Oktyabrın
20-də 276 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin rəhbərliyi ilə paytaxtın ümumtəhsil
məktəblərinin direktorları arasında görüş keçirilib.
Görüşdə çıxış edən nazir müavini, Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin müdir səlahiyyətlərini müvəqqəti icra
edən Ceyhun Bayramov təhsil sahəsində aparılan
islahatlardan, Azərbaycan Prezidenti cənab İlham
Əliyevin son illər ərzində təhsilə göstərdiyi diqqət və
qayğıdan, təhsil işçilərinin sosial müdafiəsinin
möhkəmləndirilməsi istiqamətində atılan addımlardan
danışıb.
Nazir müavini Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası” təsdiq edildikdən
sonra İdarənin fəaliyyətini Dövlət Strategiyasından
irəli gələn məsələlərə yönəltdiyini də qeyd edərək
növbəti ildə təhsil ictimaiyyətini gözləyən əsas
vəzifələri, müəllimlərin rifahının yüksəldilməsi üçün
həyata keçirilən tədbirləri, müəllimlər üçün keçirilən
təlimləri və Bakı şəhərinin 12 rayonu üzrə aparılan
səyyar qəbulları xüsusilə vurğulayıb.
Ceyhun Bayramov həyata keçirilən islahatlar nəticəsində
müəllim ixtisasını seçən abituriyentlərin keçən illə
müqayisədə yüksələn nəticələrindən və Bakı şəhərində
fəaliyyət göstərən məktəblərin IV sinfində dərs deyən
ibtidai sinif müəllimləri üçün növbəti “Təməl” təqaüd
proqramından da bəhs edib.
Çıxışı zamanı sınaq qiymətləndirməsindən bəhs edən nazir
müavini qeyd edib ki, Bakı şəhəri üzrə 2014-2015 və
2015-2016-cı tədris ilində işə qəbul olunan müəllimlər,
müxtəlif üzrlü səbəblərdən ötən il qiymətləndirmədən
keçməyən müəllimlər və əvəzçiliklə işə qəbul olunan
müəllimlər də bu dəfə prosesdə iştirak edəcəklər.
İclasda çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
müdir müavini Məhəbbət Vəliyeva 2014-2015-ci tədris
ilində keçirilən fənn olimpiadalarında qazanılmış
uğurlar, qarşıda duran vəzifələr barədə danışıb.
Məhəbbət Vəliyeva öz çıxışında istedadlı təhsilalanlarla
bağlı işin təşkilindən, beynəlxalq olimpiadalara seçim
mərhələsindən və ölkə üzrə keçiriləcək fənn
olimpiadalarından da bəhs edib.
www.bakuedu.gov.az |