Oktyabrın
27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU)
bu ali məktəb ilə Fransanın Strasburq Universiteti
arasında ADNSU-da Azərbaycan-Fransa Universitetinin (UFAZ)
yaradılmasına dair müzakirələr aparılıb.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, müzakirədə bu ali
məktəbin rektoru, professor Mustafa Babanlı, professor
və müəllimlər, digər ali təhsil müəssisələrinin, Təhsil
Nazirliyinin əməkdaşları, Strasburq Universitetinin
prezidenti Alen Beretzin başçılıq etdiyi nümayəndə
heyəti iştirak ediblər.
ADNSU-nun rektoru M.Babanlı Azərbaycan və Fransa
hökumətlərinin dəstəyi ilə birgə təhsil müəssisəsinin -
Azərbaycan-Fransa Universitetinin yaradılmasının
əhəmiyyətini qeyd edib, layihə ilə bağlı fikir və
təkliflərini bildirib.
Qeyd olunub ki, Azərbaycan-Fransa Universitetinin
yaradılması ikitərəfli əməkdaşlığın inkişafına xidmət
edir. Yaradılacaq UFAZ Azərbaycan Dövlət Neft və Sənaye
Universitetinin tədris binasında yerləşəcək. Layihəyə
əsasən, burada digər fransız universitetlərinin iştirakı
da nəzərdə tutulur. Strasburq Universiteti əhatə olunan
sahələrin çərçivəsini genişləndirmə və layihə üçün insan
resurslarının toplanması məqsədilə digər fransız ali
təhsil müəssisələri ilə əlaqələndirmə sərbəstliyinə
malik olacaq. Tədris ilkin mərhələdə tam ingilis dilində
aparılacaq. Bəzi ixtisaslarda dərslərin fransız dilində
aparılacağı nəzərdə tutulur. İlkin mərhələdə təhsil
bakalavriat pilləsi üzrə təşkil ediləcək. Gələcəkdə isə
magistr hazırlığı da aparıla bilər. Məzunların dual (ikili)
diplomlarla təmin olunması nəzərdə tutulur.
UFAZ
2016-2017-ci tədris ilindən 100 tələbə ilə fəaliyyətə
başlayacaq. Təhsil müəssisəsində geologiya və geofizika
mühəndisliyi, neft və qaz mühəndisliyi, kimya
mühəndisliyi, texnoloji maşın və avadanlıqlar
mühəndisliyi ixtisasları nəzərdə tutulur. Gələcəkdə
inşaat mühəndisliyi ixtisasının da bu sıraya daxil
edilməsi planlaşdırılır. Universitetdə əcnəbi
tələbələrin - Fransa və digər ölkələrdən olan
vətəndaşların təhsil alması üçün lazımi baza
yaradılacaq. Layihəyə əsasən, UFAZ Azərbaycan Dövlət
Neft və Sənaye Universitetinin nəzdində yüksək
idarəçilik və maliyyə hüquqlarına malik müstəqil təhsil
müəssisəsi olan qurum olacaq. UFAZ-da idarəçilik Fransa
universitetlərində tətbiq olunan prinsiplər əsasında
həyata keçiriləcək. Azərbaycan-Fransa Universitetinə
təsisçilərin təqdimatı əsasında ölkəmizin Təhsil
Nazirliyi və Fransanın Milli Təhsil, Ali Təhsil və
Tədqiqat Nazirliyi tərəfindən təsdiq olunmuş prezident
rəhbərlik edəcək.
UFAZ Azərbaycan və Fransa ali məktəbləri arasında birgə
elmi-tədqiqat layihələrini həyata keçirəcək və
koordinasiya edəcək.
UFAZ-ın professor-müəllim heyəti Azərbaycan Dövlət Neft
və Sənaye Universiteti, Strasburq Universiteti, tərəfdaş
ali məktəblərin ən qabaqcıl əməkdaşlarının və frankfon
ölkələrdə təhsil almış yüksək ixtisaslı azərbaycanlı
kadrların tədris prosesinə cəlb edilməsi nəticəsində
yaradılacaq. Universitetin inzibati idarəçiliyinə və
təhsil prosesinə cəlb olunan kadrları üçün Fransa
universitetlərində treninq və təlimlər keçiriləcək.
Müvafiq ixtisaslar üzrə Fransa və Azərbaycan
professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə
yay və qış məktəblərinin təşkili nəzərdə tutulur.
UFAZ-da Azərbaycanın orta məktəb məzunlarının birbaşa
Fransa ali məktəblərində təhsil almalarını təmin edən
hazırlıq proqramı, eləcə də ingilis və fransız dilləri
üzrə tələbələr və müəllimlər üçün dil hazırlığı kursları
təşkil olunacaq. |