Dekabrın
1-də Şəkidə Qaratorpaq kənd tam orta məktəbinin açılış
mərasimi keçirilib.
Tədbirdə Təhsil Nazirliyinin və Şəki Şəhər İcra
Hakimiyyətinin rəsmiləri, məktəblilər və kənd
ictimaiyyəti iştirak edib.
Açılış mərasimində çıxış edən Şəki Şəhər İcra
Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov
rayon mərkəzindən 90 kilometr uzaqda yerləşən bu təhsil
ocağının indiyədək köhnə tikilidə yerləşdiyini bildirib.
Qeyd edilib ki, Qaratorpaq kənd tam orta məktəbi təhsil
göstəricilərinin yüksək olması ilə fərqlənib. Bu il
məzun olan 9 nəfərdən 6-sı ali təhsil müəssisələrinə
qəbul üçün ərizə verib və tələbə adını qazanıb.
Onlardan ikisinin qəbul balı 600-dən yüksək olub. Yeni
məktəbdə hər bir fənn üzrə ixtisaslı müəllimlər tədris
aparır. Məktəbdə 97 şagirdin təlim-tərbiyəsi ilə 22
müəllim məşğul olur.
Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil
şöbəsinin müdiri Aydın Əhmədov çıxışında ölkəmizin bütün
bölgələrində yeni məktəblərin inşa edildiyini, köhnə
məktəb binalarının isə əsaslı təmir olunduğunu
vurğulayıb. Şöbə müdiri bildirib ki, məktəblər vahid
standart əsasında müasir təhsil sisteminə uyğun inşa
olunur. İlin sonunadək daha bir neçə bölgədə yeni
məktəblər istifadəyə veriləcək.
Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən vahid standart
əsasında inşa olunan 132 şagird yerlik Qaratorpaq kənd
tam orta məktəbi 11 sinif otağı, 2 laboratoriya,
kompüter otağı, 80 yerlik akt zalı, idman zalı, hərbi
hazırlıq otağı, 2 əmək təlimi otağı, kitabxana və tibb
məntəqəsinə malikdir.
Məktəb binasında videomüşahidə, yanğın əleyhinə
siqnalizasiya sistemləri, internet avadanlıqları
quraşdırılıb. Müasir tələblərə cavab verən qazanxana
maye yanacaqla işləyir. Məktəbin ərazisində inşa olunan
futbol meydançası, müxtəlif idman qurğuları şagirdlərin
fiziki inkişafını möhkəmləndirməyə xidmət edir. |