Noyabrın
28-də məzunların işlə təmin olunmasına kömək məqsədilə
Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin
dəstəyi ilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC)
“Məzun-2015” əmək yarmarkası keçirilib. UNEC-in 85
illik tədbirlər planı çərçivəsində keçirilən yarmarkada
50-dən çox dövlət qurumu, şirkət və banklar tərəfindən
çoxsaylı vakant iş yerləri təqdim edilib.
Əmək yarmarkasında UNEC də daxil olmaqla, Azərbaycanın
40-dan yuxarı ali və orta ixtisas təhsili
müəssisəsindən, o cümlədən dünyanın (ABŞ, Türkiyə,
Rusiya, Böyük Britaniya və s.) 16 ali məktəbindən 2500-ə
yaxın məzun iştirak edib.
Təhsil nazirinin müavini Firudin Qurbanov, gənclər və
idman nazirinin müavini İntiqam Babayev, Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət
Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəyli və UNEC-in
rektoru, professor Ədalət Muradov yarmarkaya baxış
keçiriblər. Dövlət və özəl qurumların nümayəndələri,
işəgötürənlər rektor və qonaqlara vakant iş yerləri
haqqında məlumat veriblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında
Dövlət Məşğulluq Xidməti və Azərbaycan Dövlət İqtisad
Universiteti (UNEC) arasında kadr potensialının
gücləndirilməsi istiqamətində tədbirlərin həyata
keçirilməsi haqqında Anlaşma Memorandumu imzalanıb.
“Məzun-2015” yarmarkasında gənclərə 800-dən çox vakant
iş yeri təklif olunub. Yarmarkada məzunların dövlət və
biznes strukturlarının nümayəndələri ilə görüşləri
təşkil edilib. Onlara müxtəlif ixtisaslar üzrə
stajkeçmə, təqaüd və təcrübə proqramları da təqdim
edilib.
Yarmarkanın sonunda müraciət edən bütün məzunların
CV-ləri dövlət qurumlarına və özəl şirkətlərə təqdim
edilib.
İctimaiyyətlə əlaqələr şöbəsi |