Uşaqlarda
XXI əsrin vərdişlərinin inkişaf etdirilməsi
təcrübəsindən
Yalnız son vaxtlarda qeyri-akademik bacarıqlar - tənqidi
düşüncə, komandada işləmək vərdişləri, müştərək iş,
kompüter savadlılığı barədə ciddi surətdə danışmağa
başlayıblar. Standartlaşdırılmış testlərin məktəblərə
axını davam edərkən bütün ölkələrdən olan
ekspertlər rəqəmsal dünyada yaşam üçün zəruri olan
məktəbli vərdişlərini necə inkişaf etdirmək haqqında
düşünürlər. Avstraliyanın Melburn Universitetinin
professoru, “ATS21S” tədqiqat layihəsinin qurucusu və
Təhsili Qiymətləndirmə Tədqiqatları Mərkəzinin
direktoru Patrik Griffinin sözlərinə görə, məktəbli
vərdişlərini necə inkişaf etdirmək məsələsi bu gün
çox ciddi məsələ kimi aktualdır. Onun bu məqaləsinin
müəllimlərimiz üçün də maraqlı ola biləcəyini düşünürük.
Gələcəkdə bizə lazım olacaq bacarıqlar barədə çox
danışırlar. Tədqiqatçılar bu vərdişlər nə olan şeydir,
onlar nə qədərdir və birmənalı olaraq necə
adlandırılır məsələsində, nəhayət, razılığa gələ
biliblərmi?
Hər bir ölkədə vərdişlər dəsti fərqlənir, lakin onların
XXI əsrdə bizim üçün zəruri olacaq vərdişlərlə -
rəqəmsal mühitdə tənqidi düşünmə, ünsiyyət bacarıqları
və komanda halında işləmək, yaradıcı yanaşma, bacarıq,
davranışla əlaqəsi var. Sinqapur təhsil sistemi məhz
bunu tələb edir. Oxşar tədqiqatlar Avropa, Böyük
Britaniya, Avstraliya, Cənubi Amerikanın ispandilli
ölkələrində aparılır.
Səbəblərdən
biri iqtisadiyyatdır. Böyük şirkətlər biliklər
iqtisadiyyatına əsaslanan müasir dünyada işləməyə və
yaşamağa hazır olmayan universitet məzunlarından
narazıdırlar.
1995-ci ildə mən “Məktəb nailiyyətlərinin monitorinqi” (Monitoring
School Achievements) adlı bir kitab yazdım. Bu kitabda
sənaye iqtisadiyyatından postsənaye iqtisadiyyatına
keçidi təhlil etməklə məktəbin inkişafının gələcəyini
proqnozlaşdırmağa çalışdım. Sənaye əsrində hakimiyyət
əmək məhsullarına nəzarət edirdi. Karl Marks isə
sənaye cəmiyyətində ən böyük dəyərlərin əsl
daşıyıcıları olan muzdlu fəhlələri öz maraqlarını
qorumağa, necə müdafiə etməyi öyrənməyə çağırırdı.
Müasir informasiya cəmiyyətində isə Marks kimi
insanların yerində müəllimlər durur. Məsələn, bizim
əlimizdədir ki, insanlar KİV -ə bütün məlumatlar
üzərində nəzarət etməyə imkan verməsinlər və tənqidi
təfəkkür vərdişlərinə malik olsunlar. İnsanın iş
yerini necə dəyişdiyini izləmək olar, əvvəlcə bu ferma,
sonra fabrik, daha sonra ofis, sonda isə, nəhayət,
virtual iş yeri. Təhsil sistemi onlarla eyni zamanda
dəyişməlidir. Əgər bu sistem əvvəlki kimi faktları
əzbərləmə səviyyəsində qalsa, heç vaxt insanları
həyata hazırlaya bilməz. Bizim dünyadakı vəziyyətimiz
informasiyaya olan münasibətimizlə müəyyən edilir. Kimsə
onu istehsal edir, kimsə yayır, kimsə, sadəcə, istifadə
edir.
