Sual: Əlavə təhsil nədir və hansı
növləri var?
Cavab:
"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun
1.0.17-ci maddəsinə əsasən əlavə təhsil - vətəndaşların
hərtərəfli təhsil tələbatını ödəmək məqsədi ilə əlavə
təhsil proqramları əsasında verilən təhsildir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
06.09.2010-cu il tarixli 163 nömrəli qərarı ilə təsdiq
edilmiş "Əlavə təhsilin məzmunu, təşkili və əlavə
təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə
müvafiq sənədin verilməsi Qaydası"na görə əlavə təhsil
ixtisasartırma, kadrların yenidən hazırlanması,
stajkeçmə və kadrların təkmilləşdirilməsi, təkrar ali
təhsil və orta ixtisas təhsili, dərəcələrin
yüksəldilməsi və yaşlıların təhsili istiqamətlərini
əhatə edir.
İxtisasartırma təhsilinin əsas məqsədi hər bir işçinin
və ya mütəxəssisin ixtisası üzrə intellektual və peşə
hazırlığı səviyyəsinin yüksəldilməsini və
təkmilləşdirilməsini, daim dəyişən və yeniləşən əmək
şəraitinə uyğunlaşdırılmasını, ölkənin sosial, iqtisadi,
siyasi və mədəni həyatında fəal və səmərəli iştirakını
təmin etməkdir.
İxtisasartırma təhsilini müvəffəqiyyətlə başa vuran və
müəyyən edilmiş krediti toplayan hər bir dinləyiciyə
mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyələr və özəl
qurumlar tərəfindən vahid formalı sertifikat verilir.
Yenidənhazırlanma təhsili ilkin baza peşə-ixtisas
təhsili almış və müəyyən əmək sahəsində çalışan hər bir
vətəndaşın müvafiq sahə üzrə yeni peşə və ixtisasa
yiyələnmək istəyini həyata keçirən əlavə təhsil
formasıdır və kadrlara olan real tələbatın daha dinamik
və çevik surətdə ödənilməsinə xidmət edir. Bu təhsil
forması ilkin baza təhsili proqramları ilə yenidən əldə
ediləcək ixtisasın baza təhsili proqramı arasındakı
fərqin bir tədris ilinə hesablanmış saatdan çox olmaması
şərtilə mütəxəssislərə verilən əlavə təhsildir.
Yenidənhazırlanma təhsili üzrə proqramları tam
mənimsəyən, dövlət attestasiyasından müvəffəqiyyətlə
keçən hər bir dinləyiciyə tabeliyində dövlət təhsil
müəssisələri olan mərkəzi icra hakimiyyəti orqanı,
bələdiyyə və ya əlavə təhsil müəssisəsi tərəfindən vahid
formada dövlət sənədi - diplom verilir.
Stajkeçmə və kadrların təkmilləşdirilməsi elmi-pedaqoji,
pedaqoji, mühəndis-müəllim kadrları, sənaye, tikinti,
iqtisadiyyat, tibb, kənd təsərrüfatı, bütün növ istehsal
sahələri və s. kateqoriyadan olan kadrlar üçün əlavə
təhsil növüdür. Stajkeçmə və kadrların
təkmilləşdirilməsi təhsili peşəkarlıq səviyyəsinin və
əməyin keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyır,
kadrların peşə bacarıqlarının formalaşdırılması və
inkişaf etdirilməsinə, nəzəri biliklərin təcrübə ilə
əlaqələndirilməsinə, daha müasir peşə bacarıq və
vərdişlərinin qazanılmasına, yeni texnologiyalar və
innovasiyalar sisteminin tətbiqi üzrə təcrübə əldə
edilməsinə xidmət edir. Stajkeçmə və təkmilləşmənin
sonunda stajkeçənə və təkmilləşdirilənə əlavə təhsil
müəssisəsinin müəyyən etdiyi vahid formada sənəd -
stajkeçənə sertifikat, təkmilləşdirilənə arayış verilir.
Təkrar ali təhsil və orta ixtisas təhsili ilkin baza
peşə-ixtisas təhsili proqramı ilə yenidən əldə ediləcək
ixtisasın baza təhsil proqramı arasındakı fərq bir
tədris ilinə hesablanmış saatdan çox olduqda,
mütəxəssislərə verilən əlavə təhsil növüdür. Təkrar ali
təhsil və orta ixtisas təhsili üzrə proqram və tədris
planı əsasında ali (orta ixtisas) təhsilini
müvəffəqiyyətlə başa vuranlara bakalavr (subbakalavr)
dərəcəsi və ali (orta ixtisas) təhsil haqqında diplom
verilir.
