Oktyabrın 30-da Təhsil Nazirliyinin təşəbbüsü ilə
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Media
və təhsil dialoqu: peşəkarlığın inkişafı” mövzusunda
növbəti təlim konfransı keçirilib.
Təhsil Nazirliyinin və Azərbaycan Dövlət Neft və
Sənaye Universitetinin (ADNSU) birgə təşkilatçılığı ilə
keçirilən təlim konfransında Təhsil Nazirliyinin
əməkdaşları, media qurumlarının və ali təhsil
müəssisələrinin mətbuat xidmətlərinin rəhbərləri,
təhsillə bağlı QHT nümayəndələri və təhsil ekspertləri
iştirak ediblər.
Öncə konfrans iştirakçıları ADNSU-nun tarix muzeyi
və laboratoriyası ilə tanış olublar.
“Media və təhsil dialoqu: peşəkarlığın inkişafı”
mövzusunda növbəti təlim konfransının rəhbərlik etdiyi
ali məktəbdə keçirilməsindən məmnunluğunu ifadə edən
ADNSU-nun rektoru Mustafa Babanlı tədbir iştirakçılarını
salamlayıb və ölkəmizdə həyata keçirilən genişmiqyaslı
təhsil islahatlarının ictimaiyyətə dolğun şəkildə
çatdırılmasında medianın rolunun əhəmiyyətini
vurğulayıb.
“Təhsil” TV və “APA-Holdinq”in informasiya dəstəyi
ilə təşkil olunmuş konfransda media və təhsil dialoqunun
daha da yaxşılaşdırılması, səmərəli qarşılıqlı
əməkdaşlıq baxımından peşəkarlığın inkişafı ilə bağlı
müzakirələr aparılıb, müvafiq təklif və tövsiyələr
səsləndirilib. Çıxışlarda təhsil qurumları ilə media
arasında əlaqələrin daha da inkişafı, yeni əməkdaşlıq
mühitinin yaradılması və bu işin davamlı, sistemli
aparılmasının əhəmiyyəti vurğulanıb.
Təlim konfransında Bakı Dövlət Universitetinin
Televiziya və radio jurnalistikası kafedrasının müdiri
Aynur Kərimovanın “Daxili kommunikasiya və sosial
şəbəkələr”, BDU-nun doktorantı Turac Əliyevanın “Daxili
PR - təşkilat daxili yazışmaların aparılması”, “ADA”
Universitetinin rektorluq aparatının rəhbəri, mətbuat
xidmətinin rəhbəri əvəzi Şəfəq Mehrəliyevanın “Ali
təhsil müəssisələrində ictimaiyyətlə əlaqələr işi:
problemlər və yeni çağırışlar” və Təhsil Nazirliyinin
QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehovun
“Ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin
fəaliyyətinin monitorinqi” mövzularında təqdimatları
dinlənilib və təlimlər keçirilib.
Sonra təhsil eksperti Şahlar Əsgərov və Etibar
Əliyev, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “İki
sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və
başqaları çıxış edərək təhsil-media əlaqələri sahəsində
belə konfransların keçirilməsinin mühüm əhəmiyyətini
qeyd ediblər.
Qeyd edək ki, bu təlim konfransı Təhsil
Nazirliyinin “Media və təhsil dialoqu” çərçivəsində
keçirdiyi sayca IV konfransdır. |