Vasif RAMAZANOV,
V "Elektron təhsil" müsabiqəsinin
"Müəllim
bloqları" nominasiyası üzrə qalibi,
Sumqayıt şəhər fars-ingilis dilləri təmayüllü tam orta
məktəbin GÇH rəhbəri, ehtiyatda olan baş leytenant
Müasir
dövrdə gənclərin çağırışaqədərki hazırlığı (GÇH)
fənninin əhəmiyyəti böyükdür. Çünki torpaqlarımızın
işğal altında olması bu fənnin tədrisini zəruri edir.
Qeyd edək ki, GÇH Nazirlər Kabinetinin 1998-ci il 29 may
tarixli 119 saylı qərarı ilə təsdiq olunmuş "Gənclərin
çağırışaqədərki hazırlığı" Əsasnaməsi ilə tənzimlənir və
tədris olunur. Bu əsasnamənin I bəndinə əsasən
"Gənclərin çağırışaqədərki hazırlığı" Azərbaycan
Respublikasının Konstitusiyasına, Azərbaycan
Respublikası Prezidentinin Fərmanlarına, "Təhsil
haqqında" "Hərbi xidmətə çağırışın əsasları haqqında"
Azərbaycan Respublikasının qanunlarına, Nazirlər
Kabinetinin qərarlarına, bu Əsasnaməyə və digər
normativ-hüquqi aktlara əsasən həyata keçirilir.
Gənclərin çağırışaqədərki hazırlığı, adından da
göründüyü kimi, gənclərin Silahlı Qüvvələrdə
xidmətəqədərki hazırlığının tərkib hissəsidir.
Azərbaycan Respublikasının müdafiəsi üçün orduya
çağırılan hər bir gənc hərbi hazırlığın gedişi
prosesində Azərbaycan Respublikasının Konstitusiyasını,
Respublika Silahlı Qüvvələrinin vəzifələrini, xüsusiyyət
və əhəmiyyətini, hərbi qulluğun hər bir vətəndaşın
müqəddəs borcu olduğunu dərk etməlidir. Gənclər hərbi
andın tələblərini, hərbi nizamnamələri öyrənir, hərbi
hissənin silah və sursatları, hərbi texnikası, şəxsi
heyətin yerləşdirilməsi və sosial-məişət tərzi ilə tanış
olur, qulluq etmiş gənc əsgərin hazırlığı həcmində
nəzəri hərbi biliklərə və praktik vərdişlərə yiyələnir,
mülki müdafiənin əsaslarını, kütləvi təbii və texnogen
xarakterli fövqəladə halların nəticələrindən mühafizə
və kütləvi qırğın silahlarından müdafiə olunma
üsullarını öyrənirlər.
Baxmayaraq ki, orduya ancaq oğlanlar çağrılır, dünyada
gedən proseslər qızların da hərbi işləri öyrənməsini
zəruri edir. İlk növbədə təbii ki, torpaqlarımızın 20
faizinin işğal altında olması, terror təhlikəsinin
günü-gündən artması, nəhayət, elm və texnologiyanın
sürətlə inkişaf etməsi nəticəsində baş verən təbii və
texnogen fəlakətlər, bizi belə düşünməyə vadar edir.
Müasir dünyada elmin inkişafı vacibdir. Lakin tarixi
araşdırmalar göstərir ki, dünyadakı rəqabətə davam
gətirmək üçün, daha doğrusu, bu rəqabətdə qalib çıxmaq
üçün ilk növbədə milli mənlik hissi çox güclü olmalıdır.
Milli mənlik, bilik və bacarıqlarla birlikdə, rəqabətə
davamlı insanın formalaşması üçün lazım olan vacib
keyfiyyətdir. Yaradılmış ən güclü silahları idarə edən
insandır. Deməli, ən güclü silah milli köklərinə bağlı,
yüksək texnologiyalara yiyələnmiş insandır. Milli
mənlik hissinin aşılanması ana bətnində başlayır, ailədə
davam etdirilir, məktəbdə gücləndirilir. Bir şagird,
istər qız, istər oğlan riyaziyyatçı, fizik, kimyaçı və s.
olmaya bilər, lakin vətənpərvər olmağa borcludur. Nəzərə
alsaq ki, hər bir şagird gələcəyin potensial
valideynidir, o zaman məsələnin ciddiliyi aydınlaşır.
Məhz yuxarıda adıçəkilən bütün arqumentləri özündə
cəmləşdirdiyi üçün GÇH fənni aktualdır. GÇH fənninin
proqramına nəzər salsaq görərik ki, tədris olunan
mövzular həqiqətən də qeyd olunan nüansları
işıqlandırır.
