Niyazi RƏHİMOV,
"Azərbaycan müəllimi"
n.rahimov@muallim.edu.az
Artıq
xeyli müddətdir ki, qəzetimizin səhifələrində
təhsilimizin müxtəlif problemləri ilə bağlı araşdırma
yazıları dərc olunur. Bu dəfə uzun illərdən bəri ölkə
ictimaiyyətini, valideynləri, ziyalıları narahat edən
bir məsələni - təhsilimizin əsas siması olan
müəllimlərimizin geyimləri ilə bağlı problemləri
araşdırmağı, təcrübəlı təhsil işçiləri, mütəxəssis və
ekspertlərlə birgə müzakirə etməyi qərara aldıq.
Araşdırmalarımıza ilk olaraq paytaxtın bir neçə orta
ümumtəhsil məktəbindən başladıq. Qocaman müəllimlərlə,
valideynlərlə, müəssisə rəhbərləri ilə söhbətləşdik.
Əlbəttə, apardığımız çoxsaylı müzakirələrdən məlum oldu
ki, müəllimlərin geyimi bəzi müəssisələrdə qaneedici
olsa da, çoxsaylı məktəblərimizdə müəllimə, çalışdıqları
təhsil ocağına yaraşmayan geyim tərzi nümayiş etdirənlər
də az deyildir. Mütəxəssislərlə söhbətlərimizdə o da
vurğulandı ki, müəllimlərin qeyri-düzgün geyim forması
müəllim nüfuzuna, şagirdlərin tərbiyəsinə, tədrisin
keyfiyyətinə ciddi təsir göstərən əsas amillərdən
biridir. Söhbətlərimizdən məlum oldu ki, bu problem
valideynləri də narahat edir. Övladlarının təhsilini,
tərbiyəsini etibar etdikləri şəxslərin açıq-saçıq
geyimləri, həddən ziyadə taxdıqları zinyət əşyaları,
istifadə etdikləri parlaq və şit boyalı bəzəklər,
kosmetikalar bəzən bu müqəddəs peşə sahiblərinə olan
inamın azalmasına gətirib çıxarır. Bu kimi hallardan
narahatlıq hissi keçirən valideynlər də düşünürlər ki,
belə vəziyyət övladlarına mənfi təsir edir, təhsil
prosesi zamanı onların fikrini yayındırır. Bundan başqa,
şagirdlər arasında həmin müəllimlər müzakirə obyektinə
çevrilir, bəziləri həmin müəllimləri hətta özlərinə
örnək götürürlər. Məsələnin digər tərəfi isə belə
müəllimlərin həmkarlarına da mənfi təsir göstərməsidir.
Həmişə aktuallığını saxlayan bu məsələyə yanaşma təhsil
ictimaiyyəti arasında birmənalı deyil. Bəziləri bunu
müasir dövrlə əlaqələndirib normal hesab etsə də, bir
çoxları isə müəllimlər üçün standart geyim forması
olmasının tərəfdarıdır. Yeri gəlmişkən qeyd edək ki,
artıq paytaxtın bir neçə orta ümumtəhsil məktəblərində
bu kimi halların qarşısının alınması məqsədilə
müəllimlərin vahid geyim forması tətbiq edilir. Bundan
başqa, araşdırmalarımız nəticəsində məlum oldu ki,
dünyanın müxtəlif ölkələrində də müəllimlər üçün vahid
geyim formalarından istifadə olunur.
Nəzərinizə çatdıraq ki, bu məsələ Təhsil Nazirliyinin də
diqqət mərkəzindədir. Ötən il nazirlik tərəfindən qəbul
edilmiş "Müəllimlərin etik davranış qaydaları"nda da
müəllimin geyimi ilə bağlı məsələlər öz əksini tapıb.
Məsələnin aktuallığını və ictimaiyyətin narahatlığını
nəzərə alıb, mövzu ilə bağlı bir sıra təhsil
mütəxəssisinin fikirlərini nəzərinizə çatdırırıq.
Əjdər
AĞAYEV,
pedaqoji elmlər doktoru, professor
Orta əsrlərdən başlayaraq, inkişaf edən ölkələrdə, dini
və dünyəvi məktəblərdə məktəbli (öyrənən) və müəllim
(öyrədən) geyiminin gündəlik, iş, şadlıq, toy,
bal-maskarad geyimlərindən fərqli olması diqqətdə
dayanmış və reallaşdırılmışdır.
