Noyabrın 6-da Azərbaycan Dillər Universitetində (ADU)
9 noyabr - Dövlət Bayraq Gününə həsr olunmuş “dəyirmi
masa” keçirildi.
“Dəyirmi masa”da ADU-nun tərbiyə
işləri üzrə prorektoru, professor Ələddin Əliyev, sosial
elmlər kafedrasının professoru Məhəmməd Teymurlu,
Kitabxana İnformasiya Mərkəzinin bölmə müdiri Güllüzar
Məmmədova, Türkiyə Universitetləri Məzunları İctimai
Birliyinin nümayəndələri və universitetin tələbələri
iştirak edirdi.
Tədbir Azərbaycan Respublikası Dövlət himninin
canlı ifası ilə açıldıqdan sonra müstəqillik uğrunda
canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla
yad edildi.
Tərbiyə işləri üzrə prorektor, professor Ələddin
Əliyev Dövlət bayrağının dövlətçilik ənənələrinin vacib
atributu, hakimiyyət və müstəqilliyin göstəricisi
olmasından bəhs etdi. Dövlətin mövcudluğunu sübut edən
bayrağı, konstitusiyanı, gerbi sevməyin, onlara hörmət
və ehtiram bəsləməyin vacibliyini vurğulayan prorektor
tələbələrə sozügedən atributları daim uca tutmağı
tövsiyə etdi.
Sosial elmlər kafedrasının professoru Məhəmməd
Teymurlu çıxışında Azərbaycan Xalq Cümhuriyyəti
tərəfindən təsis olunan və müasir Azərbaycan
Respublikasına miras qalan üçrəngli bayraq barədə ümumi
məlumat verdi, onun rəngləri və üzərində əks olunan ay,
ulduzun rəmzi mənalarını izah etdi. Çətin bir tarixi
şəraitdə müstəqillik əldə etmiş dövlətin bayrağının bu
gün dünyanın mötəbər təşkilatlarının qarşısında
dalğalanmasının qürurverici olduğunu deyən professor
üçrəngli bayrağımızın işğal altında olan torpaqlarımızda
ucalacağına əminliyini ifadə etdi.
Daha sonra tələbələr tərəfindən hazırlanmış və
bayrağımızın tarixini ozündə əks etdirən videoçarxlar
təqdim olundu.
Görüş müzakirələrlə yekunlaşdı.
İctimaiyyətlə əlaqələr
Departamenti |