Naxçıvan
Dövlət Universitetində dördüncü çağırış Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin on birinci sessiyasının
müzakirəsinə həsr olunmuş yığıncaq keçirilib. Tədbiri
giriş sözü ilə rektor, AMEA-nın müxbir üzvü Saleh
Məhərrəmov açaraq iyulun 21-də keçirilən sessiyada
müzakirə edilən məsələlər barədə ətraflı məlumat verib.
Qeyd olunub ki, 2015-ci ilin birinci yarımili ali məktəb
üçün də uğurlu nəticələrlə əlamətdar olub. Muxtar
respublika rəhbərinin xüsusi diqqət və qayğısı ilə
universitetin maddi-texniki bazası gücləndirilib,
universitet xəstəxanasının və Baytarlıq təbabəti
ixtisasının yeni binaları istifadəyə verilib.
İqtisadiyyat fakültəsi və rektorluğun fəaliyyət
göstərməsi üçün yeni binaların tikintisi nəzərdə tutulub.
Azərbaycan ali məktəbləri içərisində ən irihəcmli layihə
olan və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA)
ilə birgə həyata keçirilən "Naxçıvan Dövlət
Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal
multimedia infrastrukturunun yaradılması" layihəsinin
tamamlanması bütövlükdə Azərbaycan ali təhsil tarixində
əlamətdar hadisədir.
Qeyd olunub ki, dünya təhsil sisteminə inteqrasiyaya,
təcrübə mübadiləsinə, beynəlxalq əlaqələrin inkişafına
xüsusi önəm verən universitetdə dünyanın 80-dən çox
tanınmış universiteti ilə əməkdaşlıq əlaqələri qurulub.
Burada 360 xarici ölkə vətəndaşı ali təhsil alır.
Universitetdə TEMPUS, HUMERİA, "Mövlana" proqramları
çərçivəsində tələbə mobilliyi istiqamətində mühüm
nailiyyətlər əldə olunub. Tələbə mübadiləsi nəticəsində
universitetin onlarla tələbəsi öz təhsillərini qardaş
Türkiyə Cümhuriyyətinin müxtəlif ali məktəblərində,
Rusiyada, Gürcüstanda, Cənubi Koreyada, Rumıniyada,
Çexiyada davam etdiriblər. Naxçıvan Dövlət Universiteti
mübadilə yolu ilə gələn xarici tələbələrə də uğurla ev
sahibliyi edir. Düşünülmüş dövlət siyasəti nəticəsində
Naxçıvan Dövlət Universitetinin geniş internet məkanına
çevrilməsi, "Elektron universitet" layihəsinin uğurla
gerçəkləşdirilməsi, imtahanların elektron test üsulu ilə
şəffaf və obyektiv keçirilməsi qazanılan
nailiyyətlərdəndir. 9 nəfər AMEA-nın həqiqi üzvü, 5
nəfər AMEA-nın müxbir üzvü, 38 elmlər doktoru, 179
fəlsəfə doktoru, 28 professor, 111 dosentin çalışdığı,
5000-dən artıq tələbənin təhsil aldığı bu ali məktəb
fəaliyyətini günün tələbləri səviyyəsində qurmaq üçün
ölkədə aparılan təhsil islahatlarından faydalanır.
Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin on birinci sessiyası muxtar respublikanın
hərtərəfli inkişafının real inikası olmaqla yanaşı,
yüksək ixtisaslı kadr hazırlığı, tədrisin müasir
standartlar səviyyəsində qurulması, yeni
texnologiyalardan və müasir təlim üsullarından istifadə
etməklə tədrisdə keyfiyyət dəyişikliklərinə nail
olunması istiqamətində qarşıya mühüm vəzifələr qoymuşdur.
Yığıncaqda
universitetin mühasibat uçotu və maliyyə kafedrasının
dosenti, iqtisadiyyat üzrə fəlsəfə doktoru Mehriban
İmanova "2015-ci ilin 6 ayında Naxçıvan Muxtar
Respublikasının iqtisadi inkişafına dair", həmin
kafedranın müdiri, iqtisadiyyat üzrə fəlsəfə doktoru,
dosent Mehdi Bağırov "2014-cü il Naxçıvan Muxtar
Respublikası büdcəsinin yerinə yetirilmə vəziyyəti"
barədə məruzələr ediblər.
Rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov yığıncağa
yekun vuraraq dördüncü çağırış Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin on birinci sessiyasından
irəli gələn vəzifələrin yerinə yetirilməsində ali məktəb
kollektivinə uğurlar arzu edib.
Mehriban SULTAN |