Səbail
Rayon İcra Hakimiyyəti və DİN Daxili Qoşunlar
Komandanlığının artıq 10-cu dəfə həyata keçirdiyi birgə
layihəsi və "İstək" liseyinin iştirakı ilə paytaxtın
"Sahil" bağında "Şahinlər" yay istirahət düşərgəsinə
yeniyetmələrin yolasalınma mərasimi keçirilib. Quba
şəhərinin mənzərəli yerində yaradılmış
hərbi-vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsinə
rayonun Qarabağ müharibəsi əlilləri və veteranlarının,
aztəminatlı və imkansız ailələrin uşaqları, təhsildə və
idmanda fərqlənən şagirdlər, həmçinin "SOS-Azərbaycan"
uşaq kəndində tərbiyə alan, ümumilikdə 200 yeniyetmə
yola salınıb.
Tədbirdə istirahətə göndərilən uşaqlar və onların
valideynlərinə istirahətin təşkili, daxili qaydalar,
keçiriləcək tədbirlər barədə ətraflı məlumat verilib.
Bildirilib ki, düşərgədə uşaqların təlim-tərbiyə işləri
ilə rayonun ümumtəhsil məktəblərində çalışan fiziki
tərbiyə müəllimləri və gənclərin çağırışaqədərki
hazırlığı rəhbərləri və düşərgəyə təhkim olunmuş Daxili
Qoşunların zabitləri, çavuş və əsgərlərindən ibarət
qrup məşğul olacaq.
Tədbirdə Daxili Qoşunlar Baş İdarəsi Mənəvi-Psixoloji
Hazırlıq şöbəsinin rəisi, polkovnik Mətləb Qənbərov
çıxış edərək uşaqların mənalı və yaddaqalan istirahəti
üçün görülən işlərdən bəhs edib və uşaqlara xoş
istirahət arzulayıb. Sonra Daxili Qoşunların
Orkestrinin marş sədaları altında yeniyetmələr
valideynləri ilə sağollaşıb avtobuslara əyləşib və
Qubaya yola düşüblər.
Yola düşməzdən öncə uşaqlar ulu öndər Heydər Əliyevin
abidəsini ziyarət edərək önünə çiçək dəstələri
düzüblər. |