| 
						
						
						 Fizika, 
						riyaziyyat, kimya, biologiya, informatika fənləri üzrə 
						Beynəlxalq olimpiadalara hazırlaşacaq VI-VIII və IX-XI 
						sinif şagirdlərinin seçim turu keçirilib. 
						
						Aparılan seçimlərin əsas məqsədi 2016-cı ildə Beynəlxalq 
						fənn olimpiadalarında Azərbaycanı təmsil edəcək namizəd 
						şagirdləri müəyyənləşdirərək onlarla tədris ili boyunca 
						hazırlıq işləri aparmaq və məktəblilərin Beynəlxalq 
						olimpiadalarda daha uğurlu çıxışlarını təmin etməkdən 
						ibarətdir. 
						
						VI-VIII siniflər üzrə seçim turunda Azərbaycanın bir 
						sıra bölgələrindən 300-dən çox şagird öz biliyini 
						nümayiş etdirib. Turun nəticələrinə əsasən, hər fənn 
						üzrə 20-25 şagird seçilib. 
						
						Beləliklə, istedadı və çalışqanlığı ilə seçilən 100-ə 
						yaxın VI-VIII sinif şagirdi ilə tədris ili boyunca 
						xüsusi proqram əsasında hazırlıq işləri aparılacaqdır. 
						2015-2016-cı tədris ilinin sonunda həmin şagirdlərin bir 
						neçə beynəlxalq fənn müsabiqəsində iştirak etməsi 
						gözlənilir. 
						
						IX-XI siniflər üzrə seçim turunda isə 500-dən çox şagird 
						iştirak edib. Bu turda hər fənn üzrə 15-20 şagird 
						seçilib. Tədris ili boyunca xüsusi proqram əsasında 
						aparılacaq hazırlıq dərslərinə cəlb olunacaq həmin 
						şagirdlər ilin müəyyən dövrlərində sınaq imtahanları 
						verəcəklər. Sınaq imtahanlarının nəticələrinə əsasən, 
						ilin sonunadək komanda üzvləri müəyyənləşdiriləcəkdir. 
						Bununla belə, şagirdlər həm qış, həm yay tətili dövründə 
						qış və yay olimpiada məktəblərinə cəlb ediləcəklər. 
						
						Bundan başqa, Azərbaycan məktəblilərinin fənlərə olan 
						marağını artırmaq, istedadlı və çalışqan şagirdləri 
						müəyyən etmək, onlara sağlam rəqabət hissi aşılamaq, 
						şagirdlər arasında olimpiadalara həvəs oyatmaq məqsədilə 
						ölkənin bütün şəhər və rayonlarında fənn müsabiqələrinin 
						keçirilməsi planlaşdırılıb. Fənn müsabiqələri əsasən, 
						fizika, kimya, biologiya və riyaziyyat fənləri üzrə 
						VII-VIII sinif şagirdləri arasında keçiriləcəkdir. 
						İnformatika fənləri üzrə müsabiqədə iştirak etmək 
						istəyən şagirdlər isə www.informatika.edu.az internet 
						səhifəsində qeydiyyatdan keçərək, orada təqdim olunan 
						məsələləri həll etməlidirlər. |