Bakı Ali Neft Məktəbində (BANM) Türk Standartları
İnstitutunun (TSİ) prezidenti Sebahittin Korkmaz,
TSİ-nin baş katibi Mehmet Bozdemir, TSİ-nin Azərbaycan
üzrə təmsilçisi Selim Çelebi ilə BANM-in rəhbərliyi və
professor-müəllim heyətinin görüşü keçirilib.
BANM-in rektoru Elmar Qasımov qonaqları salamlayaraq
onları ali məktəbdə görməkdən məmnunluğunu bildirib. O,
BANM-in fəaliyyətində sağlamlıq, əməyin mühafizəsi və
ətraf mühitin mühafizəsinin təmin edilməsi ilə yüksək
keyfiyyət göstəricilərinə nail olmaq istiqamətində bütün
tədbirlərin görüldüyünü deyib. Rektor ISO-nun üç modulu
üzrə beynəlxalq sertifikata sahib olan ali məktəbdə
bütün beynəlxalq standartların tətbiq edilməli olduğunu
bildirib. Bu istiqamətdə TSİ-nin strukturları ilə
əməkdaşlığın vacib olduğu vurğulanaraq bunun inkişafa
apardığı qeyd edilib.
TSİ-nin prezidenti Sebahittin Korkmaz Azərbaycana ilk
dəfə gəldiyini deyərək Bakıda və BANM-də olmasından
məmnun olduğunu bildirib. O, təmsil etdiyi qurumla BANM
arasında olan əməkdaşlığın inkişaf etdiriləcəyinə
əminliyini ifadə edib. İnformasiya təhlükəsizliyi ilə
bağlı TSİ-nin təlimlərinin vacibliyini vurğulayan qonaq
qarşılıqlı əməkdaşlığın hər iki qurum üçün faydalı
olacağını deyib. O, bu əməkdaşlığın ikitərəfli
münasibətlərin qurulmasına imkan verəcəyini bildirib.
Sonda qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir
mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Qeyd edək ki, BANM İSO-nun üç modulu - ISO 9001
“Keyfiyyət İdarəetmə Sistemi”, ISO 14001 “Ekologiya
idarəetmə sistemi”, OHSAS 18001 “Əməyin mühafizəsi və
təhlükəsizlik texnikası idarəetmə sistemi” üzrə
beynəlxalq sertifikatlara sahib olub. 2014-cü ilin
dekabrında TSİ-nin auditorları beynəlxalq standartların
BANM-də tətbiqinə dair qiymətləndirmə tədbirləri həyata
keçirərək ali məktəbin bütün struktur bölmələrində
dünyada qəbul olunmuş ISO standartlarına uyğun olaraq
keyfiyyətin təminatı, ekologiya, əməyin mühafizəsi və
təhlükəsizlik texnikası idarəetmə sistemlərinin tətbiq
edildiyini təsdiqləyib.
İctimaiyyətlə əlaqələr şöbəsi |