəhbəri və ssenari müəllifi
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin
verdiyi məlumata görə, çəkilişlər əsasən başa çatmaq
üzrədir. "Salnamə" studiyasının çəkdiyi filmin baş
rejissoru tanınmış kino xadimi Ayaz Salayev, operatoru
Moskva Dövlət Kinematoqrafiya İnstitutunu bitirmiş Yuri
Varnovskidir.
Yaradıcı qrup Milli Elmlər Akademiyasının əhatə etdiyi
əksər elmi-tədqiqat institutlarında çəkilişlər aparıb,
müsahibələr alıb. Bundan başqa, Foto-Kino Sənədləri
Arxivindən nadir materiallar əldə olunub. Eyni zamanda,
Ukrayna Elmlər Akademiyasının prezidenti, akademik
Patondan, Rusiya Elmlər Akademiyası Dünya Ədəbiyyatı
İnstitutunun direktoru, akademik Aleksandr Kudelindən də
Azərbaycanda elmin və Elmlər Akademiyasının inkişafı ilə
əlaqədar müsahibələr alınıb.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və
çəkiliş qrupunun üzvləri bu günlərdə film üçün müsahibə
almaq məqsədilə Sankt-Peterburq şəhərində Rusiya Elmlər
Akademiyasının vitse-prezidenti, Nobel mükafatı
laureatı, akademik Jores İvanoviç Alfyorovla görüşüb.
Peterburq Elmi Mərkəzinin rəhbəri, akademik Jores
Alfyorov Azərbaycanda çətin şəraitdə Elmlər
Akademiyasının qorunub saxlanılmasını və ölkədə elm
sahəsində həyata keçirilən islahatları yüksək
qiymətləndirib: "Azərbaycanda Elmlər Akademiyası inkişaf
etdirilir, islahatlar uğurla həyata keçirilir, ən
başlıcası isə ölkənin rəhbərliyi elmin inkişafına dəstək
verir və qayğı göstərir".
Nobel mükafatı laureatı, akademik Jores Alfyorov onun
elmi fəaliyyətinin Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev tərəfindən dövlət səviyyəsində yüksək
qiymətləndirilməsini dərin minnətdarlıq hissi ilə
qarşıladığını bildirib.
Sankt-Peterburq Elmi Mərkəzinin rəhbəri, Akademik
Universitetin rektoru, akademik Jores Alfyorov
Azərbaycanla olan çoxillik elmi əlaqələrindən,
həmkarları ilə münasibətlərindən söz açıb, qarşılıqlı
əlaqələrin dərin köklərindən və ənənələrindən, habelə
dünyada elmlər akademiyaları sistemində gedən
müasirləşmə proseslərindən danışıb, elmin inkişaf
etdirilməsinin əhəmiyyətindən bəhs edib.
Görüşdə yeni tarixi mərhələdə Azərbaycan Milli Elmlər
Akademiyası ilə Peterburq Elmi Mərkəzi və onun
institutları arasında əlaqələrin yenidən qurulması,
əməkdaşlığın inkişaf etdirilməsi zərurəti xüsusi olaraq
vurğulanıb.
Nobel mükafatı laureatı, akademik Jores Alfyorov
Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi
tədbirlərində iştirak etmək dəvətini razılıqla
qarşılayıb.
Görüş zamanı Nobel mükafatı laureatı, akademik Jores
Alfyorova Azərbaycan Milli Elmlər Akademiyası adından
xatirə hədiyyəsi təqdim olunub.
Ağahüseyn ŞÜKÜROV |