AĞSU. Rayonun təhsil işçilərinin sentyabrın 2-də baş
tutan konfransında öncə ölkədə həyata keçirilən təhsil
islahatlarının gedişindən, dövlətimizin təhsilə
göstərdiyi diqqət və qayğıdan söz açılmışdır. Hesabat
məruzəsi ilə çıxış edən rayon təhsil şöbəsinin müdiri
Tahir Xası bildirmişdir ki, 2014-2015-ci dərs ili bir
sıra tədbirlərin həyata keçirilməsi ilə yaddaqalan
olmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin
19 yanvar 2015-ci il tarixli Sərəncamı ilə "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"nın həyata keçirilməsi ilə bağlı
Fəaliyyət Planı təsdiq edilmiş və icrasına
başlanılmışdır.
Qeyd olunub ki, artıq ibtidai təhsil səviyyəsində və
ümumtəhsil səviyyəsinin V-VII siniflərində yeni fənn
proqramlarının (kurikulumların) tətbiqi başa çatmış,
VIII siniflərdə yeni fənn proqramlarının
(kurikulumların) tətbiqinə hazırlıq görülmüş və əldə
edilən nəticələrin təhlili əsasında aparılacaq işlərin
istiqamətləri müəyyənləşdirilmişdir. 2014-2015-ci dərs
ilində rayonda 68 ümumtəhsil məktəbi, o cümlədən 35 tam
orta, 16 ümumi orta, 17 ibtidai məktəb fəaliyyət
göstərmiş, 8433 şagird təhsilə cəlb olunmuşdur. Onların
təlim-tərbiyəsi ilə 1066 müəllim məşğul olmuşdur. 23
nəfər məktəbyaşlı sağlamlıq imkanı məhdud uşaq evdə
fərdi təhsilə cəlb olunmuşdur.
İcbari təhsilin yerinə yetirilməsində, şagird
kontingentinin sabit saxlanılmasında nöqsanların və həll
olunmamış problemlərin hələ də qalmaqda olduğunu diqqətə
çatdıran məruzəçi onların aradan qaldırılmasında
məktəblərin, ictimaiyyətin, yerli idarəetmə
orqanlarının, bələdiyyələrin köməyinə ciddi ehtiyac hiss
etdiklərini bildirmişdir. Qeyd etmişdir ki, yeni dərs
ilində məktəb rəhbərləri ictimaiyyətlə, aidiyyəti
qurumlarla yaxından əlaqə saxlamalı, onların köməyi ilə
mövcud problemlərin həllini, şagirdlərin lüzumsuz
yerdəyişməsinin qarşısının alınmasını, təlim-tərbiyə
işlərinin keyfiyyətinin yaxşılaşdırılmasını başlıca
vəzifələri hesab etməlidirlər.
Tahir Xası məruzəsində qeyd etmişdir ki, 2014-2015-ci
dərs ilində rayon üzrə 803 nəfər IX sinif şagirdi ümumi
orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında iştirak
etmiş, onlardan 393 nəfəri (48.9 %-i) hər iki fəndən
müsbət qiymət almışdır. Tam orta təhsil səviyyəsi üzrə
isə 537 nəfər XI sinif şagirdi buraxılış imtahanında
iştirak etmiş, onlardan 256 nəfəri (47.7 %) hər iki
fəndən müsbət qiymət almışdır.
Bu sahədə vəziyyətin, xüsusən də XI sinif şagirdlərinin
nəticələrinin heç də qənaətbəxş olmadığını bildirən
məruzəçi dərs ili ərzində aparılan monitorinqlər zamanı
da şagirdlərin bilik səviyyəsinin aşağı omasının aşkar
edildiyini, bunu aradan qaldırmaq üçün müəllimlərə,
məktəb rəhbərlərinə müvafiq tövsiyələr verildiyini
söyləmişdir.
Konfransda rayon üzrə bu il ali məktəblərə qəbulun
nəticələri də təhlil olunmuş və əvvəlki illərlə
müqayisələr aparılmışdır. Qeyd olunmuşdur ki, 2009-cu
ildən bəri ali məktəbə qəbul olan abituriyentlərin
sayında hər il artım müşahidə olunur. Bu say 29 nəfərdən
102 nəfərə çatmışdır. Həmçinin 500-dən, o cümlədən
600-dən çox bal toplayıb ali məktəblərə qəbul olanların
da sayında artım vardır.
Məruzədə rayonda məktəb tikintisi ilə bağlı vəziyyətə
də toxunulmuş və qeyd olunmuşdur ki, 2005-2014-cü illər
ərzində rayonda 4478 yerlik 24 məktəb binası,
ümumtəhsil məktəbi yanında 260 nəfərlik 13 əlavə sinif
otağı tikilib istifadəyə verilmişdir. 3 tam orta, 4
ümumi orta məktəb əsaslı təmir olunmuşdur.
Təhsil innovasiyalarını, müasir təhsilin prioritet
istiqamətlərini və mahiyyətini hərtərəfli mənimsəyən,
müasir təlim strategiyalarını və qiymətləndirmə
mexanizmlərini uğurla tətbiq edən müəllimlərin sayının
rayonda ildən-ilə artdığı qeyd edilərək rayon
məktəblərinin pedaqoji kadrlarla təminatında bəzi
problemlərin olduğu bildirilmişdir. Qeyd edilmişdir
ki, keçən dərs ilində 14 məktəbdə ixtisaslı pedaqoji
kadr olmadığı üçün xarici dil tədris olunmamışdır. Ötən
dərs ilində 41 vakant yerə 21 nəfər, bu dərs ilində 53
vakant yerə 26 nəfər müəllim göndərilmişdir ki, bu da
tələbatı tam ödəmir. Ona görə də bu çətinliyi aradan
qaldırmaq üçün mövcud normativ sənədlərin tələblərini
pozmadan yaxın qonşu məktəblərin pedaqoji kadrlarından
istifadə olunması nəzərdə tutulmuşdur.
|