Dövləti müdafiənin əsasları bölməsi "GÇH fənninin
əhəmiyyəti, məqsədi və vəzifələri"; "Hərb tariximiz,
Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi";
"Azərbaycan Silahlı Qüvvələrinin strukturu, qoşun
növləri və başqa silahlı birləşmələr"; "Dövlət və hərbi
atributlarımız. Hərbi mərasimlər. Döyüşlərdə və
xidmətdə fərqlənməyə görə təltiflər, orden və medallar"
mövzularından ibarət olub, yeniyetmələrin vətənpərvər
ruhda tərbiyəsi, onların Silahlı Qüvvələrdə xidmətə
hazırlanması, fənnin tətbiq dairəsi, tədrisini zəruri
edən amillər, etnik, dini, ərazi iddiası zəminində baş
verə biləcək münaqişələr, təbii, texnogen və müharibə
xarakterli fəlakətlər zamanı hərəkət, tibbi bilik və
bacarıqlar, fənnin təlim istiqamətləri, ordu sıralarında
xidmət, fənnin tədrisini tənzimləyən rəhbəredici dövlət
sənədləri şagirdlərin diqqətinə çatdırır və eləcə də
ordu quruculuğunu, siyasi və hərb tariximizi əhatə
edən digər vacib faktları işıqlandırır.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
Nizamnamələri bölməsi, şagirdlərə hərbi qulluqçuların
ümumi vəzifələri, hərbi rütbələr, fərqlənmə nişanları,
qarşılıqlı tabeçilik, əmr və sərəncamların verilməsi və
yerinə yetirilməsi, hərbi salamvermə, hərbi nəzakət və
davranış qaydalarının öyrədilməsini nəzərdə tutur.
Sıra hazırlığı bolməsi şagirdlərə sıra təliminin
xüsusiyyətlərinə əsasən sıra və onun elementləri, açıq
və hərəkət sırası, müxtəlif üsullarla sıranın idarə
olunması, əsgərin düzülüşdən qabaq və sırada
vəzifələri, sıra duruşu və komandaların yerinə
yetirilməsi, yerində dönmələr, hərəkət və hərəkətdə
dönmələr, yerində əsgəri salamvermə, hərəkətdə hərbi
salamvermə, baş geyimsiz hərbi salamvermə, sıradan çıxma
və sıraya qayıtma, rəisə yaxınlaşma və uzaqlaşma
öyrədilir.
Taktiki hazırlıq bölməsində silahların məhvetmə
imkanlarını və düşmənin hərəkət xarakterini nəzərə
alaraq, relyefə uyğun hücum və müdafiə taktikasının
praktik, əyani vəsaitlər və müharibələrdən fraqmentlər
nümayiş etdirməklə izah edilir, mövzuların tədrisi
zamanı yeni təlim metod və üsullarından istifadə etməklə
izahlı şəkildə şərhi verilir, elementlərlə göstərilir,
əvvəlcə tək-tək, sonra isə manqalar və yaxud tağım
şəklində elementlərlə yerinə yetirilir.
Silahlar və atəş hazırlığı bölməsinin tədrisi zamanı,
Kalaşnikov avtomatı ilə yanaşı, patronlar haqqında da
biliklərin verilməsi nəzərdə tutulmuşdur. Atəş
tapşırığının yerinə yetirməsi ilə bağlı şagirdlərdə
vərdişlərin formalaşdırılması bu fənnin tədrisi
qarşısında duran ən mühüm tələblərdən biridir.
Hərbi topoqrafiya bölməsində mövzular nəzəri
müstəvidən əməli müstəviyə yönəldilmişdir, yəni ərazidə
tədrisi nəzərdə tutulmuşdur.
Təhlükəsizlik və fövqəladə hallarda insanların
mühafizəsi bolməsində, mülki müdafiənin sülh və müharibə
dövründə əhalinin təhlükəsizliyini təmin edən dövlət
strukturu kimi təşkili və fəaliyyəti, müharibə mənşəli
fövqəladə hallar (nüvə silahının, kimyəvi silahın,
bioloji və bakterioloji silahın tətbiqi), texnogen
xarakterli fövqəladə hallar, təbii xarakterli fövqəladə
hallar və terrorizmin fövqəladə hallardan biri kimi
tədrisi nəzərdə tutulmuşdur. Sosial-siyası fəlakət olan
terror haqqında şagirdləri düzgün və faktlarla
məlumatlandırmaq, onun həqiqi mahiyyətini açıqlamaq
günün ən zəruri tələblərindən biridir.
Tibbi biliklərin əsasları bölməsində, xəsarət almış və
ya qəfil xəstələnmiş insana həkimin gəlməsinə və yaxud
evakuasiyaya qədər, vaxtında və sadə üsullarla
məqsədyönlü ilk tibbi yardım göstərmə, yoluxucu və
infeksion xəstəliklər, yaranma səbəbləri, növləri, ilkin
əlamətləri və xəstəliklərə qarşı qabaqlayıcı,
profilaktik tədbirlərlə yanaşı, müasir dövrdə gənclərin
həyat tərzini nəzərə alaraq sağlam həyat tərzi, zərərli
vərdişlər və onların insan orqanizmi üçün yarada
biləcəyi təhlükələr haqqında da məlumatların verilməsi
məqsədəuyğun hesab edilmişdir.
Uzun illər orduda xidmət etmiş bir zabit kimi deyə
bilərəm ki, GÇH fənnini normal mənimsəmiş gənclər
hərbi xidmətə daha asan uyğunlaşır və nümunəvi
xidməti ilə digər hərbi qulluqçulardan seçilirlər.
Deyilənlərdən bu nəticəyə gəlmək olur ki, GÇH fənninin
tədrisi zəruridir və günümüzün əsas tələblərindən
biridir. |