Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və
Əfqanıstan Respublikasının ölkəmizdəki fövqəladə və
səlahiyyətli səfiri Məhəmməd Tağı Xəlili BANM-də görüş
zamanı bu haqda razılığa gəliblər.
Görüşdə səfir Məhəmməd Tağı Xəlilini salamlayan rektor
Elmar Qasımov Azərbaycanla Əfqanıstanın tarix və
mədəniyyət baxımından yaxın ölkələr olduğunu bildirdi. O,
Azərbaycanla Əfqanıstan arasında əlaqələrin inkişafında
səfirin böyük rolu olacağına inamını ifadə etdi. Rektor
qonağa BANM-in yaranma tarixi haqqında danışaraq bu ali
məktəbin Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin fərmanı ilə SOCAR-ın tərkibində yaradıldığını
vurğuladı. O bildirdi ki, ali məktəbin əsas məqsədi neft
və kimya sənayesi üçün yüksək ixtisaslı peşəkar kadrlar,
eyni zamanda dünyanın bütün tanınmış neft-qaz və kimya
sənayesi şirkətləri üçün yüksək ixtisaslı mütəxəssislər
hazırlamaqdır. Rektor əfqan tələbələrin BANM-də təhsil
alması ilə bağlı təklifini bildirərək, əfqan xalqı üçün
mütəxəssis hazırlığını həyata keçirmək məqsədilə səfiri
bu istiqamətdə əməkdaşlığa dəstək verməyə çağırdı.
BANM-in yeni tədris ilində əfqan tələbələri qəbul etməyə
hazır olduğu bildirildi.
Səfir Məhəmməd Tağı Xəlili Azərbaycanda olmaqdan və Bakı
Ali Neft Məktəbinə gəlişindən məmnun olduğunu dedi.
Səfir Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin ölkəsinə göstərdiyi davamlı dəstəyi çox yüksək
qiymətləndirdi. O, özünü Azərbaycan xalqına çox yaxın
hiss etdiyini bildirdi. İyirmi il öncə Azərbaycanda
olduğunu deyən səfir Azərbaycan xalqının mehriban
dostluğunu həmişə xatırladığını vurğuladı. O, həmçinin
illər öncə gördüyü Bakı ilə indiki şəhər arasında böyük
fərq olduğunu deyərək bu inkişafın Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin iradəsi ilə
həyata keçirildiyini qeyd etdi. Əfqan tələbələrin
BANM-də təhsil alması ilə bağlı təklifə görə rektora
minnətdarlığını ifadə edən səfir, öz növbəsində, bu
istiqamətdə hərtərəfli dəstək verməyə hazır olduğunu
dilə gətirdi.
Görüşdə, eyni zamanda, qarşılıqlı əməkdaşlıq, o cümlədən
tələbə mübadiləsi və təqaüd proqramının həyata
keçirilməsi haqqında müzakirələr aparıldı.
İctimaiyyətlə əlaqələr şöbəsi |