Azərbaycanın
təhsil naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə Təhsil
Nazirliyinin və ölkəmizin 11 ali dövlət təhsil
müəssisəsinin məsul şəxslərindən ibarət nümayəndə heyəti
İtaliyada səfərdə olub. Səfərin məqsədi
Azərbaycan-İtaliya Universitetlərarası Forumunda təhsil
sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını
müzakirə etməkdir.
M.Cabbarov forumdan əvvəl "Milan Expo 2015" Ümumdünya
sərgisindəki Azərbaycan pavilyonunda İtaliyada təhsil
alan azərbaycanlı tələbələrlə görüşüb. Söhbət zamanı bu
ölkədə tələbələrimizin təhsili və yaşayışı ilə bağlı
aktual məsələlər müzakirə olunub. Təhsil naziri
tələbələrimizin oxuduqları xarici ali məktəblərdə
Azərbaycanı layiqincə təmsil etmələrinin, ölkəmizlə
bağlı həqiqətlərin italiyalılara çatdırılmasında fəal
olmalarının vacibliyini vurğulayıb.
Daha sonra Təhsil Nazirliyinin dəstəyi ilə
Azərbaycan-İtaliya Universitetlərarası Forumu işə
başlayıb.
Tədbirdə Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov,
hər iki ölkənin təhsil nazirliklərinin və ali təhsil
müəssisələrinin nümayəndələri iştirak ediblər. Forumun
məqsədi Azərbaycan və İtaliya ali təhsil müəssisələri
arasında mövcud əlaqələri genişləndirmək, yeni əlaqələr
qurmaq, aktual mövzuları müzakirə etmək, təcrübə
mübadiləsi və birgə proqramlar həyata keçirmək
imkanlarını dəyərləndirmək olub.
Tədbiri
açan təhsil naziri M.Cabbarov forumun təşkilində
göstərdiyi dəstəyə görə İtaliyanın Təhsil,
Universitetlər və Tədqiqatlar Nazirliyinə
minnətdarlığını bildirib. Azərbaycanın hələ qədim
dövrlərdən bilik və yaradıcılıq mərkəzlərindən olduğunu
diqqətə çatdıran nazir ölkəmizin dünyanın təhsil,
ədəbiyyat, incəsənət aləminə verdiyi mühüm töhfələrdən
danışıb.
M.Cabbarov Azərbaycanda davamlı sosial-iqtisadi
inkişafın, əhalinin həyat səviyyəsinin yüksəldilməsinin
prioritet olduğunu bildirib. Vurğulayıb ki, bu
istiqamətlər Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq
etdiyi "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf
Konsepsiyasında öz əksini tapıb. Azərbaycanın
müstəqilliyinin bərpasından sonra əsas inkişaf
mərhələlərindən danışan nazir dövlət quruculuğu,
ictimai-siyasi sabitlik, yoxsulluğun azaldılması və
digər istiqamətlərdə yüksək nəticələrin əldə olunduğunu
qeyd edib.
Nazir ölkəmizdə insan kapitalının zənginləşdirilməsi
istiqamətində təhsil sisteminin önəmindən danışıb.
Vurğulayıb ki, bu sahənin inkişafında önəmli addımlardan
biri 2013-cü ilin oktyabrında qəbul olunmuş "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"dır. Təhsilin bütün pillələrində
genişmiqyaslı, eyni zamanda, düşünülmüş islahatlar
həyata keçirilir. Ali təhsil sahəsində önəmli
istiqamətlərdən biri Azərbaycanda ali təhsil
müəssisələrinin Bolonya prosesi çərçivəsində fəaliyyət
göstərməsi, universitetlərdə yeni maliyyələşmə və
idarəetmə sisteminin qurulmasıdır. Bu inkişaf
istiqamətləri təhsil sahəsində beynəlxalq əlaqələrimizin
genişlənməsini zəruri edir.
