Cəmilə
Əsgərzadənin 15 yaşı var. 2009-cu ildə Bülbül adına Orta
İxtisas Musiqi Məktəbinin V sinfinə, orkestr şöbəsinə
daxil olub. Skripka ixtisası üzrə professor, əməkdar
müəllim Fatimə İdyatulinanın sinfində təhsil alır. Bir
çox müsabiqə və festivalların laureatıdır. 2013-cü
ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının
90 illiyi münasibətilə ümumtəhsil və orta ixtisas
təhsili müəssisələrinin şagird və tələbələri arasında
keçirilmiş gənc ifaçıların II Respublika müsabiqəsinin
laureatı adına və I dərəcəli diploma layiq görülüb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə
"İstedadlı Uşaqlar Festivalı-2013" layihəsi çərçivəsində
qazandığı uğurlara görə diplomla təltif olunub. Həmin
il V.Spivakov Fondunun təşkil etdiyi "Moskva dostları
qarşılayır" festivalında uğurlu çıxışı olub. 2014-cü
ildə isə festivalın yubiley konsertinə dəvət alaraq
ölkəmizi yüksək səviyyədə təmsil edib və Moskva
Konservatoriyasının professoru İ.Boçkovadan ustad
dərsləri alıb. Gənc istedad 2014-cü ilin aprelində isə
Fransada keçirilən gənc ifaçıların XXV "Flame"
beynəlxalq müsabiqəsində iştirak edərək I yerə layiq
görülüb. Həmin ildə "İlin gənc musiqiçisi" adını
qazanıb. Noyabr-dekabr aylarında İsveçrədə beynəlxalq
gənc solistlər orkestrində ölkəmizi təmsil edib.
Orkestrlə birgə o, İsveçrədə, Honkonq və Sinqapurda
çoxsaylı konsertlər verib.
Dəfələrlə Q.Qarayev adına Dövlət Kamera Orkestri ilə
konsert proqramında çıxışlar edən gənc skripkaçı
diplom və fəxri fərmanlarla mükafatlandırılıb.
Fəxarət hissi keçirən Cəmilə Əsgərzadənin adı 2015-ci
ilin iyulunda Azərbaycan Respublikası Prezidentinin
müvafiq sərəncamı ilə Azərbaycanın gənc istedadlarının
"Qızıl kitabı"na yazılıb və o, xüsusi aylıq təqaüdə
layiq görülüb.
Mükafata görə ölkə başçısına və müəllimlərinə
minnətdarlığını bildirən gənc istedad gələcəkdə daha
böyük uğurlara imza atacağına söz verib.
Cəmiləni hələ çox sınaqlar, müsabiqələr gözləyir.
İnanırıq ki, istedadı və uğurları ilə bizi və
sənətsevərləri sevindirəcək.
Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi" |