Oktyabrın
14-də Azərbaycan Dillər Universitetində (ADU) Fransanın
Bordo Universitetinin nümayəndə heyəti ilə görüş
keçirildi.
Tədbiri açan universitetin pedaqoji (ingilis
dili-fransız dili) fakültəsinin dekanı, dosent Vəfa
Babayeva qonaqları tələbələrə təqdim edərək onları
ADU-da görməkdən şad olduğunu bildirdi. İki gün bundan
əvvəl Azərbaycan Dillər Universiteti ilə Fransanın Bordo
Universiteti arasında müqavilə imzalandığını xatırladan
Vəfa Babayeva bu müqavilənin tələbələrə geniş imkanlar
yaradacağını və tələbələrin bundan faydalı şəkildə
istifadə edəcəklərinə ümid etdiyini söylədi.
Bordo Universitetinin rektoru Jan Pol Jordan tələbələri
salamlayaraq Bakıda, həmçinin Azərbaycan Dillər
Universitetində olmaqdan məmnunluğunu dilə gətirdi. O,
Azərbaycanın aktiv inkişaf edən ölkələrin sırasında
olduğunu, Fransanın Azərbaycanla iqtisadi, mədəni və
təhsil sahələrində əməkdaşlıq etdiyini vurğuladı.
Frankofoniyanın inkişafında Fransanın aparıcı rolu
olduğunu deyən rektor iki il öncə Fransa hökuməti
tərəfindən ölkəsində ingilis və fransız dillərində
kurslar təşkil olunduğunu, həmin kursların Fransada
təhsil alan xarici tələbələr üçün faydalı olduğunu qeyd
etdi.
Sonra Jan Pol Jordan ADU tələbələrinə təmsil etdiyi
universitet haqqında ümumi məlumat verdi. Rektor Dillər
Universiteti ilə Bordo Universiteti arasında imzalanan
müqavilədə tədris sahəsində akademik əməkdaşlıq, birgə
tədqiqat proqramlarını inkişaf etdirmək, ikitərəfli
konfrans və görüşlər keçirmək, müəllim-tələbə
mübadiləsini reallaşdırmaq və digər məsələlərin nəzərdə
tutulduğunu bildirdi.
Fransanın Bordo Universitetinin beynəlxalq əlaqələr üzrə
prorektoru Ana Mariya Binet çıxışında tolerantlıq və
ölkəni tanıtmaq məqsədi ilə təyin olunmuş mübadilə
proqramlarının vacibliyini diqqətə çatdırdı, Azərbaycan
tələbələrini Bordo Universitetində görməkdən məmnun
olacağını söylədi.
Daha sonra Beynəlxalq Əməkdaşlıq ofisinin rəhbəri İrina
Simion Fransanın Bordo Universiteti haqqında təqdimatla
çıxış etdi.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.
İctimaiyyətlə əlaqələr
Departamenti |