Naxçıvan
Dövlət Universitetində yeni tədris ilinə hazırlığın
vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı tədbir
keçirilib. Tədbiri universitetin rektoru, AMEA-nın
müxbir üzvü Saleh Məhərrəmov açaraq kollektivi qarşıdan
gələn yeni tədris ili münasibətilə təbrik edib, uğurlar
arzu edib. Rektor bildirib ki, ötən tədris ili ali
məktəb üçün elm, tədris, beynəlxalq əlaqələrin inkişafı
sahəsində bir sıra uğurlarla əlamətdar olub. Az qala
yarım əsrlik bir tarixə malik, çoxillik ənənələrə
söykənən ali təhsil ocağı bu gün müasir dünya təhsil
sisteminin tələbləri səviyyəsində inamla inkişaf edir.
Universitetin maddi-texniki bazasının gücləndirilməsinə
bilavasitə dövlət qayğısının nəticəsidir ki, ötən tədris
ilində müasir avadanlıqlarla təchiz olunmuş yeni tədris
laboratoriyaları, fənn kabinetləri müəllim və
tələbələrin ixtiyarına verilib. Universitet xəstəxanası
və "baytarlıq təbabəti" ixtisası üçün yeni binaların
istifadəyə verilməsi müvafiq ixtisasların əyani şəkildə,
daha mükəmməl öyrədilməsinə xidmət edir. Ali təhsil
ocağı müasir informasiya-kommunikasiya vasitələrinin
tətbiqi, elektron universitet, imtahanların elektron
test üsulu ilə şəffaf və obyektiv keçirilməsi
istiqamətində əhəmiyyətli uğurlara imza atıb. Dünya
təhsil sisteminə inteqrasiya, təcrübə mübadiləsi,
beynəlxalq əlaqələrin inkişafı istiqamətində görülən
işlərə gəldikdə, 80-dən çox tanınmış dünya universiteti
ilə əməkdaşlıq edən bu ali məktəb TEMPUS proqramı
çərçivəsində həyata keçirilən müxtəlif layihələrin
iştirakçısıdır. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA)
ilə birgə hazırlanan "Naxçıvan Dövlət Universiteti üçün
elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia
infrastrukturunun yaradılması" layihəsinin 2015-ci ildə
uğurla tamamlanması Azərbaycan ali təhsil tarixində
mühüm hadisədir. Tələbə mobilliyi sahəsində də uğurlu
addımlar atılıb. Belə ki, TEMPUS, HUMERİA, "Mövlana"
proqramları çərçivəsində universitetin onlarla tələbəsi
öz təhsillərini qardaş Türkiyə Cümhuriyyətinin müxtəlif
ali məktəblərində, Rusiyada, Gürcüstanda, Cənubi
Koreyada, Rumıniyada, Çexiyada davam etdiriblər.
Naxçıvan Dövlət Universiteti mübadilə yolu ilə gələn
xarici tələbələrə də uğurla ev sahibliyi edir.
Doktorantura pilləsində universitetdə təhsil alan
tələbələr sırasında Slovakiya və Polşa vətəndaşları da
var. Rektor yeni tədris ilində tədrisin keyfiyyətinin,
nizam-intizamın artırılması, tələbələrin təhsilə,
ictimai işlərə fəal cəlb olunması ilə bağlı qarşıda
duran vəzifələrdən danışıb, bir sıra tapşırıqlar verib.
NDU-nun tədris işləri üzrə prorektoru, filologiya
elmləri üzrə fəlsəfə doktoru, dosent Surə Seyid
universitetin 2015-2016-cı tədris ilinə mühüm
nailiyyətlərlə qədəm qoyacağını vurğulayıb. Bolonya
siteminin, distant təhsilin, tədris sahəsində bir sıra
yeniliklərin tətbiqindən danışan prorektor bildirib ki,
"Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil
şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun
yaradılması" layihəsi ali məktəbin idarəetmə sisteminin
müasir texnologiyalar vasitəsilə təkmilləşdirilməsi,
tələbələrə onlayn təhsil xidməti göstərən elektron
təhsil şəbəkəsinin yaradılması, yüksək keyfiyyətli
təhsil üçün universitetin müasir
informasiya-kommunikasiya texnologiyaları ilə təmin
olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Tədris
işləri üzrə prorektor universitetin professor-müəllim
və tələbə kontingenti haqqında məlumatların, tədrisə aid
bütün sənədləşmə işləri və elektron imzaların
hazırlanması, müəllimlərin mühazirələrinin video və
slayd şəklində universitetin internet portalındakı "Elektron
mühazirə" bölməsinə yerləşdirilməsi, arxivləşmə işi ilə
bağlı məlumat verib, görüləcək işlərdən bəhs edib.
Mehriban SULTAN |