Azərbaycan
Milli Konservatoriyasi nəzdində Musiqi Kollecində
mütəmadi olaraq respublikanın görkəmli mədəniyyət və
incəsənət xadimləri ilə görüşlər keçirilir. Bu günlərdə
növbəti görüş görkəmli bəstəkar, SSRİ xalq artisti,
Dövlət mükafatı laureatı, akademik Arif Məlikovla olub.
Musiqi Kollecinin müəllim və tələbələri ilə keçirilən
tədbiri giriş sözü ilə kollecin direktoru, əməkdar
incəsənət xadimi, professor Nazim Kazımov açaraq
bildirib ki, Arif Məlikov 1949-cu ildə Asəf Zeynallı
adına orta ixtisas musiqi məktəbinin tar sinfini bitirib.
O vaxtdan etibarən görkəmli bəstəkarımız bu təhsil ocağı
ilə sıx əlaqə saxlayır, tez-tez qonağımız olur,
keçirdiyimiz tədbirlərdə həvəslə iştirak edir. Bu gün o
yenə bizim qonağımızdır.
Sonra görkəmli bəstəkar Arif Məlikov çıxış edib.
Tələbəlik illərini yada salan bəstəkar Musiqi Kolleci
ilə bağlı xatirələrini bölüşüb. Arif Məlikov çıxışında
habelə o illərdə kollecdə çalışmış, musiqi
mədəniyyətimizdə özünəməxsus yer tutan görkəmli
şəxsiyyətlərdən söhbət açıb. Bildirib ki, kollecdə
təhsil alarkən tar alətinin incəliklərini ustad
sənətkarlarımız Adil Gəraydan, muğamlarımızın sirlərini
isə Əhməd Bakıxanovdan öyrənib. Arif Məlikov tələbələrə
son illərdə Azərbaycanın mədəniyyət və incəsənət
sahəsində qazandığı uğurlardan, bu sahəyə göstərilən
dövlət qayğısından, gənc ifaçılarımızın müxtəlif
səviyyəli müsabiqələrdə əldə etdikləri uğurlardan
danışıb. Daha sonra bəstəkar tədbirdə iştirak edən
tələbələrə dəyərli məsləhətlər verib, oxuduqları
adlı-sanlı təhsil müəssisəsinin ənənələrini davam
etdirməyi tövsiyə edib.
Tədbirdə beynəlxalq pianoçular müsabiqəsinin
laureatları Ülviyyə Kazımova və Gülnarə Kərimova
konsert proqramı ilə çıxış edib. Konsertdə Arif
Məlikovun yetirməsi, əməkdar incəsənət xadimi, Bakı
Musiqi Akademiyasının professoru Ceyhun Allahverdiyevin
bir necə romansı Aytac Şixəlizadənin ifasında səslənib.
Konsertdə eyni zamanda klassik bəstəkarlardan,
Raxmaninovun, Şumanın, Şostakoviçin əsərləri də yer
alıb.
Tədbirin sonunda Arif Məlikov keçirilən görüşdən və
maraqlı konsert proqramından məmnun qaldığını, böyük
zövq aldığını bildirib, Musiqi Kollecinin rəhbərliyinə
və kollektivinə təhsildə və yaradıcılıqda
müvəffəqiyyətlər arzulayıb, dəvət üçün təşəkkür edib.
Yusif ƏLİYEV,
“Azərbaycan müəllimi” |