Geyimə verilən tələblərdə əsas şərt odur ki, geyim
şəxsin öyrənən və ya öyrədən olduğunu bildirsin. Geyim
ala-bəzək, gözqamaşdıran olmasın, bədəni, hərəkət
üzvlərini sıxmasın, canın havadan qidalanmasını
məhdudlaşdırmasın.
XIX əsrin sonları və XX əsrin əvvəllərində hər ictimai
zümrənin öz geyim tərzi meydana çıxmışdır. Biz bunu
Üzeyir Hacıbəylinin əsəri əsasında lentə alınmış "O
olmasın, bu olsun" filmində də görürük. Jurnalistin,
hüquqşünasın, qoçunun, tələbənin və s. hər birinin öz
geyimi vardır. Lakin sovet dövründə bu yanaşma
ictimaiyyət arasında məhdudlaşmış, yalnız peşə
sahələrində qalmışdır.
Məktəbli geyim forması tərbiyəvi mahiyyətdə olduğundan,
qorunub saxlanılmışdır. Amma iqtisadi çətinliklər
ucbatından müəllimlər üçün məxsusi geyim forması tələb
edilməmişdir. Tələb edilən bu olmuşdur ki, müəllimlər
səliqəli geyinməli, görünüşcə, davranışca nümunəvi
olmalıdırlar.
Düşünürəm ki, hazırda Azərbaycan Respublikası təhsil
nazirinin 16 may 2014-cü il tarixli, 600 nömrəli əmri
ilə təsdiq edilmiş "Müəllimlərin etik davranış
qaydaları" dönmədən yerinə yetirilərsə, normallıq təmin
edilə bilər. "Qaydalar"da müəllimin necə geyinməsi
tələbləri də öz əksini tapır. Göstərilir ki, müəllim
səmimi, çalışqan, intizamlı, təşəbbüskar olmalı, xarici
görkəminə, geyiminə xüsusi fikir verməli, hər zaman
səliqəli olmalıdır.
"Xarici görkəminə fikir vermək" o deməkdir ki, kişi
müəllimin üzü həmişə təraşlı (tüksüz, saqqalsız), saçı (varsa)
daraqlı və səliqəli (çiyninə tökülmüş vəziyyətdə, yaxud
uzadılıb düyünlənmiş və s. yox), qadın müəllimin isə üzü
təbii görkəmində (ifrat pudralanmış, maskalanmış, gözü
rənglənmiş, kiprikləri oxlanmış və s. yox) olmalıdır.
"Geyiminə xüsusi vermək" odur ki, kişi müəllim səliqəli,
saya köynək geyməli (şit rəngli, əndazəsiz, üzərində
yazılar olan köynək yox), qalstuk taxmalıdır. Həmçinin
kostyum geyimində də bu tələbi yerinə yetirməlidir.
Qadın müəllim geyimində daha diqqətli olmalıdır. Sinəsi
açıq, hədsiz dərəcədə dar və ya gödək, üzəri şəkilli və
ya yazılı paltar, o cümlədən şalvar geyməməlidir. Etik,
fizioloji ziyandan, ictimai rişxənddən özünü qorumalı,
geyimi ilə də tərbiyəvi örnək təsiri göstərməyə
çalışmalıdır.
Hər bir təhsil ocağı istər öyrənənlərin, istərsə də
öyrədənlərin Təhsil Nazirliyinin "Qaydalar"ına əməl
etməli olduqlarını anladan təsirlərdən istifadə
etməlidir. Bəzi ali məktəblərdə tələbələrin geyim
səliqəsinə və xarici görünüş normallığına əməl
etmədikləri diqqət çəkir. Tələbələrdən bəziləri üzü
tüklü, müxtəlif formada saqqal saxlayaraq, dərsə
gəlirlər. Düşünürəm ki, təhsil ocaqlarında "Qaydalar"ın
tətbiqinin gücləndirilməsi, tələblərin yerinə
yetirilməsinin vərdişə, etik normaya çevrilməsi bəs
edər, məxsusi geyim formasına ehtiyac qalmaz.
Məhəbbət
VƏLİYEVA,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini,
əməkdar müəllim
Günü-gündən müasirləşən və sürətlə inkişaf edən
ölkəmizdə cəmiyyətin ən aparıcı qüvvələrindən biri də
müəllimdir. Müəllim bəşər yarandığı gündən təkcə zəkası,
ağlı ilə deyil, həmçinin mədəniyyəti, mənəviyyatı,
əxlaqı, həyat tərzi və davranışı ilə cəmiyyətin başqa
nümayəndələrindən həm seçilib, həm də nümunə olub.