Hətta bacarıqların vacibliyini anlayan müəllimlərə
belə, çox sıx tədris proqramında işləmək üçün vaxt
tapmaq çətindir.
Şagirdlər çox vaxt, xüsusən də texniki vərdişlər
sahəsində müəllimləri üstələyirlər, Nəticədə müəllimlər
öz diqqətlərini əsasən təhsil uğurları az olan
uşaqlara yönəldirlər. Uğurlu uşaqlar isə öz-özlərini
təqdim edə bilirlər. Müəllim şagirdə yalnız öz
bildiklərini öyrədə bilər. Elə ki səviyyələr
bərabərləşir, tədris prosesi dayanır. Yeganə görə
biləcəyimiz iş uşaqlara müstəqil və motivasiya
olunmalarında köməklik göstərməkdir. Müəllim uşaqlara
qeyri- müəyyənlikləri öyrədən, hər şeyə yaradıcı
yanaşan, informasiyanı tənqidi təhlil edən, digər
insanlarla işləməyi və əməkdaşlıq etməyi bacaran,
ünsiyyətcil, səbirlə işləməyi bacaran bir insan
olmalıdır. Gələcək işəgötürənlər məhz bu cür insanları
tələb edirlər.
Siz XXI əsrin zəruri vərdişlərini sadalaya bilərsinizmi?
Onlar dəyişir və ya dəyişməz olaraq qalır?
Əlbəttə, onlar daim dəyişir. 2009-cu ildə biz uşaqlara
gələcəkdə lazım olacağı nəzərə alınaraq bu
vərdişləri belə ümumiləşdirdik: komandada işləmək
bacarığı, texnologiyalardan baş çıxarmaq, həmkarları
ilə konstruktiv əməkdaşlıq etmək. Söhbət rəqəmsal
texnologiyaların tam sirayət etdiyi sosial mühitdə
yaşamaq, başqa mədəniyyətlərə hörmət etmək bacarığından
gedir, çünki rəqəmsal dövrdə sərhədlər yox olur.
2015-ci ildə isə Dünya Təhsil Forumu üç zəruri
biliklər qrupunu vurğulamaqla təxminən eyni nəticələrə
gəldi. Beləliklə, XXI əsrin bacarıqlarını belə
qruplaşdırmaq olar: savadlılıq - dillər üzrə baza
bilikləri, hesablama, maliyyə, elm və mədəniyyət;
səriştələr - tənqidi düşüncə, problemi həlletmə,
yaradıcı düşüncə, əməkdaşlıq; şəxsi keyfiyyətlər -
maraq, təşəbbüskarlıq, əzmkarlıq, liderlik.
Gərəkli vərdişlər məktəblərdə tezliklə tədris
olunacaqmı?
Biz vərdişlərin qiymətləndirilməsi sisteminin və birgə
tapşırıqların şagird nailiyyətlərinin beynəlxalq
qiymətləndirməsində (PISA) nəzərə alınmasını təklif
etdik, lakin onların çox sərt 5 illik planlaşdırma
dövrü var. Biz gözləməli olduq və bu, bizə müxtəlif
oyunlar düşünərək uşaqların öz aralarında bir-biri ilə
necə işləmələrinə dair çox böyük həcmdə məlumatlar
toplamağa imkan verdi. Və başa düşdük ki, təhsili
adamlar arasında birbaşa ünsiyyət yaradılması ilə
məhdudlaşdırmaq lazım deyil, buna görə də biz
qarşılıqlı fəaliyyətin digər növlərini ölçmək
üsullarını axtarırıq. Ola bilsin ki, kollektiv iş tələb
edən məsələlərin tədrisə daxil edilməsi reytinqdə
qüvvələrin mövqeyinə təsir etsin. Hələlik isə bu
vərdişlər üzrə tədrisin şagirdlərin məktəb proqramına
daxil edilməsi azı 10-15 il vaxt çəkəcək.
İndi nə etmək olar?
