Son
5 ayda Bakı, Sumqayıt, Mingəçevir şəhərlərini və Şəmkir,
Qəbələ, Ucar, Biləsuvar, Samux, Qax, Zaqatala, Oğuz,
Ağsu, Tovuz rayonlarını əhatə edən 151 təhsil müəssisəsi
Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) qoşulub.
"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə
Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı
"Fəaliyyət Planı"na uyğun olaraq həyata keçirilən bu
işlər ölkədə tədris prosesinin daha effektiv qurulmasına
şərait yaratmaqla yanaşı, məsafədən asılı olmayaraq
təhsildə müsbət təcrübənin ötürülməsini təmin edir.
Bu günədək ATŞ-yə 1971 təhsil müəssisəsi qoşulub.
Şəbəkəyə qoşulmuş təhsil müəssisələri yüksək
sürətli internetlə təmin olunub, onların şəbəkə
daxilində bir-biriləri və Təhsil Nazirliyinin
qurumları ilə əlaqələndirilməsi təmin edilib.
Artıq ucqar yaşayış məntəqələrindəki məktəblərin müəllim
və şagirdləri də şəbəkə vasitəsilə elektron resurslardan
istifadə imkanı qazanıblar. ATŞ-də istifadə edilən "Websens"
proqramının internet filtrasiya sistemi vasitəsilə
məktəblilər üçün zərərli hesab edilən veb-saytlara giriş
məhdudlaşdırılıb.
Eyni zamanda 2015-ci ilin mart-iyul ayları ərzində
təhsil müəssisələrinin İKT avadanlıqları ilə təmin
edilməsi məqsədi ilə ölkə üzrə 1800 ədəd stolüstü
kompüter, 806 ədəd noutbuk, 245 ədəd proyektor və 111
ədəd interaktiv elektron lövhələr paylanılıb. Yeni
avadanlıqlar informasiya-kommunikasiya texnologiyaları
sahəsində savadlılığının artırılması üzrə keçirilən
təlimlərdə yüksək nəticə göstərmiş pedaqoji və inzibati
idarə heyətinin üzvlərinə verilir. |