Əsrlər, qərinələr keçməsinə baxmayaraq bu gün də müəllim
obrazı cəmiyyətdəki missiyasına görə ənənəvi obraz kimi
qəbul edilir. Təbii ki, müasir dövrün öz tələbləri var
və çağdaş insan dövrün tələbləri ilə uyğunlaşmağa
çalışır. Amma mən düşünürəm ki, müəllim obrazında
müasirliklə yanaşı müəyyən ənənələrin qorunub
saxlanılması çox vacibdir. Nəzərə alaq ki, müəllim
bəşər yaranandan bu günə kimi elm, təhsil verməklə
yanaşı, həm də tərbiyəçi olub və olaraq da qalır. Elə
bu səbəbdən başqalarını tərbiyə edən bir şəxs özü ilk
növbədə mükəmməl tərbiyənin, əxlaqın sahibi olmalıdır.
Bu kimi keyfiyyətləri insanda ilk baxışda
müəyyənləşdirmək çox çətindir. Hər bir insan haqqında
ilk təsəvvür yaradan vacib faktorlardan birincisi onun
xarici görünüşü, geyimi ilə müəyyənləşir. Əbəs yerə
deməyiblər ki, geyimə görə qarşılayıb, ağıla görə yola
salırlar. Düşünürəm ki, müəllim bir tərbiyəçi kimi ilk
əvvəl xarici görünüşü ilə öz daxili aləmi, mədəniyyəti
haqqında rəy formalaşdırmaqla yanaşı, eyni zamanda
qarşısındakını da bu yolla tərbiyə edir. Buna görə də
müəllimin geyim tərzi onun üçün həm də bir tərbiyə
vasitəsidir. Bəs gəlin görək, bu məsələ ilə bağlı
vəziyyət necədir? Düşünürəm ki, müəllimləri xarici
görünüşünün təsnifatına görə müxtəlif kateqoriyalara
bölmək olar. Birincisi, elə müəllimlərimiz var ki,
yaşından, sosial durumundan, həyat və peşə təcrübəsindən
asılı olmayaraq onlar istər rəsmi, istərsə də
qeyri-rəsmi şəraitdə, hətta küçədə gedərkən belə müəllim
olduğu müəyyənləşir. Onların sanki çöhrəsindən,
davranışından, danışığından, ədəb-ərkanından və ən
başlıcası görünüşündən ziyalı, müəllim təbəqəsinə aid
olduğu aydın görünür. Təbii ki, bu müəllimlər həmişə
hamı tərəfindən sevilib, cəmiyyətdə böyük nüfuz və
hörmət sahibi olmaqla yanaşı yetirmələri onlara daim
pərəstiş edib, həmin müəllimləri özlərinə kumir
seçiblər. Bu kateqoriyaya aid olan müəllimləri "klassik
müəllim" kimi səciyyələndirmək olar.
İkinci kateqoriya müəllimlər isə "müasir müəllim" ki,
onların bu müasirliyini qələmə verən xarici
görünüşlərində dəblə yanaşı gözəl zövq, müxtəliflik,
cazibədarlıq nümayiş olunur. Gəlin razılaşaq ki, geyimin
münasibliyi və gözəlliyi, müasirliyi yalnız "zövqün
gözəlliyi" anlayışı ilə müəyyənləşmir. Bu məsələ özü-
özlüyündə xüsusi yanaşma tələb edir və düşünürəm ki,
burada zəngin dünya görüşü də rol oynayır. Həmin
müəllimlərə baxdıqda Şərqlə Qərbin, keçmişlə müasirliyin
vəhdətini görmək olur. Məncə, bu müəllimlər də bir
tərbiyəçi kimi şagirdlərdə xüsusi zövq formalaşdırır,
həmçinin, xarici görünüşün insanın həyat və
fəaliyyətində nə qədər önəmli yer tutduğunu öz şəxsi
nümunələrində ifadə edirlər
Üçüncü kateqoriyaya isə, təəssüf ki, elə müəllimlərimiz
daxildir ki, onların xarici görünüşü şagirdlərdə yanlış
təsəvvür, zövqsüzlük tərbiyə edir. Bu müəllimlər
açıq-saçıq, "təhsil və tərbiyə ocağı" adlanan məktəbə
qətiyyən uyğun olmayan geyimləri, aşırı bər-bəzəkləri və
davranışları ilə şagirdlərə yanlış və eyni zamanda mənfi
təsir göstərir. Bununla yanaşı qeyd edim ki, belə
müəllimlər arasında çox səriştəli, peşəsinin vurğunu,
yüksək elmi savada malik müəllimlərə də rast gəlmək olar.
