Oktyabrın 19-da Təhsil Nazirliyi tərəfindən növbəti
mətbuat konfransı keçirilib. Bakı şəhəri 202 nömrəli tam
orta məktəbdə keçirilən tədbirdə Təhsil Nazirliyinin bu
təhsil ocağında yeni yaradılmış studiyası media
nümayəndələrinə tədqim olunub. Qeyd edilib ki, yeni
fəaliyyətə başlayan onlayn “Təhsil” televiziyasının
verilişləri bu studiyada hazırlanır.
Konfransda bildirilib ki, “Azərbaycan Respublikasında
təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata
keçirilməsi ilə bağlı Fəaliyyət Planı”na uyğun olaraq
yaradılmış “Təhsil” televiziyası uşaq və gənclərin
intellektual fəaliyyətinin dəstəklənməsinə və cəmiyyətin
inkişafında təhsilin rolunun daha dərindən dərk
olunmasına xidmət edir. Hazırda “Təhsil” televiziyasının
verilişləri Təhsil Nazirliyinin saytında, rəsmi Facebook
səhifəsində, nazirliyin Youtube kanalında yerləşdirilir.
Tədbirdə Dövlət Strategiyasının həyata keçirilməsi ilə
bağlı Fəaliyyət Planında təhsilverənlər, təhsilalanlar
və valideynlər üçün maarifləndirici intellektual
oyunların hazırlanmasının mühüm istiqamətlərdən biri
kimi göstərildiyi qeyd edilib. Bildirilib ki,
məktəblilər üçün “Brainiest” intellektual oyunu
çərçivəsində AzTV-də yayımlanacaq “Əlaçı” verilişi də
məhz bu məqsədlərə xidmət edir. Verilişin əsas tərəfdaşı
Təhsil Nazirliyidir. Verilişdə ölkəmizin müxtəlif
bölgələrindən olan məktəblilər iştirak edəcək. Tədbirdə,
həmçinin maarifləndirici intellektual oyunların
təşkilinə dəstək vermək üçün bu ilin martından
beynəlxalq “Jeopardy” intellektual oyun-viktorinanın
lisenziyası əsasında “61” verilişinin də ölkəmizdə
yayımlandığı diqqətə çatdırılıb.
Konfransın sonunda media nümayəndələrini maraqlandıran
çoxsaylı suallar cavablandırılıb. |