Noyabrın 27-də paytaxtdakı 276 nömrəli tam orta
məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Gənclər və
İdman Nazirliyinin, Azərbaycan Respublikası Səfərbərlik
və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon
idarələrinin rəhbərlərinin iştirakı ilə “Milli-mənəvi
dəyərlərimiz və gənclər” mövzusunda geniş müşavirə
keçirilib.
Yığıncağı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir
müavini Hüseyn Əsgərov açaraq Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin bu il sentyabrın 15-də -
“Bilik günün”də Bakıdakı 148 nömrəli tam orta məktəbin
açılış mərasimindəki nitqində ümumi təhsilin inkişaf
istiqamətləri, xüsusilə uşaq və gənclərin vətənpərvərlik
tərbiyəsinin gücləndirilməsi ilə bağlı olduqca dəyərli
fikirlər söylədiyini deyib. Ölkə başçısının həmin
nitqindən irəli gələn vəzifələrin icrası ilə bağlı
Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi
tərəfindən müvafiq əmrlər və fəaliyyət planları təsdiq
edildiyini söyləyən müdir müavini milli-mənəvi
dəyərlərimizin qorunub saxlanması, yeniyetmə və
gənclərdə vətəndaşlıq hisslərinin, hərbi-vətənpərvərlik
tərbiyəsinin yüksəldilməsi, onların Azərbaycanın
müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə
hazırlıq ruhunda tərbiyə edilməsi sahəsində daha ardıcıl
və davamlı işlərin aparılmasının zəruriliyini diqqətə
çatdırıb. Qeyd olunub ki, bu məsələlərin həyata
keçirilməsində xüsusilə məktəbin, təhsil işçilərinin
üzərinə mühüm vəzifələr düşür. Milli-mənəvi dəyərlərin
qorunması və inkişafına dövlət səviyyəsində çox böyük
dəstək vardır.
Hüseyn Əsgərov sonra “Milli-mənəvi dəyərlərimiz və
gənclər” mövzusunda geniş məruzə edib. Bildirilib ki,
gənc nəslin azərbaycançılıq ideyaları ruhunda tərbiyəsi
xalqımızın qələbələrinin, nailiyyətlərimizin
təminatçısıdır. Əsrlər boyu xalqımız böyük mənlik şüuru,
əxlaqi dəyərlərə sədaqəti sayəsində, bütün təsirlərə
baxmayaraq, öz dilini, dinini, milli adət-ənənələrini
qoruyub saxlaya bilmişdir.
H.Əsgərov məruzədə dövlətçilik və dil məsələlərinə
də toxunub. Ümummilli lider Heydər Əliyevin Azərbaycan
dilinin inkişafına xüsusi önəm verdiyini deyən məruzəçi
dahi şəxsiyyətin həyata keçirdiyi dil siyasətinin bu gün
ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam
etdirildiyini qeyd edib.
Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Xidmətinin Binəqədi Rayon İdarəsinin rəisi Mehman
Qurbanov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin
rəis müavini Aydın Yusifov, Binəqədi Rayon Gənclər və
İdman İdarəsinin rəisi Qüdsi Bayramov, paytaxtın 291
nömrəli “Araz” Ekologiya Liseyinin, 18 və 284 nömrəli
tam orta məktəblərinin direktorları mövzu ilə bağlı
çıxışlar ediblər.
Samirə KƏRİMOVA,
“Azərbaycan müəllimi,
Foto: Rəşad ZİYADOV |