| 
						
						
						Qədim və müasir Qəbələ şəhəri məktəbliləri heyran edib  
						
						
						 Prezident 
						İlham Əliyevin tapşırığı ilə respublikamızın ümumtəhsil 
						məktəblərinin yuxarı sinif şagirdləri üçün təşkil edilən 
						növbəti tur-aksiya çərçivəsində Abşeron, Qusar, Quba, 
						Sumqayıt, Xaçmaz və Xızıdan olan məktəblilər noyabrın 
						17-də Qəbələ rayonuna səfər ediblər. 
						
						AZƏRTAC xəbər verir ki, İsmayıllı-Qəbələ-Şəki marşrutu 
						üzrə keçirilən tur-aksiyada iştirak edən məktəblilər 
						Qəbələnin tarixi abidələri, turizm obyektləri, mənzərəli 
						guşələri, adət-ənənələri, eləcə də son illər inşa edilən 
						istehsal müəssisələri və sosial obyektləri ilə tanış 
						olublar. 
						
						Altı rayonu təmsil edən 210 nəfər məktəblinin Qəbələ ilə 
						ilk tanışlığı “Tufandağ” Qış-Yay Turizm İstirahət 
						Kompleksindən başlayıb. Bölgənin ən çox turist qəbul 
						edən bu obyekti ilə tanışlıq zamanı şagirdlərə 
						kompleksin tikintisinin birinci mərhələsi çərçivəsində 
						dörd kanat xəttinin inşa olunduğu, 10 xizək yolundan 
						5-də tikinti işlərinin başa çatdığı, turistlərin 
						istirahətinin təşkili üçün hər cür şəraiti olan 
						restoranların açıldığı, bütün dağ-xizək trasının süni 
						qaryağdıran generasiya sistemi ilə təchiz edildiyi və 
						gün ərzində kompleksdə 3 min nəfərə xidmət 
						göstərilməsinin mümkünlüyü barədə məlumat verilib. 
						
						Sonra şagirdlər rayon tarix-diyarşünaslıq muzeyində 900 
						il Qafqaz Albaniyasının paytaxtı olmuş qədim Qəbələ 
						şəhərinin tarixi, mədəniyyəti və etnoqrafiyası haqqında 
						məlumat əldə ediblər. Onlara bildirilib ki, muzeyin əsas 
						fondunda Qəbələnin 2500 illik tarixini əks etdirən 12 
						mindən çox tarixi və elmi əhəmiyyətə malik eksponat 
						mühafizə olunur. 
						
						Heydər Əliyev Mərkəzini ziyarət edən məktəblilər burada 
						ulu öndərin həyatını və siyasi fəaliyyətini əks etdirən 
						fotoşəkillər və sənədlərlə tanış olublar. 
						
						“Beltmann” piano fabrikində istehsal prosesi ilə 
						yaxından tanış olan tur-aksiyanın iştirakçılarının 
						diqqətinə çatdırılıb ki, müəssisədə dünyada məşhur olan 
						“Beltmann” markalı pianolar istehsal olunur. 
						
						Heydər Əliyev adına Konqres Mərkəzi ilə tanışlıq zamanı 
						məlumat verilib ki, 1200 yerlik mərkəz üç mərtəbədən 
						ibarətdir. Birinci mərtəbədə zallar, 350 yerlik restoran 
						və inzibati otaqlar yerləşir. Çoxfunksiyalı konfrans 
						zalı isə ikinci mərtəbədədir. Konfrans zalı qısa müddətə 
						başqa məqsədlər - konsert, iclas üçün kresloların aşağı 
						enməsi ilə müstəvi halına keçə bilir. 
						
						Daha sonra Nic qəsəbəsinə səfər edən şagirdlər buradakı 
						“Cotari” Alban kilsəsinə böyük maraqla baxıblar. Məlumat 
						verilib ki, kilsə tarixi baxımdan ən qədim və 
						əhəmiyyətli abidələrdən biridir. Nic qəsəbəsi 
						tolerantlığın kiçik bir modeli hesab edilir. Həmçinin 
						şagirdlər Çuxur Qəbələ kəndində qədim Qəbələ şəhərinin 
						xarabalıqları və ərazidə aparılan arxeoloji qazıntıların 
						nəticələri ilə tanış olublar. 
						
						Şagirdlər Qəbələyə səfərlərinin sonunda beşulduzlu 
						“Qafqaz Riverside”, “Qafqaz Yeddi gözəl” otelləri, 
						“Qəbələnd” İstirahət və Əyləncə Mərkəzi, rayonda 
						yaradılan müasir turizm infrastrukturu, bölgənin 
						füsunkar təbiəti, eləcə də Nohur gölü ilə tanış olub, 
						istirahət edib, əylənib və xatirə şəkilləri çəkdiriblər. 
						
						Sonda məktəblilər səfər zamanı qədim və müasir Qəbələ 
						şəhərini heyranlıqla seyr etdiklərini bildirib, xoş 
						təəssüratlarla Şəki şəhərinə yola düşüblər. 
 
						
						
						Cənub bölgəsi ilə tanışlıq şagirdlərdə zəngin təəssürat 
						yaradıb  
						
						
						 “Ölkəmizi 
						tanıyaq” tur-aksiyasının iştirakçısı olan Gəncə, Göygöl, 
						Şəmkir, Samux, Gədəbəy rayonlarının məktəbliləri 
						noyabrın 17-də Lənkəran rayonunda olublar. 
						
						AZƏRTAC xəbər verir ki, Lənkəranla tanışlığa Bayraq 
						Meydanından başlayan şagirdlər üçrəngli bayrağımızın 
						önündə Azərbaycanın Dövlət himnini ifa etdilər. 
						