M.Cabbarov
bildirib ki, Azərbaycan gənclərinin xarici ölkələrdə
təhsil almasına dair dövlət proqramları çərçivəsində 3
min 500-dən artıq tələbə dünyanın aparıcı ali təhsil
müəssisələrində təhsil almaq imkanı əldə edib. Bununla
yanaşı, Azərbaycanın ali təhsil müəssisələrinə müxtəlif
ölkələrin universitetlərindən, akademiyalarından
tanınmış professorların, tədqiqatçıların dəvət olunması
da nəzərdə tutulub. Bu, ölkəmizin təhsil sisteminin
inkişafını təmin edəcək və rəqabətqabiliyyətliliyini
artıracaq. Azərbaycan və İtaliyanın ali təhsil
müəssisələri arasında müxtəlif istiqamətlərdə geniş
əməkdaşlıq əlaqələri qurulub. İtaliyanın bir sıra
universitetlərində azərbaycanşünaslıq kafedraları,
ölkəmizlə bağlı tədqiqat mərkəzləri fəaliyyət göstərir.
Eyni zamanda, Azərbaycanda bir sıra Avropa ali təhsil
institutları ilə birgə proqramlar icra olunur.
İtaliyanın Təhsil, Universitetlər və Tədqiqatlar
Nazirliyinin ali təhsilin beynəlmiləlləşdirilməsi
departamentinin müdiri Federiko Cinquepalmi çıxış edərək
ölkələrimiz arasında universitetlərarası əməkdaşlığın
genişləndirilməsindən danışıb. Bildirib ki, İtaliya
müvafiq istiqamətdə Azərbaycan ilə əlaqələrin
genişlənməsinə böyük əhəmiyyət verir. Bu baxımdan,
universitetlərimiz arasındakı mövcud münasibətlərə
xüsusi diqqət yetirilməlidir. Təhsil nazirliklərimiz
birgə layihələr və tədbirlər həyata keçirməklə bir sıra
uğurlar əldə edə bilərlər. Bundan sonra da oxşar və
qədim mədəniyyətlərə malik ölkələrimiz arasında bütün
istiqamətlərdə, o cümlədən təhsil sahəsində
əməkdaşlığımızın genişləndirilməsi üçün bir sıra
tədbirlərin reallaşdırılması vacibdir.
Daha
sonra "Tələbə mobilliyi və ikitərəfli əməkdaşlıq"
mövzusunda birinci panel iclas işə başlayıb. İclasda
çıxış edən Bakı Dövlət Universitetinin rektoru Abel
Məhərrəmov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin rektoru Fərəh Əliyeva, Romada fəaliyyət
göstərən "Link Campus" Universitetinin prezidenti
Vinçenzo Skotti, La Sapienza Universitetinin
vitse-rektoru Antonello Biacini tələbə mübadiləsi,
ölkələrimizin ali təhsil müəssisələri arasında
əlaqələrin genişləndirilməsi və yeni birgə layihələrin
icrası kimi məsələlərə toxunublar.
"Universitetlər arasında əməkdaşlığın gücləndirilməsində
ikili diplom proqramlarının rolu" mövzusundakı ikinci
panel iclasda isə Azərbaycan Dövlət İqtisad
Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan
Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə
Məmmədova, Roma Tre Universitetinin rektoru Mario
Panizza, Brescia Universitetinin prorektoru Maurizio
Memo bu cür tədbirlərin hər iki ölkənin təhsil sistemi
ilə qarşılıqlı tanış olmaq və təcrübə mübadiləsi aparmaq
baxımından önəmini vurğulayıblar.
Tədbir müzakirələrlə davam etdirilib.
Daha sonra "Milan Expo 2015" Ümumdünya sərgisindəki
Azərbaycan pavilyonuna baxış olub. Bildirilib ki,
"Biomüxtəlifliyin xəzinəsi" adlanan pavilyon vasitəsilə
sərginin ziyarətçiləri Azərbaycanın qədim tarixi, zəngin
mədəni irsi, iqtisadi-mədəni potensialı ilə tanış olmaq
imkanı əldə edirlər.
Maqsud DADAŞOV,
AZƏRTAC-ın xüsusi müxbiri
Milan |