Bakının
Yasamal rayonundakı 53 nömrəli tam orta məktəbdə Bilik
günü münasibətilə təntənəli tədbir keçirilib.
Məktəbin direktoru Firəngiz Həsənova tədbirə toplaşan
şagirdləri, onların valideynlərini, müəllimləri yeni
tədris ili münasibətilə təbrik edib. F.Həsənova
Prezident İlham Əliyevin təhsilə qayğısından, son illər
orta məktəblərdə görülən uğurlu işlərdən bəhs edib.
Bildirilib ki, hazırda məktəbdə 2000-dən artıq şagird
təhsil alır. Sevindirici haldır ki, bu il birinci
sinifdə təhsil alacaq şagirdlərin sayı 250-yə çatıb.
Ötən illərlə müqayisədə bu böyük göstəricidir. Məktəb
əsaslı təmir olunub, bütün sinif otaqları, fənn
kabinetləri, şahmat və musiqi otaqları lazımi
avadanlıqla təchiz edilib.
Direktor qeyd edib ki, 2015-ci ildə məktəbi bitirən 117
məzundan 70-i ali məktəblərə daxil olub. Onlardan 8
nəfəri 500, 6 nəfəri isə 600-dən artıq bal toplayıb.
İmtahanlarda yüksək nəticələrinə görə 3 məzun Prezident
təqaüdünə layiq görülüb.
Tədbirdə iştirak edən qonaqların, müəllimlərin
çıxışlarından sonra ilk dəfə məktəb pillələrinə qədəm
qoyan şagirdlər şeirlər söyləyiblər.
Bilik gününə həsr olunmuş tədbir ilk zəngin sədaları ilə
başa çatıb.
Əlvan CƏFƏRLİ |