Təhsil sistemi hədsiz dərəcədə ətalətlidir. Apple
şirkətinin rəhbəri Stiv Cobs kimi insanlar
universitetlərdən gedirdilər, çünki onlar hiss
edirdilər ki, onları nə isə əvvələ, geriyə, keçmişə
çəkir. Yaxın Şərqə baxın: universitet məzunlarının
təxminən 60 faizi işləmir və onların çoxu heç vaxt iş
tapa bilməyəcək. Avstraliya iqtisadiyyatı
resursların Çinə satılması üzərində qurulub, lakin XXI
əsrin çağırışlarına cavab vermək üçün onu dəyişdirmək
lazımdır. Korrupsiya məhz ona görə çiçəklənir ki,
insanların bir çoxu manipulyasiyalara müqavimət
göstərməyi və tənqidi düşünməyi bilmirlər. Təhsil
sistemini dəyişmək üçün kadrları tam dəyişmək
lazımdır: məktəblərdə nənələr deyil, dəyişiklikləri
izləməyi, məlumatları təhlil etməyi bacaran insanlar
işləməlidir. Biz indi bunu öyrənməyə başlayırıq.
Rusiyada əlavə təhsil sistemi çox inkişaf edib.
Hazırda valideynlərə müxtəlif təkliflər gəlir,
uşaqlarda XXI əsrin vərdişlərinin inkişaf etdirilməsi
vəd olunur. Lakin əgər mütəxəssislər bu vərdişlərlə
uşaqları necə öyrətmək və bu cür təlimin keyfiyyətini
necə qiymətləndirməyi tam müəyyən edə bilməyiblərsə,
valideynlər bu cür təklifləri necə süzgəcdən
keçirsinlər? Bu barədə “Economist “ jurnalı öz
tədqiqatında yaxşı yazmışdır: təhsil sistemləri
şagirdlərə zəruri bacarıqları vermir və onlar özləri
oxumalı olurlar. Bu gün məktəbə gedən uşaqlar 2032-ci
ildə məzun olacaqlar. Qoy valideynlər özləri təsəvvür
etsinlər - onların uşaqlarının gələcəyi və peşələri,
hətta ənənəvi hüquqşünas və ya həkim kimi, necə
olacaq? Kiçik detal: Bu gün ABŞ-da məhkəmə
çəkişmələrinin 18 faizi vəkillər cəlb olunmadan
aparılır. İnsanlar özləri öz hüquqlarını qoruyurlar.
Onlar bütün zəruri informasiyanı internetdə axtarır və
hüquq firmalarına yalnız məsləhət almaq üçün
gəlirlər. Tibb sahəsində də belədir - insanların çoxu
getdikcə özünüdiaqnostika ilə məşğuldur və həkimə isə
yalnız öz diaqnozlarının təsdiqi üçün gedirlər.
Peşələr sürətlə dəyişir və bugünkü peşəkarlar
informasiya daşıyıcısı rolunda, az-az hallarda, çox
vaxt isə məsləhətçi rolunda çıxış edirlər. Bununla
məhz müəllimlər məşğul olmalıdır. Əgər təhsil
sistemini dəyişməsək, onda bizi gələcəkdə böyük
problemlər gözləyir: universitetləri bitirən
uşaqlarımız iş tapa, özlərini, bizi də saxlaya
bilməyəcəklər. Bu cür təhsilin keyfiyyətinin
qiymətləndirilməsinə gəldikdə, biz valideynlərə daha
çox müəllimin onlara nə dediklərinə diqqət yetirməyi
məsləhət görürük. Əgər o, sadəcə, qiymət deyirsə, bu
pisdir, yox əgər o, tədris prosesini təsvir edə, onun
məqsədlərini və növbəti rübdə daha nəyə nail olmaq
istədiklərini deyə bilirsə, bu, çox yaxşıdır. Amma
təəssüf ki, belə yanaşmanı məktəblərdə tətbiq etmək çox
çətindir.