Lakin geyim tərzi və ümumilikdə xarici görünüş hər şey
demək deyilsə də, qeyd etdiyim bir çox faktorları güclü
səciyyələndirir. Bu zaman müəllimin davranışının,
danışığının, jest və mimikasının, maneralarının onun
xarici görünüşü ilə vəhdət təşkil etdiyini unutmaq olmaz.
Lakin bu da ayrı bir müzakirənin mövzusudur. Belə olan
təqdirdə sual oluna bilər: görəsən müəllimlər vahid
forma geysələr yaxşıdır, yoxsa hazırkı vəziyyət? Mən
vahid formanın tərəfdarı deyiləm. Fikrimcə, məktəb elə
bir yaradıcı, canlı orqanizmdir ki, o öz rəngarəngliyi,
müxtəlifliyi ilə seçilməlidir. Lakin bununla yanaşı, mən
məktəbdə müəyyən çərçivənin olmasının tərəfdarıyam.
Məktəbdə çalışanlar yetişməkdə olan yeni nəslin
tərbiyəsi ilə məşğul olduqlarını bir an belə
unutmamalıdırlar. Məhz bu faktor təlim-tərbiyə ocağında
çalışan hər bir insana bu məsələyə çox ciddi yanaşmaq və
xarici görünüşünü düzgün tənzimləmək üçün yetərli əsas
verir. Düşünürəm ki, müəllimin geyim tərzi ilk növbədə
təmiz, səliqəli, ədəbli və rahat olmalıdır. Əminəm ki,
maddi durumundan, sosial vəziyyətindən və digər
amillərdən asılı olmayaraq hər bir müəllim bu tələbləri
ödəyə bilər. Lakin təbii ki, bunlarla yanaşı, yüksək
zövq, eleqantlıq və başqa bu kimi amillər də xarici
görünüşdə öz əksini tapmalıdır. Müəllimlərin görünüşündə
açıq-saçıqlıq, hədsiz rəngarənglik, yersiz makiyaj, uzun
saqqal və sair kimi amillər yolverilməzdir. Nəzərə
çatdırım ki, Azərbaycan Respublikası təhsil nazirinin
16 may 2014-cü il tarixli 600 nömrəli əmri ilə
"Müəllimlərin etik davranış qaydaları" təsdiq olunmuşdur.
Bu və digər məsələlər həmin qaydalarda öz əksini
tapmışdır. Müəllimlərin bu qaydaları oxumaları və
oradakı tələblərə əməl etmələri çox vacibdir.
Müəllimliyin ən şərəfli missiya olduğunu dərk edərək
cəmiyyətdə müəllim nüfuzunu yüksəltmək üçün bu peşənin
sahiblərinə özlərinə qarşı daha tələbkar olmağı tövsiyə
edirəm.
Buludxan
XƏLİLOV,
ADPU-nun filologiya fakültəsinin dekanı, professor
Məktəbdə nizam-intizamın yüksəlməsində, müəllim
obrazının cəmiyyətə təqdim olunmasında, simasının,
görkəminin nümunəyə çevrilməsində geyimin rolunu inkar
etmək olmaz. Müəllimin geyiminin şagirdlərin,
tələbələrin tərbiyəsinə təsiri daha çox vurğulansa da
onun təhsilin keyfiyyətinə mənfi təsirini söyləyənlərin
də fikirlərində həqiqət var. Belə ki, geyim təhsilin
keyfiyyətinə təsir göstərən amillərdən biri ola bilər.
Ümumiyyətlə, müəllimlərin geyimi məsələsi təkcə bizdə
deyil, digər ölkələrdə də müzakirə mövzusudur. Məsələn,
bir neçə il bundan əvvəl bu məsələ qonşu Türkiyə, Rusiya
və digər ölkələrdə müzakirə olunub, lakin öz həllini
tapmayıb.
Mənə elə gəlir ki, müəllimin geyimi ilə bağlı
aşağıdakılara xüsusi diqqət göstərmək lazımdır:
Birincisi, müəllimlərin geyimi sadəliyi, səliqəliliyi,
təmizliyi ilə seçilməlidir. Axı müəllim şagirdin,
tələbənin qarşısında, eləcə də cəmiyyətdə diqqət
mərkəzindədir.
