Ötən həftə M.V.Lomonosov adına Moskva
Dövlət Universitetinin Bakı filialının təşkilatçılığı
ilə keçirilən Beynəlxalq Kimya Olimpiadası ölkəmizin
təhsil və elm həyatında uğurlu hadisəyə çevrildi.
Yüksək səviyyəli elm müsabiqəsinə ev sahibliyi edən
Azərbaycan həm də bu cür tədbirlərin çox gözəl
təşkilatçısı olduğunu dünyanın 75-dən artıq ölkəsindən
gəlmiş qonaqlara bir daha sübut etdi. Çox diqqətəlayiq
haldır ki, şagirdlərimiz bu olimpiadada da fərqlənə
bildilər, gənc kimyaçılarımız qaliblər arasında öz
layiqli yerlərini tutdular. Azərbaycan komandasının
üzvlərindən akademik Zərifə Əliyeva adına liseyin builki
məzunu Sergey Styopin və "İstək" liseyinin 10-cu sinif
şagirdi Hüseyn Babayev bürünc medala yiyələndilər. Bu
günlərdə təhsil sistemimizin bu layiqli yetirmələri ilə
əlaqə saxlayıb bilik yarışması barədə təəssüratlarını
bizimlə bölüşmələrini xahiş etdik.
"Gələcək həyatımı elmə həsr etmək istəyirəm"
Sergey
Styopin Bakı şəhərində müəllim ailəsində anadan olub.
Uşaq vaxtlarından elmlərə böyük maraq göstərib. Bundan
əlavə, idmanın müxtəlif növləri ilə (üzgüçülük, şahmat,
boks ) məşğul olub. 2012-ci ildə akademik Zərifə
Əliyeva adına liseyin IX sinfinə qəbul olunub. 2015-ci
ildə liseyi bitirib.
Sergey Styopinin dediklərindən:
- 2014-cü ildə Beynəlxalq Mendeleyev Olimpiadasına
hazırlıq üzrə Azərbaycan komandasına daxil olduqdan
sonra kimya elminə marağım daha da artdı.
O zamana qədər mən olimpiadalara hazırlaşmırdım və
yaxşı nəticələrim yox idi. Lakin son bir il ərzində
yüksək səviyyəli kimya olimpiadalarına çox ciddi surətdə
hazırlaşmağa başladım. Ötən dərs ilinin
başlanğıcından bəri 47-ci Beynəlxalq Kimya
Olimpiadasına hazırlıq çərçivəsində çoxsaylı olimpiada
tapşırıqlarını həll etdim, hər gün bir neçə saatımı
kimyaya ayırdım. Uğur qazanmağımda valideynlərimin,
eləcə də Bakı Dövlət Universitetinin müəllimi, kimya
üzrə fəlsəfə doktoru, dosent Xəmməd Əsədovun, MDU-nun
tələbəsi Milana Ağayevanın xüsusi əməyini qeyd etmək
istərdim. Eləcə də oxuduğum liseyin direktoru
M.Vəliyevaya, sinif rəhbərim, Azərbaycan
Respublikasının əməkdar müəllimi Aygün Əzizovaya
göstərdikləri dəstəyə görə ayrıca minnətdarlıqlarımı
çatdırmaq istəyirəm.
Olimpiada barədə təəssüratlarım böyükdür. Biz dəniz
kənarında çox gözəl "Krezent Biç" otelində yaşayır,
hər gün şəhərimizin tarixi yerlərinə baş çəkir və
müxtəlif tədbirlərdə iştirak edirdik. İmtahan
turlarının təşkili çox gözəl səviyyədə idi. Biz ən
müasir avadanlıqlarla işləyirdik. Böyük kimya elminin
imkanlarını qiymətləndirmək üçün bizə çox maraqlı
tapşırıqlar təklif olunmuşdu. Burada, əlbəttə ki,
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, onun
əməkdaşlarının, ilk növbədə isə Bakı filialının rektoru,
47-ci Beynəlxalq Kimya Olimpiadasının prezidenti Nərgiz
Paşayevanın xüsusu rolu qeyd edilməlidir. Məhz
rektor Nərgiz Paşayeva bu olimpiadanın uğurlu keçməsi
üçün çox işlər görmüşdür. Beynəlxalq Kimya
Olimpiadasının Rəhbər Komitəsinin sədri, professor
Dukvan Li də Bakda təşkil olunan tədbiri indiyə kimi
iştirak etdiyi ən yaxşı olimpiada kimi qiymətləndirdi.
