Son vaxtlar təhsilimizdəki yeni təlim texnologiyalarının
və kurikulumun tələblərinə cavab verən meyarları
pedaqoji fəaliyyətimdə geniş tətbiq etməyə çalışıram.
Deyə bilərəm ki, fənlərin məzmununun şəxsiyyətyönümlülük
prinsipi əsasında hazırlanması şagirdlərdə təhsilə
marağı artırır və onların potensial imkanlarına inam
hissini gücləndirir.
Vətənpərvərlik tərbiyəsi ilk növbədə şagirdlərə vətənə
sevgi və məhəbbət hissini, öz xalqının, vətəninin
müdafiəsinə hər an qalxmağa hazır olmağı aşılamaq
deməkdir. Bunun üçün əvvəlcə uşaqlara qəhrəmanları
tanıtmaq lazımdır. Mən şagirdlərə qəhrəmanların keçdiyi
döyüş yolu haqqında ətraflı məlumat verir, onlarla bağlı
vəsait və materiallardan geniş istifadə edirəm.
Vətənpərvərlik tərbiyəsində qəhrəmanlar ilə görüşlərin
keçirilməsi də çox vacibdir. Qəhrəmanlarla canlı
ünsiyyət, onların maraqlı söhbətləri şagirdlərdə vətənə
sevgi və məhəbbət hissini daha da möhkəmləndirir.
Şagirdlərin ifasında döyüş səhnəciklərinin göstərilməsi
də onlarda vətənpərvərlik hissi aşılayır. Şagirdlər
həmin səhnəciklərdə özlərini əsl qəhrəman kimi hiss
edirlər. Heç şübhəsiz, bu hiss uzun müddət, bəlkə də
bütün ömürləri boyu onları tərk etməyəcək.
İnteqrasiya təhsil islahatının əsas prinsiplərindən
biridir və biliklərin möhkəmləndirilməsinə yaxşı şərait
yaratdığı üçün dərs prosesində onun reallaşmasına xüsusi
fikir verirəm. Vətənpərvərlik və qəhrəmanlıq mövzularını
tədris edərkən yeri gəldikcə hərbi mahnılardan və
marşlardan da istifadə edirəm.
Ötən dərs ilində Xocalı faciəsinə həsr olunmuş tədbir
keçirdik. Həmin tədbirdə Vətənimizin qəhrəman oğlu,
Xocalı aeroportunun rəisi Əlif Hacıyevin və onun döyüş
dostlarının qəhrəmanlıqları barədə şagirdlərə ətraflı
danışdım. Dedim ki, xalqımızın bu qeyrətli övladları
vətənimizin azadlığını, şərəf və ləyaqətini hər şeydən
uca tutaraq təpədən dırnağadək silahlanmış düşmənlə
qeyri-bərabər döyüşdə həlak olublar. Şəhidlik zirvəsinə
yüksələn bu qəhrəmanların döyüş yolu böyüməkdə olan gənc
nəslin vətənpərvərlik tərbiyəsi üçün əsl nümunədir. Biz
müəllimlər təlim-tərbiyə prosesində bu nümunədən fəal
şəkildə istifadə etməliyik. Uzun illər xalqımızın
apardığı milli azadlıq mübarizəsi, ötən əsrin 90-cı
illərində başımıza gətirilən müsibətlər,
Ermənistan-Azərbaycan və Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı üzləşdiyimiz ikili standartlar barədə dərs dediyim
ibtidai sinif şagirdlərinə onların başa düşəcəyi tərzdə
ətraflı məlumat verirəm.
Gələcəyimiz olan uşaqlara şəhidlərimizin döyüş yolundan
misallar gətirir, onların körpə ürəklərində
vətənpərvərlik hissini alovlandırmağa çalışıram.
Hər il fevralın 26-da Xocalı faciəsi, yanvarın 20-də
isə 20 Yanvar qırğını ilə bağlı dərs dediyim şagirdlərlə
birlikdə Şəhidlər xiyabanına gedir, şəhidlərimizin
qəbirləri üstünə tər çiçəklər qoyur, onların ruhlarını
böyük ehtiramla yad edirik. Bütün bunlar şagirdlərin
ürəyində möhkəm iz salır, onların doğma Azərbaycana
məhəbbət hissini qat-qat artırır.
Gülşən SƏFƏROVA,
Bakı şəhəri, Şəfiqə Əfəndizadə adına
13 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi |