Azərbaycan MEA-nın əməkdaşları, biologiya üzrə
fəlsəfə doktorları A.B.Bayramov, M.M.Məhərrəmov və
A.R.Əliyev tərəfindən yazılmış “Çay sularında üzvi
çirklənmənin bioloji analizinin sadə üsulları” kitabı
“Əcəmi” nəşriyyatında çapdan çıxmışdır. Kitab
universitetlərdə və orta məktəblərdə biologiya fənnini
tədris edən müəllimlər, biologiya ixtisası üzrə təhsil
alan tələbələr və yuxarı sinif şagirdləri üçün nəzərdə
tutulmuşdur.
AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun
direktoru, akademik Tariyel Talıbovun “Ön sözü” kitabın
məqsəd və məzmununa ilk səhifələrdən aydınlıq gətirir.
Burada əsas diqqət müasir dünyada günü-gündən
kəskinləşən içməli su probleminə, şirin su
ehtiyatlarının səmərəli istifadəsi və bu sərvətin
təmizliyinin qorunması məsələlərinə yönəldilmişdir.
Oxucularda maraq doğuraraq yığcam məlumatlar
kitabın “Su! Onun haqqında bildiklərimiz”, “Hidrosfer
haqqında”, “Şirin sular”, “Üzvi çirklənmə və bioloji
özünütəmizləmə prosesləri” və s. başlıqları altında
verilmiş hissələrində öz əksini tapmışdır. Həmin
hissələrdə su molekulunun struktur quruluşu və suyun
sanki diriliyə hesablanmış bir sıra qeyri-adi
fiziki-kimyəvi xassələri sadə cümlələrlə izah olunmuş,
su adlı əvəzsiz sərvətin insan həyatında, təbiətdə və
Yer planetində rolu işıqlandırılmışdır. Su
ekosistemlərində, o cümlədən, içməli suyun başlıca
mənbəyini təşkil edən çaylarda üzvi çirklənmə və bioloji
özünütəmizləmə proseslərinin mexanizmi aydın şərh
edilmişdir. Müəlliflərin səth və yeraltı suların digər
çirklənmə tipləri, onun mənbələri haqqında məlumatları
faydalı hesab edilməlidir.
Bəzən elə olur ki, insanın təsərrüfat fəaliyyəti
nəticəsində çaylar onları qidalandıran sutoplayıcı
hövzədən azot və fosforun ionları ilə zəngin olan üzvi
maddələrlə bu və ya digər dərəcədə çirklənməyə məruz
qalır. Bu zaman çayların dib faunasının növ tərkibində
adekvat dəyişikliklər baş verir. Başqa sözlə, “təmiz
suların” öz faunası, “çirklənmiş suların” isə
dərəcəsindən asılı olaraq özünəməxsus dib faunası
formalaşır. Müasir hidrobiologiyada bu bioloji
qanunauyğunluqdan istifadə edərək biogöstərici dib
orqanizmlərinin vasitəsi ilə sututarların üzvi çirklənmə
səviyyəsi qiymətləndirilir.
Kitabda Naxçıvan Muxtar Respublikasının çayları
üçün daha səciyyəvi olan 39 növ biogöstərici makrobentik
orqanizmin biomorfoloji əlamətlərinin təsviri ilə
birlikdə illüstrativ atlas-təyinedicisi verilmişdir.
Daha sonra kitabda sututarların bioloji analizində
geniş tətbiq tapmış 5 sadə monitorinq üsulunun və hər
bir üsulun tətbiqi zamanı alınan nəticələrin izahına
geniş yer ayrılmış, həmçinin çay sularının keyfiyyət
dərəcələri, ekoloji vəziyyəti və suyun təsərrüfat
təyinatı haqqında məlumatlar öz əksini tapmışdır.
Müəlliflər bioloji analiz üsullarının yalnız
biogen elementlərlə zəngin üzvi maddələrlə
çirkləndirilmiş sututarların ekoloji vəziyyətinin
qiymətləndirilməsi üçün keçərli olduğunu xüsusi qeyd
edirlər. Kitabın sonunda verilmiş izahlı ekoloji
anlayışlar, inanırıq ki, istər şagirdlərin, istərsə də
gələcək bioloqların dünyagörüşünü zənginləşdirən bir
mənbə olacaq.
Bu vəsait müasir gəncliyin bizi əhatə edən
təbiətlə vəhdət yaratmasına, ona doğma münasibət
bəsləməsinə və ətraf mühitin sərbəst öyrənilməsinin sadə
vərdişlərinə yiyələnməsinə xidmət edir.
Arzu MƏMMƏDOV,
biologiya üzrə fəlsəfə doktoru, dosent,
Hüseyn RƏSULZADƏ,
kiçik elmi işçi,
AMEA Naxçıvan Bölməsi
Bioresurslar İnstitutunun əməkdaşları |