Bakı
Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov
Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri
xanım Haydrun Tempeli qəbul etdi. Səfiri salamlayan
rektor Elmar Qasımov onu ali məktəbdə görməkdən
məmnunluğunu bildirdi. Rektor qonağa ali məktəb haqqında
məlumat verərək dedi ki, təhsil müəssisəsinin əsas
məqsədi neft və kimya sənayesi üçün yüksək ixtisaslı
peşəkar mühəndis kadrlarının hazırlanmasıdır. O, ali
məktəbdə təhsilin ödənişsiz olduğunu və tədrisin ingilis
dilində aparıldığını qonağın diqqətinə çatdırdı. Rektor
BANM-də tədrisin Böyük Britaniyanın Heriot-Vatt
Universitetinin tədris proqramları əsasında həyata
keçirildiyini, imtahanların həmin universitetin
professorları tərəfindən aparıldığını və tələbələrin
biliyinin tam şəffaf qiymətləndirildiyini bildirdi.
E.Qasımov tələbələrin SOCAR, Total, BP, Schlumberger,
Emerson, Schneider Electric kimi bir sıra beynəlxalq
şirkətlərdə ödənişli istehsalat təcrübəsi keçdiklərini
də səfirin diqqətinə çatdırdı. O, ali məktəbdə tədrislə
yanaşı, tədqiqata da xüsusi önəm verildiyini bildirdi.
BANM-in bir sıra şirkətlərlə əməkdaşlıq etdiyini deyən
rektor Almaniyanın E.ON şirkəti ilə əlaqələrin
qurulmasından söz açdı. Almaniyanın Axen Universitetinin
prezidenti ilə bərpa olunan enerji mərkəzinin
yaradılması ilə bağlı əməkdaşlıq haqqında müqavilə
imzalandığını bildirdi. O, Axen Universiteti ilə
əlaqələrin yaradılmasında SOCAR-ın tərəfdaşı olan E.ON
şirkətinin dəstəyini vurğuladı.
Səfir Haydrun Tempel səmimi qəbula görə təşəkkürünü
bildirdi. O, E.ON şirkəti ilə SOCAR arasında olan
əməkdaşlıqdan söz açdı. Bərpa olunan enerji ilə bağlı
birgə layihələrin, o cümlədən konfransın həyata
keçirilməsi təklifini irəli sürən səfir konfransın
təşkilində əməkdaşlığa ümidini ifadə etdi. O, həmçinin
tələbə mübadiləsi ilə bağlı əməkdaşlığın əhəmiyyətini
vurğuladı. Səfir Almaniya universitetlərində yüksək
keyfiyyətli texniki proqramların olduğunu dedi. BANM-də
dinamizmin şahidi olduğunu deyən səfir DAAD (Alman
Akademik Mübadilə Xidməti) xətti ilə almaniyalı
mütəxəssislərin, ekspertlərin əməkdaşlığa sövq edilməsi
və mövcud əlaqələrin davam etdirilməsinin faydalı
olacağına əminliyini ifadə etdi. O, BANM-in
əməkdaşlarını öz ölkəsində keçirilən beynəlxalq seminar
və konfranslara dəvət etdi.
Sonda Elmar Qasımov səfiri BANM tələbələri üçün mühazirə
oxumağa dəvət etdi. Xanım səfir bu təklifi məmnunluqla
qəbul etdiyini bildirdi.
İctimaiyyətlə əlaqələr şöbəsi |