İkincisi, qadın müəllimlər birdəfəlik şalvardan imtina
etməlidirlər. Şalvar qadın müəllimlərin qarderobunda
olan geyim növü deyildir.
Üçüncüsü, qadın müəllimləri qısa yubkalardan,
bər-bəzəkli parçalardan tikilmiş geyimlərdən uzaq
olmalıdırlar. Bəzən bər-bəzəkli parçalardan tikilmiş
geyimlərin üzərindəki parlaq rənglər, müxtəlif rəngarəng
şəkillər müəllim obrazına kölgə salır, nüfuzuna xələl
gətirir.
Dördüncüsü, qeyri-adi saç düzümündə, qır-qızıl,
bər-bəzəklə məktəbə gəlmək, sinfə daxil olmaq təhsilin
keyfiyyətinə mənfi təsir göstərər. Bunlar şagirdlərin
diqqətini yayındırır, müəllimin tərbiyəçi siması kölgədə
qalır.
Beşincisi, kişi müəllimlər kostyum geyinməli, qalstuk
taxmalıdır. Bu, kişi müəllimlərin imici kimi onlara
nüfuz və hörmət gətirir.
Beləliklə, kişi müəllimlər də, qadın müəllimlər də
müəllim adına yaraşan geyim geyməlidir. Bir suala da
cavab axtarmalıyıq. Müəllimlərin vahid forma geymələri
onların sosial statusuna, şagirdlərin isə hisslərinə nə
dərəcədə təsir edə bilər? Tarix boyu əsl müəllimlər
müəllim adına yaraşan geyimlə məktəbə gəliblər.
Şagirdlər isə onları qəbul edib və onlardan öyrəniblər.
Ona görə də müəllim adına yaraşan geyimlə müəllimin
məktəbə gəlməsinin, dərs deməsinin tərəfdarıyam. Ancaq
vahid formanın olması müəllimlər arasındakı silki
fərqlərin aradan qaldırılmasına da müsbət təsir göstərə
bilər. Bundan başqa, müəllimlər vahid geyimdə olsa,
şagirdlər müəllimin biliyinə daha düzgün yanaşar,
onların biliyi daha üstün mövqeyə keçər.
Gülnar
HÜSEYNOVA,
psixoloq
Məlumdur ki, şagirdlər hələ uşaq yaşlarından evdə
valideynlərindən, məktəbdə isə müəllimlərindən istər
davranış, istərsə də geyim baxımından örnəklər alır və
bunu tətbiq etməyə çalışırlar. Bu baxımdan təhsil
ocaqlarında müəllimlərin geyiminə xüsusi diqqət verməsi
vacibdir. Bəs görəsən müasir müəllimin geyimi necə
olmalıdır? Şagirdlər müəllimləri necə görmək istəyir? Bu
çox aktual sualdır və şagirdlərin yüksək səviyyədə
təhsil almaları üçün vacib amildir. Mövzu ilə bağlı
psixoloqlar tərəfindən şagirdlər arasında sorğular
aparılıb. Sorğuda şagirdlərə "Müəllimlərlə ilk görüşdə
siz nəyə çox fikir verirsiz" sualı ünvanlanıb.
Cavablarda ən çox "geyiminə", "saç düzülüşünə",
"xasiyyətinə" öz əksini tapıb. Gördüyünüz kimi,
şagirdlər müəllimin daha çox xarici görünüşünə fikir
verirlər və öz geyimlərində bunu əks etdirməyə
çalışırlar. Bu baxımdan müasir müəllim öyrətməklə
yanaşı, həm də tərbiyəçi funksiyasını daşıyır. Bütün
bunları nəzərə alsaq müəllim öz imicini düzgün
formalaşdırmalı, gələcək nəsillərə nümunə olacaq bir
geyim və davranış nümayiş etdirməlidir. Bundan başqa,
müəllim öz xarici görünüşü ilə öz şəxsiyyətinə, fənninə
və onun incəliklərinə maraq yarada bilər. Əks halda isə
yəni açıq-saçıq geyimlər və cəlbedici aksessuarlarla
şagirdlərin qarşısına çıxarsa onların diqqəti tezliklə
yayınar və dərsə qarşı maraq azalar.
Bundan başqa, müəllim təkcə geyiminə deyil, həmçinin
səliqəyə və təmizliyə də xüsusi fikir verməlidir. Bu
kimi hallar şagird şəxsiyyətinin formalaşmasında çox
mühüm rol oynayır. Onların gələcəkdə bir şəxsiyyət kimi
cəmiyyətdə yer tutmasına müsbət təsir edir.
|