Gələcək planlarıma gəldikdə deməliyəm ki, mən MDU-nun
Bakı filialının kimya fakültəsinə daxil olmuşam. Bir
ildən sonra təhsilimi Moskvada davam etdirəcəyimə ümid
edirəm. Gələcək həyatımı elmə həsr etmək istəyirəm. Öz
vətənimin dünya ölkələri arasında daha da şöhrət
qazanmasına və kimyanın böyük elm olduğunu sübut
etməyə çalışacağam.
"Azərbaycan bayrağının daim yüksək zirvədə olması üçün
əlimdən gələni edəcəyəm"
Hüseyn
Babayev 2000-ci il martın 11-də Şirvan şəhərində anadan
olub. 2005-ci ildə Şirvan şəhər E.İmanov adına 10
nömrəli tam orta məktəbin I sinfinə gedib. 2011-ci ildə
Şirvan Özəl Türk Liseyinə qəbul olunub. Liseydə oxuduğu
illərdən kimya elminə böyük marağı olduğuna görə
olimpiadalara hazırlaşmağa başlayıb. 2014-cü ildə
Nigeriyada keçirilən Beynəlxalq Elm Olimpiadasında qızıl
medala layiq görülüb. Elə həmin ildə Argentinanın
Mendoza şəhərində keçirilən Yeniyetmələrin Beynəlxalq
Elm Olimpiadasında uğurla iştirak edib. 2015-ci ildə
Respublika Fənn Olimpiadasında kimya fənni üzrə qızıl
medala layiq görülüb.
Hüseyn Babayev 47-ci Beynəlxalq Kimya
Olimpiadası barədə təəssüratlarını belə bölüşdü:
- Olimpiadaya seçim 4 mərhələdən ibarət idi. Bu
mərhələlərdən keçmək üçün çox çalışmaq lazım gəlirdi.
Buna baxmayaraq, mərhələləri müvəffəqiyyətlə keçdim. Son
üç ayda hazırlıqlar yüksək səviyyədə keçdi. Belə ki,
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin
müəllim heyəti olimpiada hazırlıqlarında bizə böyük
köməklik göstərdilər.
Beynəlxalq Kimya Olimpiadasında ABŞ, Çin, Böyük
Britaniya, Rusiya, Almaniya, Argentina, Koreya, Türkiyə,
Sinqapur, İsveç, İran, İtaliya, Yaponiya, İndoneziya və
s. olmaqla ümumilikdə 75 ölkədən 300 gənc kimyaçı
iştirak edirdi. Olimpiada yüksək səviyyədə təşkil
olunmuşdu. İmtahanlar nəzəri və təcrübi turlardan ibarət
idi. Hər tur 5 saat davam edirdi. Medala layiq
görüldüyüm üçün sevinirəm. Komanda rəhbərimiz və fənn
müəllimimiz Mehman Bunyatov, "İstək" liseyində olimpiada
koordinatorumuz Anar Fərmanov olimpiada ərzində bizə
hərtərəfli dəstək oldular.
Bu böyük tədbirin Azərbaycanda keçirilməsində MDU-nun
Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü,
filologiya elmləri doktoru, professor Nərgiz
Paşayevanın zəhmətini ən yüksək dəyərlərlə
qiymətləndirirəm. Bu cür tədbirlərin Azərbaycanda
keçirilməsi gələcəkdə ölkəmizin elm potensiallı bir
dövlət kimi tanınmasına kömək edəcək. Qarşıdan gələn
olimpiadalarda daha yaxşı nəticələr əldə etmək üçün
çalışacağam və Azərbaycan bayrağının daim uca
zirvələrdə olması üçün əlimdən gələni edəcəyəm.
Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi" |