Dərəcələrin yüksəldilməsi təhsili orta ixtisas təhsili
müəssisələrini bitirmiş və subbakalavr dərəcəsi almış
kadrların uyğun ixtisaslar üzrə bakalavr səviyyəsinə
hazırlığını nəzərdə tutan təhsil növüdür. Dərəcələrin
yüksəldilməsi təhsili üzrə proqram və tədris planı
əsasında ali təhsilini müvəffəqiyyətlə başa vuranlara
bakalavr dərəcəsi və ali təhsil haqqında vahid formalı
diplom verilir. Bu halda dinləyicinin orta ixtisas
təhsili müəssisəsində topladığı kreditlər və ya tədris
olunan fənlərin saatlarına uyğun kredit ekvivalentləri
tabeliyində dövlət təhsil müəssisələri olan mərkəzi icra
hakimiyyəti orqanı, bələdiyyə və ya əlavə təhsil
müəssisəsi tərəfindən müəyyən edilmiş qaydada nəzərə
alınır.
Yaşlıların təhsili vətəndaşların fasiləsiz olaraq
cəmiyyətdə və iqtisadiyyatda baş verən dəyişikliklərə
uyğunlaşmasını təmin edən əlavə təhsil növüdür. Əlavə
təhsilin bu istiqaməti əməkqabiliyyətli əhalinin böyük
bir hissəsinin əmək bazarında rəqabətqabiliyyətli
olmaları üçün onların yenidən ixtisaslaşması, yeni
şəraitə uyğunlaşdırılması və yeni iş imkanlarının
yaradılması zərurətindən irəli gəlir.
Yaşlıların təhsilinin sonunda mənimsənilmiş proqramın
məzmununa, yeni qazanılan ixtisasa uyğun tabeliyində
dövlət təhsil müəssisələri olan mərkəzi icra hakimiyyəti
orqanı tərəfindən müəyyənləşdirilmiş və möhürlə təsdiq
edilmiş vahid formada sertifikat və ya diplom verilir.
Sual:
"Ən yaxşı müəllim" müsabiqəsində iştirak etmək istəyən
müəllimlərə dair tələblər hansılardır?
Cavab:
Azərbaycan Respublikası Prezidentinin 25.02.2008-ci il
tarixli 714 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Ən yaxşı
müəllim müsabiqəsinin keçirilməsi Qaydaları"na görə
müsabiqədə iştirak etmək istəyən müəllimlər aşağıdakı
şərtlərə cavab verməlidirlər:
1. azı beş il pedaqoji iş stajına malik olması;
2. ixtisasartırma kurslarını keçməsi, pilot və digər
inkişafyönümlü layihələr çərçivəsində öyrədici
treninqlərdə iştirakına dair, habelə yeni təlim
texnologiyalarının tətbiqi ilə bağlı müvafiq sənəd
alması;
3. təcrübə mübadiləsi məqsədi ilə digər ölkələrdə təşkil
edilmiş müvafiq kursda (kurslarda) iştirak etməsi;
4. dərs demək, məşğələ aparmaq üçün ixtisasartırma
tədbirlərinə, seminar və treninqlərə cəlb edilməsi;
5. pedaqoji mühazirələrdə, elmi-təcrübi konfranslarda
məruzələrlə çıxış etməsi, əvvəlki illərdə Azərbaycan
Respublikasının Təhsil Nazirliyi tərəfindən elan olunmuş
"İlin ən yaxşı müəllimi" müsabiqəsinin respublika
mərhələsində mükafata layiq yer (yerlər) tutması;
6. mətbuatda metodiki məqalələrlə çıxış etməsi, tədris
vəsaitlərinin müəllifi olması;
7. tədris etdiyi ixtisas üzrə şagirdlərinin ali
məktəblərə qəbul imtahanlarında uğurlu nəticələr
qazanması, fənn olimpiadalarının, müsabiqə, sərgi və
yarışların yekun mərhələsində mükafata layiq yerlər
tutması;
8. "Baş müəllim", yaxud "Metodist müəllim" adını alması,
dövlət təltiflərinə ("Şöhrət" ordeni, "Tərəqqi" medalı,
"Əməkdar müəllim" fəxri adı və s.) layiq görülməsi,
Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən
"Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunması;
9. Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiya
qərarları və Azərbaycan Respublikası təhsil nazirinin
əmrlərində, yerli təhsil orqanlarının müvafiq
sənədlərində səmərəli fəaliyyəti barədə məlumatların
olması, qabaqcıl təcrübəsinin müxtəlif səviyyələrdə
öyrənilib yayılması barədə Azərbaycan Respublikasının
Təhsil Nazirliyi tərəfindən qərar qəbul edilməsi;
10. informasiya və kommunikasiya texnologiyalarından
istifadə bacarıqlarına malik olması;
11. ictimai birliklər, fondlar, yerli və beynəlxalq
qeyri-hökumət təşkilatları, valideyn-məktəb
assosiasiyaları və digər qurumlar tərəfindən aparılan
sorğularda həmin müəllim haqqında müsbət mülahizə və
rəylərin irəli sürülməsi və müəllimin müsabiqədə
iştirakı üçün əhəmiyyətli olan digər zəruri
göstəricilər.