Biz valideynlərin diqqətinə çatdırmalıyıq ki, onların
uşaqlarını məhz bu yolla öyrətmək lazımdır. Mən başa
düşürəm ki, bu, yaxşı səslənmir, amma siz uşaqlara
əzbərçiliklə əziyyət verən ölkələrə baxın. Bu ölkələrdə
patentlərin az qeydə alınmasına baxın. Bu insanlar
demək olar ki, heç nə icad etmirlər, çünki onların
marağını, oxumaq arzularını əllərindən alıblar. Əgər
biz testlər və qiymətlər vasitəsi ilə uşaqların bilik
və bacarıqlarının qiymətləndirilməsi praktikasını
dayandırsaq, onların verilən tapşırıqları birgə
səylərlə həll etməsi bacarıqlarına baxmağa başlasaq,
biz tamam başqa problemi görəcəyik.
|
Kompüter oyunları məktəblilərin dərslərinə təsir
göstərir
Yeni araşdırmaya görə, kompüter oyunları uşaqların
məktəbdəki fəaliyyətinə təsir göstərə bilər. Şimali
İrlandiya alimləri tərəfindən aparılmış araşdırmanın
nəticələri göstərir ki, kompüterdən həddən artıq
istifadə etmək tələbələrin imtahanda yaxşı qiymət
almasına təsir göstərir. Kompüter bacarığı indiki dövrdə
ən çox tələbat olan qabiliyyətdir və kompüter oyunları
oynamaq bacarıqları daha da gücləndirir. Britaniyada 600
şagird arasında aparılan araşdırmaya əsasən həftədə bir
dəfə oyun oynayan iki və daha çox oyun oynayandan yaxşı
qiymət alır. Araşdırma həmçinin göstərir ki, hər gün
sosial mediadan istifadə etmək şagirdlərin qiymətlərinə
təsir etmir. Tədqiqat gedişində məlum olub ki,
valideynlər daim uşaqlarının kompüter oyunlarından
ayrılmamasından şikayətlənir. Kompüter oyunları
uşaqların axşamlar gec saatlara qədər oyaq qalmasına,
onların yorulmasına, səhər tezdən məktəbə gedəcəklərinə
dair az düşünmələrinə səbəb olur. Yeni araşdırma
maarifləndirici kompüter oyunlarının şagirdlərə necə
təsir göstərdiyini tam anlamaq üçün əlavə tədqiqatlara
ehtiyac olduğunu üzə çıxarıb.
Pensilvaniya Universiteti elektron dərsliklər yaratmağı
təklif edib
ABŞ-ın Pensilvaniya Universiteti öz müəllim və
tələbələrinə açıq resurslar əsasında sərbəst surətdə
elektron dərsliklər yaratmağı təklif edib. “BBOOKX”
aləti əsas sözlər bazasında dərsliklər yaratmağa imkan
verir: alqoritm uyğun materialları seçməyə kömək edir,
müəllif isə onlardan ən yaxşıları seçir və onları öz
istəyi ilə redaktə edəcək. Mətnlərin başlıqlarını
ardıcıllıqla hazırlamaq və bəzi fraqmentləri dəyişərək
başqasını yaratmaq olar. Ehtimal olunur ki, servis
nəinki tədris materiallarına qənaət etməyə kömək edəcək,
həm də tələbələrin təlim prosesində daha fəal rol
oynaması təmin olunacaq. Gələcəkdə onlar özləri üçün də
fərdi dərsliklər yarada biləcəklər. Servis universitetin
müəllimləri, doktorantları və tədqiqatçıları tərəfindən
hazırlanıb. İndi texnologiya bir sıra kurslarda test
kimi tətbiq olunur, uğurlu nəticələr əldə olunduğu
təqdirdə bütün ali məktəbə yayılacaq. Hələlik əsas
material mənbəyi kimi “Vikipediya”dan istifadə olunur,
lakin final mərhələdə digər resurslar da əlavə olunacaq.
İxtiraçılar ümid edirlər ki, proqramı məktəblərdə də
tətbiq etmək mümkün olacaq.
İdeal universitet saytı necə yaradılmalıdır?
Təhsil sahəsində İKT-nin geniş tətbiqi ilə məşğul olan
mütəxəssislər qeyd edirlər ki, universitet brendi
kifayət dərəcədə sosial şəbəkələrdə formalaşır. İdeal
universitet saytı mobil qurğularla səmərəli qarşılıqlı
əməkdaşlıq etməli və mobil qurğularda açılmalıdır.
