Rəşid
Behbudov 2000-ci ildə Bakıda anadan olub. 2006-cı
ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin
fortepiano şöbəsinə daxil olub. Hazırda həmin məktəbin
X sinfində - tanınmış pedaqoq, Bakı Musiqi
Akademiyasının müəllimi Nülufər Tabasaranskayanın
sinfində təhsil alır. Musiqi məktəbində oxuduğu
illərdə Rəşid bir çox uğurlara imza atıb. 2013-cü ildə
keçirilən ümummilli lider Heydər Əliyevin anadan
olmasının 90 illiyinə həsr olunmuş gənc ifaçıların II
Respublika müsabiqəsində diplomla təltif olunub.
2013-cü ildə İSESCO-nun və Gənclər və İdman
Nazirliyinin dəstəyi, Bakı Musiqi Akademiyasının
iştirakı və Kainat Gənclər Mərkəzinin təşkilatçılığı ilə
keçirilən İslam dünyasının gənc klassik musiqi
ifaçılarının II Beynəlxalq müsabiqəsində Rəşidin
çıxışı I dərəcəli diploma layiq görülüb. Həmin il
Tbilisi şəhərində gənc pianoçuların VI Beynəlxalq
müsabiqəsində Rəşid Behbudov uğurla çıxış edərək III
dərəcəli diploma sahib olub. Rəşid məşhur pedaqoq,
pianoçu və ictimai xadim H.Neyqauzun anadan olmasının
125 illik yubileyinə həsr olunmuş gənc pianoçuların
ümumşəhər festivalında böyük bacarıq və istedad nümayiş
etdirdiyinə görə diplomla mükafatlandırılıb.
O, daim öz üzərində çalışır, müxtəlif konsertlərdə,
tədbirlərdə zəngin proqramla çıxış edir. Bu ilin
mayında M.Maqomayev adına Dövlət Filarmoniyasında
keçirilən konsertdə xalq artisti Teymur Göyçayevin
rəhbərlik etdiyi Dövlət Kamera Orkestri ilə F.Şopenin 1
saylı Konsertini böyük həvəslə ifa edərək
tamaşaçıların ürəyini fəth edib. On beş yaşı olan bu
istedadlı yeniyetmənin hələ çox uğurları barədə
eşidəcək və sevinəcəyik.
Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi" |