Təhsil Nazirliyi tərəfindən tədris müəssisələrinin
Azərbaycan Təhsil Şəbəkəsinə qoşulması və avadanlıqlarla
təchizatı üzrə işlər davam etdirilir.
"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə
Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı
Fəaliyyət Planına uyğun olaraq, 2015-ci ilin avqust ayı
ərzində Bakı, Sumqayıt, Gəncə şəhərlərini, Tovuz, Bərdə,
İsmayıllı və Gədəbəy rayonlarını əhatə edən 41 təhsil
müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) qoşulub.
Bu günədək ATŞ-ə qoşulmuş 2000 təhsil müəssisəsi yüksək
sürətli internetlə təmin olunub. Həmin təhsil
müəssisələri bir-biri və Təhsil Nazirliyinin digər
qurumları ilə keyfiyyətli kommunikasiya qurmaq imkanı
qazanıblar.
Qeyd edək ki, ATŞ ölkədə tədris prosesini daha effektiv
qurmağa zəmin yaratmaqla yanaşı, məsafədən asılı
olmayaraq, təhsildə müsbət təcrübənin ötürülməsini də
təmin edir. Artıq ucqar yaşayış məntəqələrindəki
məktəblərin müəllim və şagirdləri də ATŞ vasitəsilə
elektron resurslardan istifadə edərək biliklərini artıra
bilirlər. Eyni zamanda, ATŞ-də istifadə edilən "Websens"
proqramının internet filtr sistemi vasitəsilə
məktəblilər üçün zərərli hesab edilən vebsaytlara giriş
məhdudlaşdırılıb.
Eyni zamanda, təhsil müəssisələrinin İKT avadanlıqları
ilə təmin olunması məqsədilə əlavə olaraq, ölkə üzrə
1200 ədəd Monoblok Lenovo stolüstü kompüteri paylanılıb.
Həmin kompüterlər informasiya-kommunikasiya
texnologiyaları sahəsində savadlılığın artırılması üzrə
keçirilən təlimlərin qiymətləndirilməsində yüksək nəticə
göstərmiş pedaqoji və inzibati idarəetmə heyətinin
üzvlərinə verilib. |