Noyabrın 25-də Bakı şəhəri 5 nömrəli tam orta
məktəbdəki məktəbəhazırlıq qruplarının fəaliyyəti ilə
daha yaxından tanış olmaq üçün mediatur keçirilib.
Mediatur zamanı KİV nümayəndələrinə məlumat
verilib ki, təhsil nazirinin müvafiq əmrinə əsasən,
2014-2015-ci tədris ilində 87 məktəbdə məktəbəhazırlıq
qrupları açılıb. 2015-2016-cı tədris ilindən isə bu
qrupların fəaliyyət göstərdiyi məktəblərin şəbəkəsi
genişləndirilib. Belə ki, hazırda 136 məktəbdə
məktəbəhazırlıq qrupları fəaliyyət göstərir.
Noyabrın 2-dən fəaliyyətə başlayan məktəbəhazırlıq
qrupları gələn il mayın 31-dək davam edəcək. Həftədə 4
dəfə keçirilən hazırlıq məşğələlərinin əsas məqsədi
uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə
öncədən alışması və müvafiq bilikləri əldə etməsidir. Bu
qruplarda uşaqların əqli, fiziki, sosial-emosional və
nitq qabiliyyəti, eləcə də kommunikativ, oyun və digər
bacarıqları inkişaf etdirilir. Məktəbəhazırlıq
qruplarını bitirən uşaqlara sertifikat təqdim olunur.
Təhsilə atılan ilk addım kimi mühüm xarakter
daşıyan məktəbəhazırlıq qruplarında təcrübəli və peşəkar
ibtidai sinif müəllimlərinə üstünlük verilir. |