Valideynlər uşağın şəxsiyyətinin formalaşdığı 3-4
yaşdan etibarən onun davranış və inkişafını yaxından
izləməli və uşağın əxlaqi anlayışları anlamağa başladığı
7-8 yaşdan etibarən də əxlaqi dəyərləri ona öyrətməyə
başlamalıdırlar. Valideynlərin öz övladına vaxtında
vermədiyi əxlaqi tərbiyə ona nə məktəbdə və nə də
cəmiyyətdə öyrədiləcək. Ona görə də valideynlər gərək
bütün yaş dövründə, xüsusi ilə qeyd edilən yaş
dövrlərində övladlarının təlim və tərbiyəsinə xüsusi
diqqət yetirsinlər. Bu dövrlərdə valideynlər hansı
nöqtələrə diqqət etməlidirlər.
1. Valideynlər uşağa yaxşı bir nümunə
olmalıdırlar. Davamlı yalan danışan, küfr edən,
uşaqlarının yanında insanların zəifliklərini və
eyiblərini açıqlayan valideynlərin uşaqlarının da bu
davranışları sərgiləmələri təbii bir haldır. Bu səbəbdən
ata və analar öz əziz övladlarının yanında çıxış
edərkən, danışarkən diqqətli olmalıdırlar. Əgər
istəyiriksə cəmiyyətə gözəl əxlaqi xüsusiyyətlərə sahib
övlad təqdim edək, onda gərək gözəl sözlər danışaq.
2. Sevgiyə arxalanan bir tərbiyə metodu olmalıdır.
Uşağınıza dəyər verib sevginizi hiss etdirməniz onun
sizə qucaq açmasına səbəb olacaq. O da sizi sevəcək və
sizə məhəbbət göstərəcək. Verdiyiniz əmrləri sevərək
yerinə yetirəcək. Yox əgər öz övladınıza əxlaqi
dəyərləri qəzəb və kin ilə öyrətməyə və ya deməyə
çalışsanız, onda övladınız nəinki sizə qulaq asacaq,
bəlkə sizdən intiqam almağa da çalışacaq.
3. Əxlaqi dəyərlər “qadağa zənciri” kimi təqdim
edilməməlidir. Çünki bu cür yanaşma tərzi uşağın əxlaqi
dəyərlərə qarşı sərt reaksiya verməsinə səbəb olacaq.
Valideynlər məqbul və məntiqli izahlarla əxlaqi
dəyərlərin lazımlılığını və bu dəyərlərə yiyələnməyin
gündəlik həyatdakı əhəmiyyətini uşağa başa
salmalıdırlar. Ümumiyyətlə, təlim və tərbiyə
məsələlərində zor tətbiq etmək düzgün metod deyil. Bu
cür tərbiyə tərzi uşağın formalaşmasındakı mənfi
təsirini həyatın bütün sahələrində özünü əks etdirir.
4. Ana və ata birlikdə hərəkət etməlidirlər.
Atanın səhv tərbiyə metoduna ana düzəliş verməlidir. Və
həmçinin ananın yanlış tərbiyə tərzinə ata düzəliş
verməldir. Birlikdə övladın tərbiyəsində
çalışmalıdırlar. Ata və ana tərbiyədə fərqli mövqedən
çıxış etməməlidirlər. Çünki bu, uşaqda çaşqınlıq
yaradacaq.
5. Uşaqlar üçün yaxşı dostlar seçilməlidir. Pis
dost və ya mühit uşağın əxlaqi inkişafının önündəki ən
böyük maneələrdən biridir. Çünki ailənin uşağa
qazandırmağa çalışdığı müsbət davranışlar pis
yoldaşlarının təsiriylə aradan gedir. Bu bir bənnanın
gün ərzində min bir zəhmətlə tikdiyi divarın eyni günün
sonunda bəziləri tərəfindən yıxılmasına bənzəməkdədir.
Ona görə də övladlarınızın kimlərlə dostluq etməsinə
xüsusi diqqət yetirin.
6. Uşağı özbaşına buraxmayın. Uşaqların yanlış
davranışlarını böyüdüb təlaşlanmaq səhv bir addım olsa
da, səhvlərini ciddi qəbul etməmək də bir o qədər səhv
addımdır. Uşağın etdiyi səhvlər düzəldilməzsə və
xəbərdarlıq edilməzsə uşaq bunun normal bir davranış
olduğunu düşünəcək və bu səhv addımları təkrarlamağa
başlayacaq. Bu addımları nəinki evdə ailəsinə qarşı,
hətta cəmiyyətdə dostlarına, böyüklərə qarşı da edəcək.
Çünki valideynlər vaxtında lazım olan xəbərdarlığı ona
etməyiblər.
7. Uşağınızı kütləvi informasiya vasitələrinin,
xüsusilə internetin zərərlərinə qarşı qorumalısınız.
İndiki vaxtda bir xəstəlik halına gələn “internet” və
“televiziya əsarəti” də uşaqları əxlaqi bir çöküşə
sürüməkdədir. Xüsusilə teleseriallarda uşaqlara nümunə
olaraq təqdim edilən şəxslərin səviyyəsiz hərəkətləri,
açıq-saçıq geyimi uşaqların şəxsiyyət kimi inkişafına
mənfi təsir göstərir. Bu cəhətdən övladınızın bu
vasitələrdən istifadəsini həmişə nəzarət altında
saxlayın. |