Bu günlərdə çapdan çıxmış “Pedaqogika” dərsliyi (R.L.Quseynzade,
T.M.Mamedov. Pedaqoqika. ADPU, 2015.) Azərbaycan ali
məktəblərinin rus qruplarında təhsil alan tələbələr
üçün nəzərdə tutulmuşdur. Qeyd edək ki, indiyə qədər
tələbələr Rusiyanın pedaqogika dərsliklərindən istifadə
edirdilər. İndi isə artıq Azərbaycan nəfəsi duyulan,
Azərbaycan pedaqoji fikrini əks etdirən rus dilində
dərslik tələbə və müəllimlərin ixtiyarına verilmişdir.
Pedaqoji elmlər doktoru, professor Rüfət Hüseynzadə və
dosent Tariyel Məmmədov tərəfindən ADPU-nun
nəşriyyatında nəşr edilən dərsliyin redaktoru professor
Ləzifə Qasımova, rəyçiləri professor Hikmət Əlizadə,
professor Akif Abbasov, professor Məcid İsmixanovdur.
Dərslik pedaqoji təmayüllü ali məktəblərin və müəllim
kadrları hazırlayan fakültələrin bakalavr təhsil pilləsi
üçün nəzərdə tutulmuşdur. Dərslik dörd hissədən
ibarətdir: 1.Pedaqogikanın ümumi əsasları; 2.Təlim və
təhsil (Didaktika); 3.Tərbiyə; 4.Məktəbşünaslıq. Hər
bölmə dolğun, məzmunlu yazılmışdır. Hər mövzunun
əvvəlində plan sonunda ədəbiyyat siyahısı, sual və
tapşırıqlar verilmişdir.
Dərslik yeniliklərlə zəngindir. Burada
təhsilimizin Avropa məkanına inteqrasiyası, Boloniya
prosesinin xüsusiyyətləri, kurikulum haqqında dəyərli
məlumatlar verilir.
Burada verilən yeni pedaqoji texnologiyalar,
innovasiyalar, yeni təlim metodları, fəal və intearktiv
metodlar, habele distant təhsil, virtual təhsil,
konstruktiv təhsil, inklüziv təhsil, sinergetik təhsil,
sinektika və s. bu kimi yeniliklər ilk dəfədir ki, yeni
pedaqogika dərsliyində özünə yer tutmuşdur.
Dərslikdə Azərbaycan pedaqoji fikrinə də xüsusi
yer ayrılmışdır. Azərbaycan təhsil sisteminin quruluşu,
prinsipləri, ulu öndərimiz Heydər Əliyevin diqqət və
qayğısı ilə başlanan təhsil islahatları, möhtərəm
Prezidentimiz İlham Əliyevin təhsil strategiyası
haqqında sərəncamı və bu sənədlərdən irəli gələn
vəzifələr aydın şəkildə göstərilmişdir.
Dərslikdə pedaqoji elmin inkişafı, yetişən gənc
nəslin təlimi və tərbiyəsi haqqında, Azərbaycan
məktəbinin inkişafında görkəmli pedaqoqlarımızın,
tanınmış şəxsiyyətlərin fikirləri, elmi-nəzəri ideyaları
öz əksini tapmışdır. Burada ilk dəfədir ki, qədim
məktəblərin yaranma tarixinə pedaqoji ekskursiya
edilmiş, Yunanıstanda yaranması qəbul edilən məktəb -
“ŞKOLA” anlayışına yeni pedaqoji təfəkkürdən
yanaşılmış, bu barədə dahi çex pedaqoqu Yan Amos
Komenskinin, I əsrdə yaşamış böyük filosof İosif
Flaviyin fikirlərinə istinadən ilk tədris
müəssisələrinin, məktəbin bizim ərazilərdə yaranması
haqqında maraqlı elmi materaillar da öz əksini
tapmışdır.
Dərslik çox sadə bir dillə, oxunaqlı şəkildə,
gözəl dizaynla hazırlanıb nəşr edilmişdir. İnanrıq ki,
bu dərslikdən nəinki rus dilli tələbə qruplarımız,
həmçinin ana dilində təhsil alan azərbaycanlı tələbələr
də, müəllim və pedaqoqlar da, pedaqogika üzrə
tədqiqatçılar da faydalanacaqlar. |