Təcrübələrin göstərdiyi kimi, müxtəlif video və
interaktiv materiallar, şəkillər diqqət çox cəlb edən
resurslardır. Kontent diqqətlə seçilməlidir: əksər
universitetlər çox nəhəng sayda səhifələr yaradırlar.
Mütəxəssislər isə sayt rəhbərlərinə, xüsusilə də
əsas səhifənin materiallarının seçiminə çox diqqətlə
yanaşmağı (fakültələrə hər istədiklərini yazmağa icazə
verməməyi) tövsiyə edirlər.
Dizayn və universitetin missiyası əlaqələndirilməlidir;
saytın ilk səhifəsində akademik proseslərlə birbaşa
bağlı olmayan daha səmərəli materiallar yerləşdirmək
lazımdır. Maraqlı formatlar universitetin missiyasının
(məsələn, güclü birliyin yaradılması) illüstrasiyası
üçün yaxşı vasitə ola bilər.
Bütün universitet kollektivi bu prosesdə iştirak
etməlidir; saytın yaradılması və istifadəyə verilməsində
ən yaxşı dayaq universitetin tələbə və müəllimlərinin
dəstəyidir. Onların hər birinə saytın quruluşu və
hədəflərinin izah olunduğu məktub göndərmək də olar.
Müəllimlər təhsil texnologiyalarından nə gözləyirlər?
Bill
və Melinda Geyts Fondu növbəti tədqiqatını açıqlayıb
Bill və Melinda Geyts Fondu (Bill & Melinda Gates
Foundation) özlərinin “Teachers Know Best” (“Müəllimlər
Hamıdan Yaxşı Bilirlər”) tədqiqatlarının sayca ikinci
versiyasını təqdim edib. Tədqiqatlar 5 istiqamətdə
aparılıb: bugünkü siniflər nəyə bənzəyir; müəllimlərin
rəqəmsal texnologiyalardan istifadə etməsi;
standartların məzmunu ilə bağlı məsələlərin öhdəsindən
gəlmələri üçün resursların əlyetərliyi və kifayət
qədər olmasına müəllimlərin əminliyinin artması;
müəllimlərdə rəqəmsal alətlərdən istifadənin
səmərəliliyinə dair təsəvvürlərin inkişaf etdirilməsi;
məktəb mühiti və pedaqoji seçim.
Yeni versiyada belə bir sual qoyulub:müəllimlər əslində
təhsil texnologiyalarından nə istəyirlər? Layihə
müəlliflərinin bu layihəsi təhsil texnologiyalarının
istehsalçıları və istehlakçıları - yəni texnologiyaların
yaradıcıları, müəllimlər və şagirdlər arasında fərqi
azaltmaq məqsədi daşıyır. Məktəbdə əslində hansı servis
və texnologiyalara gərək olduğunu öyrənmək üçün fondun
əməkdaşları son 2 il ərzində 3100 müəllim və şagird
arasında sorğu aparıblar. Tədqiqatların ilk versiyası
2015-ci ilin iyun ayında dərc edilib, ikincisi isə bir
neçə gün əvvəl açıqlanıb.
Tədqiqatların nəticələrini öyrənməyə uzun vaxt tələb
olunur. Lakin tədqiqatdan hasil olan əsas nəticə
budur: müəllimlərin təxminən 56 faizi hesab edir ki,
texnologiya onlara dərsi daha yaxşı tədris etməyə kömək
edir. Müəllimlər tədris gedişində istifadə etmək
istədikləri alətlər arasında 3 tip texnologiyanı ayırd
ediblər: uşaqların keçilən mövzunu
öyrənib-öyrənmədiyini başa düşməyə kömək edən
servislər; adaptiv platformalar; mövcud olan alətlərin
inteqrasiyasını asanlaşdıran qərarlar.
Oruc MUSTAFAYEV,
“Azərbaycan müəllimi”
xarici mətbuat
materialları əsasında |