| 
						
						
						 Azərbaycan 
						Respublikasına rəsmi səfəri çərçivəsində Türkiyə 
						Respublikasının Baş naziri Əhməd Davudoğlu dekabrın 4-də 
						“ADA” Universitetində olub. 
						
						Baş nazir Əhməd Davudoğlunu və qonaqları “ADA” 
						Universitetində salamlayan rektor, xarici işlər 
						nazirinin müavini Hafiz Paşayev bildirib ki, 
						Türkiyə-Azərbaycan münasibətlərinin yüksək səviyyədə 
						inkişafında diplomatların da rolu böyükdür. Rəhbəri 
						olduğu təhsil ocağı haqqında məlumat verən Hafiz Paşayev 
						hazırda Türkiyənin bir çox universitetləri ilə 
						əməkdaşlıq etdiklərini vurğulayıb. Hafiz Paşayev Baş 
						nazir Əhməd Davudoğlunun ictimai-siyasi fəaliyyəti 
						barədə auditoriyanı məlumatlandırıb. Rektor Baş nazir 
						Əhməd Davudoğlunun universitetə gəlişini tarixi hadisə 
						adlandırıb. 
						
						“Türkiyə-Azərbaycan strateji tərəfdaşlığı qlobal 
						çağırışlar qarşısında” adlı mühazirəsində Türkiyənin Baş 
						naziri Əhməd Davudoğlu ölkələrimiz arasında yüksək 
						səviyyəli münasibətlərin olduğunu bildirərək deyib: 
						“Bizim münasibətlər istənilən iki ölkə arasında olan 
						əlaqələrdən çox fərqli və xüsusi bir yerə sahibdir. 
						Bunun ən yaxşı ifadəsini ulu öndər Heydər Əliyev “Bir 
						millət, iki dövlət”, şairimiz Bəxtiyar Vahabzadə 
						“Türkiyə və Azərbaycan, bir ananın iki oğlu” deyərək 
						qeyd ediblər. Azərbaycan və Türkiyə bir ailədir. Biz 
						ayrılmaz münasibətlərə sahibik”. 
						
						Ölkələrimiz arasında sıx iqtisadi əlaqələrin də olduğunu 
						söyləyən Baş nazir qeyd edib ki, hədəfimiz qarşılıqlı 
						sərmayə qoyuluşunu qısa müddətdə 20 milyard dollara, 
						hazırda 5 milyard dollar olan ticarət dövriyyəmizi isə 
						15 milyard dollara çatdırmaqdır. 
						
						Türkiyənin Baş naziri ölkəsinin yürütdüyü xarici 
						siyasətdən də geniş bəhs edib. Qeyd edib ki, Türkiyənin 
						yürütdüyü xarici siyasətin əsasında insanlıq 
						diplomatiyası durur. 
						
						Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin 
						həlli yollarına toxunan Əhməd Davudoğlu Türkiyənin 
						Azərbaycanın ədalətli mövqeyini həmişə dəstəklədiyini 
						vurğulayıb. Qeyd edib ki, Azərbaycanın Ermənistan 
						tərəfindən işğal olunan torpaqlarının hər bir qarışının 
						geri qaytarılmasında Türkiyə ölkəmizin yanındadır. Əhməd 
						Davudoğlu Azərbaycan ilə Türkiyənin Qafqazda daimi sülh 
						yaratmaq niyyətində olduqlarını bildirib. Baş nazir 
						regionda reallaşan, Türkiyə və Azərbaycanın əsas rol 
						oynadıqları Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, 
						Bakı-Tbilisi-Qars kimi layihələrin əhəmiyyətindən 
						danışıb, eyni zamanda, TAP, TANAP layihələrinin də 
						regionun inkişafına verəcəyi töhfələrdən bəhs edib. 
						
						Sonda Baş nazir Əhməd Davudoğlu “ADA” Universitetinin 
						tələbələrinin suallarını cavablandırıb.  
						
						
						AZƏRTAC |