Avqustun
20-də Rusiyanın Bakıdakı səfirliyində Rusiya ali
məktəblərinə daxil olmuş bir qrup azərbaycanlı tələbə və
onların valideynləri ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Rusiya Federasiyasının
Azərbaycandakı səfiri Vladimir Doroxin tədbirdə çıxış
edib. O, qonaqları salamlayaraq deyib ki, hazırda
Rusiyanın ali məktəblərində on üç min azərbaycanlı gənc
təhsil alır. Rusiya xaricdə azərbaycanlı mütəxəssislər
hazırlayan aparıcı mərkəzlərdən biridir. Bütün
çətinliklərə baxmayaraq Rusiya məktəbi təhsil sahəsində
yüksək standartları və layiqli beynəlxalq nüfuzunu
qoruyub saxlayır.
Səfir deyib ki, cari ildə Azərbaycandan 141 abituriyent
Rusiya ali məktəblərinə daxil olub.
Azərbaycanlı tələbələrin seçdikləri ali məktəblərin
coğrafiyası çox genişdir - Moskva, Sankt-Peterburq,
Həştərxan, Volqoqrad, Krasnodar, Perm, Rostov-Don,
Ryazan, Samara və bir sıra başqa şəhərlər. Rusiyada
oxuyan 13 min azərbaycanlı tələbənin bir qismi Rusiya
Federasiyasının büdcəsi hesabına Dövlət Təqaüdü Proqramı
çərçivəsində təhsil alır.
Sonda V.Doroxin gələcək tələbələrə təhsildə uğurlar
arzulayıb.
"Azərbaycanın Rusiya (sovet) Ali Məktəblərinin Məzunları
Assosiasiyası" ictimai birliyinin sədri Üzeyir Əliyev
tələbələrə müraciətlə rus dilini, Rusiya tarixini və
mədəniyyətini dərindən öyrənməyi tövsiyə edib. Üzeyir
Əliyev hər il Moskvada, Rusiya Xalqlar Dostluğu
Universitetində bu ölkədə təhsilini başa vuran əcnəbi
tələbələrin forumu keçirilməsini vurğulayaraq qeyd edib
ki, səfirliyin bugünkü qonaqlarını həmin tədbirdə
görməyə şad olar.
İvanovka
kəndindəki Heydər Əliyev adına orta məktəbin müəllimi
Natalya Uryupina görüşdə çıxış edərək bu il ali
məktəblərə daxil olmuş gənclərin hamısını təbrik edib və
onlara təhsildə uğurlar arzulayıb.
Bu il Moskva Ədliyyə İnstitutuna qəbul olunmuş Maral
Məmmədova tələbələr adından görüş iştirakçılarına
müraciət edib. O, Rusiya büdcəsi hesabına ali təhsil
almaq, təhsil illərində Rusiyanı daha yaxşı tanımaq
imkanına görə Rusiya Federasiyasının hökumətinə,
Azərbaycandakı Rusiya diplomatlarına təşəkkürünü
bildirib.
Görüş məxsusi olaraq tələbələr üçün hazırlanmış bədii
proqramla başa çatıb. |