						Lənkəran şəhərindəki “Qoşa Qala qapıları”, “Dairəvi qala”, 
						“Mayak” binası ilə tanışlıq məktəblilərin böyük marağına 
						səbəb oldu. 
						
						Daha sonra tur-aksiyanın iştirakçıları iki dəfə Sovet 
						İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi 
						Aslanovun abidəsini ziyarət edib, onun Lənkəran 
						şəhərindəki ev-muzeyində nümayiş etdirilən eksponatlarla 
						tanış olublar. Burada şagirdlərə Həzi Aslanovun İkinci 
						Dünya müharibəsində keçdiyi döyüş yolu barədə ətraflı 
						məlumat verildi. 
						
						Məktəblilər rayondakı “Xanbulan” istirahət mərkəzinə və 
						“Hirkan” Milli Parkına da səyahət etdilər. Məlumat 
						verildi ki, sahəsi 21,435 hektar olan “Hirkan” qoruğu 
						2004-cü ildə “Hirkan” Milli Parkına çevrilib. Milli park 
						Astara və Lənkəran rayonlarının ərazisinin bir hissəsini 
						tutur. 
						
						Məktəblilər, həmçinin rayondakı konserv kombinatında 
						texnoloji prosesləri yaxından izləyiblər. 
						
						Həmin gün tur-aksiyanın Qazax, Ağstafa və Tovuz 
						rayonlarından olan iştirakçıları Lerik və Astara 
						rayonuna səyahət ediblər. 
						
						Məktəblilər Lerikdə Heydər Əliyev Mərkəzində, 
						Tarix-Diyarşünaslıq Muzeyində və Uzunömürlülər Muzeyində 
						nümayiş etdirilən eksponatlar və fotoşəkillərlə, “Relax” 
						turizm və istirahət mərkəzində yaradılan şəraitlə 
						yaxından tanış olublar. 
						
						Lerikdən sonra Astaraya səfər edən məktəblilər rayonda 
						fəaliyyət göstərən “Astaraçay” fabrikində istehsal 
						prosesini izləyib, Heydər Əliyev Mərkəzində ulu öndərin 
						zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və 
						fotoşəkillərlə tanış olub, Astara şəhərində Xəzər dənizi 
						sahili boyu 8 hektar ərazidə salınmış park-bulvar 
						kompleksində gəziblər. 
						
						Məktəblilər, həmçinin Astara rayonunun Ərçivan 
						qəsəbəsində “Yanar bulaq”da suyun necə yandığını böyük 
						maraqla izləyiblər. 
						
						Cənub bölgəsinə səyahəti həmişə xatırlayacaqlarını 
						bildirən məktəblilər tur-aksiyanın onlarda zəngin 
						təəssürat yaratdığını vurğulayıblar. 
						
						Astara ilə tanışlıqdan sonra tur-aksiyanın iştirakçıları 
						Lənkərana yola düşüblər. 
 
						
						
						Səkkiz rayonun təmsilçiləri Azərbaycanın şimal qapısı 
						Qusard  
						
						
						 Noyabrın 
						17-də səkkiz rayonun məktəblilərindən ibarət 300-ə yaxın 
						şagird “Ölkəmizi tanıyaq” devizi ilə təşkil olunan 
						maarifləndirici tur-aksiya çərçivəsində Qusar rayonunun 
						görməli yerləri ilə tanış olublar. 
						
						AZƏRTAC xəbər verir ki, İsmayıllı, Şamaxı, Şəki, Qəbələ, 
						Oğuz, Qax, Zaqatala və Balakən rayonlarından olan 
						qruplar günün birinci yarısında Qusar rayonundakı 
						“Şahdağ” Turizm Mərkəzində olublar. Onlara burada 
						yaradılan şərait, istirahət və əyləncə növləri haqqında 
						məlumat verilib. Bildirilib ki, Azərbaycan tarixində ilk 
						dağ-xizək kurortu olan “Şahdağ” Turizm Mərkəzinin təməli 
						2009-cu ilin sentyabrında Prezident İlham Əliyevin 
						iştirakı ilə qoyulub. Bu mərkəzin tikintisi ölkəmizdə 
						dağ-xizək və digər qış idman növləri ilə məşğul olmaq 
						üçün geniş imkanlar yaratmaqla yanaşı, respublikamıza 
						xarici turistlərin marağını da artırır. 
						
						Bundan sonra məktəblilər Qusarın Həzrə kəndindəki “Şeyx 
						Cüneyd” türbəsini ziyarət ediblər. Onların diqqətinə 
						çatdırılıb ki, bu türbə XVI əsrdə Azərbaycanda tikilən 
						və Səfəvilərin yadigarı olan abidələrdən biridir. Şeyx 
						Cüneyd XV əsrdə Şirvana hərbi yürüşü zamanı Şirvanşahlar 
						tərəfindən öldürülüb və Həzrə kəndində dəfn edilib. 
						Məzar üzərində türbə 1544-cü ildə tikilib. 
						
						Tur-aksiyanın iştirakçıları Qusar şəhərindəki Heydər 
						Əliyev Mərkəzində ulu öndərin zəngin irsini və 
						fəaliyyətini əks etdirən fotoşəkillərə baxıblar. Onlara 
						ümummilli lider Heydər Əliyevin Azərbaycanın dinamik 
						inkişafı, müstəqilliyimizin qorunması və 
						möhkəmləndirilməsi naminə gördüyü əvəzsiz işlər haqqında 
						məlumat verilib. Məktəblilər Qusar Tarix-Diyarşünaslıq 
						Muzeyi və rəsm qalereyası ilə də yaxından tanış olublar. 
						
						Məktəblilər dəniz səviyyəsindən 689 metr yüksəklikdə 
						yerləşən Bayraq Meydanından Qusar şəhərini seyr ediblər. |