Sual: "Ən yaxşı ümumi təhsil
müəssisəsi" müsabiqəsində iştirak etmək istəyən
məktəblərə dair tələblər hansılardır?
Cavab:
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25
fevral tarixli 714 nömrəli Fərmanı ilə təsdiq edilmiş
"Ən yaxşı ümumi təhsil müəssisəsi müsabiqəsinin
keçirilməsi Qaydaları və ümumi təhsil müəssisələrinə
verilmiş mükafatın istifadə istiqamətləri"nə əsasən
müsabiqədə iştirak etmək istəyən ümumtəhsil məktəbləri
aşağıdakı şərtlərə cavab verməlidirlər:
1. son üç ildə məzunlarının ali məktəblərə qəbul
faizinin yüksək olması;
2. son üç ildə ali məktəblərə qəbul imtahanlarında
məzunlarının yüksək bal toplaması;
3. müasir təlim texnologiyalarının tətbiqi üzrə
layihələrdə, habelə digər inkişafyönümlü innovativ
təhsil proqramlarında iştirakı;
4. respublika və beynəlxalq səviyyəli olimpiada,
müsabiqə və yarışlarda şagirdlərinin mükafata layiq
yerlər tutması;
5. ali təhsilli müəllimlərinin faizinin yüksək olması;
6. ümumtəhsil məktəbinin fənn müəllimləri ilə tam
komplektləşdirilməsi, müəllim-şagird nisbətinin
səviyyəsinin aşağı olmaması;
7. təhsil və əmək qanunvericiliyinin, təhlükəsizlik və
sanitar tələblərin pozulması hallarına yol verilməməsi;
8. ictimai birliklər, fondlar, yerli və beynəlxalq
qeyri-hökumət təşkilatları, valideyn-məktəb
assosiasiyaları və digər qurumlar tərəfindən, o cümlədən
təhsilalanlar arasında aparılan sorğularda ümumi təhsil
müəssisəsi haqqında müsbət mülahizə və rəylərin irəli
sürülməsi və məktəbin müsabiqədə iştirakı üçün
əhəmiyyətli olan digər zəruri göstəricilər.
Sual: Ümumi təhsil müəssisələrinin
əmlakı özəlləşdirilə və ya icarəyə verilə bilərmi?
Cavab:
"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun
37.6-cı maddəsinə görə dövlət mülkiyyətində olan təhsil
müəssisəsinin (məktəbəqədər təhsil müəssisələri istisna
olunmaqla) özəlləşdirilməsi qadağandır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il
13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş
"Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nin 10.13-cü
bəndinə görə ümumtəhsil məktəbinin əmlakı özəlləşdirilə
və icarəyə verilə bilməz.
Eyni zamanda Azərbaycan Respublikası Nazirlər
Kabinetinin "Təhsil müəssisəsinin əlavə gəlir əldə etmək
məqsədi ilə məşğul olmasına yol verilən sahibkarlıq
fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında" 2010-cu
il 19 yanvar tarixli 10 nömrəli qərarı ilə müəyyən
edilmiş təhsil müəssisələrinin əlavə gəlir əldə etmək
məqsədi ilə məşğul olmasına yol verilən sahibkarlıq
fəaliyyəti növləri sırasında təhsil müəssisələrinin
əmlakının icarəyə verilməsi nəzərdə tutulmamışdır.
Hüquqi ekspertiza və lisenziyalaşdırma şöbəsi
|