Bəzən sinifdə qavrama problemi yaşayan şagirdlər olur.
Təəssüf ki, müəllim və ailələr tərəfindən belə uşaqların
zəka geriliyi olduğu düşünülür və hər kəs onlardan əlini
üzür. Belə uşaqlar ardıcıllıq və sadalamalarda çətinlik
çəkir, bənzər hərf və ədədləri qarışdırırlar. Bu gün
cəmiyyətimizdə bütün bu simptomların daşıyıcısı olan
uşaqların zəka geriliyindən əziyyət çəkdiyi qəbul
olunub. Əslində isə dil sistemi ilə bağlı olan həmin
problem "disleksiya"dır (öyrənmə çətinliyi) və zəka
geriliyi ilə əlaqəsi yoxdur. Əksinə, belə uşaqlar üstün
zəkalı, bir qismi isə gələcək dahilərdir. Dislektik
uşaqlar normal insanın xəyal gücünün ən az iki qatına
sahibdirlər. Buna baxmayaraq, onlar dinləmə, danışma,
oxu və müzakirədə çətinlik çəkir, özlərini ifadə edə
bilmirlər. Ən böyük "düşmənləri" isə kitablardır.
Disleksiya ilə bağlı ilk tapıntılar 1896-cı ildə ingilis
həkimi V.P.Morqanın 14 yaşlı oğlanı müşahidə etməsi
nəticəsində ortaya çıxmışdır. Məlum olmuşdur ki, bu
vəziyyət əsasən oğlan uşaqlarında üstünlük təşkil edir.
Bir çox elm və mədəniyyət dahiləri dislektik olmuş,
öyrənmə çətinliyi yaşamışlar. Bu vəziyyət bizi düşünməyə
vadar edir. Onların bir neçəsini öz xatirələri ilə
nümunə göstərmək istərdim:
Albert Eynşteyn:
"Müəllimlərim asosyal olduğumu və ölənədək boş
xəyalların arxasınca gedəcəyimi deyirdilər".
Uinston Çörçil:
"Məktəb illərində özümü olduqca bezgin və cəsarətini
itirmiş hiss edərdim. Özünü tamamilə sinifdən təcrid
olunmuş və ya yarışın sonunda hiss etmək ağır idi".
Aqata Kristi:
"Ailədəki ən passiv fərd olduğumu düşünürdüm. Təəssüf
ki, olduqca haqlıydım. Yazmaq və hecalamaq mənim üçün
kabus, tələffüzüm də fəlakət dərəcədə pis idi".
Bu gün dünyanın bir çox ölkələrində disleksiya
dərnəkləri fəaliyyət göstərir. Bu dərnəklərdə çalışan
təcrübəli pedaqoqlar tərəfindən dislektik uşaqlara dəqiq
diaqnoz qoyulur və həm müəllimlər, həm də valideynlər
bilgiləndirilir. Nəticədə dislektik uşaqlara fərdi
yanaşılır, düzgün təlim metodları seçilir və onlar
həyata qazandırılır.
Mən sinfində disleksiyalı şagirdi olan bir sinif
müəllimiyəm. Və bu vəziyyətin fərqinə vardığım üçün həm
özümü, həm şagirdimi şanslı hesab edirəm.
Əziz müəllimlər və ailələr, biz disleksiyanın fərqinə
vararaq gələcək dahiləri kəşf edə, istedadları üzə
çıxara bilərik. Onlar həyəcanlı və narahatdır. Onlara
inanın, qaranlıq kimi görünən yolda əllərindən tutun,
bələdçilik edin. Və əmin olun ki, sonda onlara inanmaqda
haqlı olduğunuzu görəcəksiniz.
Ülkər MƏMMƏDOVA,
Şərur rayonu, müəllim |