Noyabrın 28-də Azərbaycan Dövlət İqtisad
Universitetində (UNEC) Birləşmiş Millətlər Təşkilatının
(BMT) modelinin “ECOSOC” şurasının formatında konfrans
keçirilib. Konfransın məqsədi Azərbaycanda diplomatiya
və beynəlxalq əlaqələr sahəsində təhsil alan tələbələri
BMT-nin iş prinsipləri ilə yaxından tanış etmək və
gələcəyin diplomatlarının hazırlanmasına töhfə
verməkdir. Tələbələr öncədən verilmiş mövzu üzrə
araşdırma aparıb və təyin olunduqları ölkələrin
iqtisadiyyatını, tarixini və siyasi münasibətlərini
öyəniblər.
Azərbaycan Respublikası Gənclər və İdman
Nazirliyinin və Azərbaycan Dövlət İqtisad
Universitetinin birgə dəstəyi və “UNEC Model UN”
klubunun təşkilatçılığı ilə keçirilən tədbirdə ölkəmizin
7 ali təhsil ocağından 50-yə yaxın yerli və əcnəbi
tələbə iştirak edib. BMT-nin “Dayanıqlı İnkişaf
Məqsədləri” proqramının qəbul olunmasına həsr edilən
konfransda “Təbii resursların dayanıqlı istifadəsi”
mövzusunda müzakirə aparılıb.
Rəsmi açılışda təhsil nazirinin müavini Firudin
Qurbanov, gənclər və idman nazirinin müavini İntiqam
Babayev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Anar
Bədəlbəyli, BMT-nin İnkişaf Proqramı Strateji Əməkdaşlıq
üzrə müşaviri Məzahir Əfəndiyev, Azərbaycan Dövlət
İqtisad Universitetinin rektoru, professor Ədalət
Muradov çıxış ediblər. Çıxışlarda tədbirin
əhəmiyyətindən danışılıb. Bildirilib ki, bu cür
konfranslar tələbələrin dünyagörüşünü artırmağa, elmi
debatlara olan marağı yüksəltməyə müsbət təsir edəcək.
Daha sonra öz işinə başlayan simulyasiya
konfransında ölkə “deleqasiyaları” öz çıxışlarını edib.
Tələbələr ölkələr üzrə təbii resursların səmərəli
istifadəsindəki təkliflərini səsləndiriblər. Neft ixrac
edən ölkələri təmsil edən tələbələr təbii resurlardan
istifadənin qlobal proqramının hazırlanmasını təklif
ediblər. Qlobal enerji təminatı və təhlükəsizlik
siyasətinin formalaşdırılması üçün müəyyən “yol
xəritəsi” müəyyənləşdirilib.
Konfransın formatına uyğun olaraq mövzu ətrafında
iştirakçılar diskussiya xarakterli debatlar aparıblar.
“Təbii resursların dayanıqlı istifadəsi” mövzusunun
yekunu olaraq iştirakçılar tərəfindən qətnamə qəbul
edilib.
İki gün davam edən konfransın bağlanış mərasimində
iştirakçılar sertifikatlarla təltif olunublar.
Konfransda ən yaxşı 4 nümayəndə xüsusi “Ən yaxçı
təmsilçilik” mükafatı ilə təltif edilib.
İctimaiyyətlə əlaqələr şöbəsi |