Noyabrın
27-də Bakı şəhəri 5 nömrəli tam orta məktəbdə Təhsil
Nazirliyi Estetik Tərbiyə üzrə Respublika
Tədris-Metodik Mərkəzi ilə məktəbin birgə əməkdaşlığı
çərçivəsində əməkdar incəsənət xadimi, görkəmli yazıçı
və dramaturq Sabit Rəhmanın 105 illik yubileyinə həsr
edilmiş “Düşündürən gülüş” adlı bədii-musiqili gecə
keçirilib. Tədbirdə Təhsil Nazirliyinin nümayəndəsi
Elnur Əlizadə, Estetik Tərbiyə üzrə Respublika
Tədris-Metodik Mərkəzinin əməkdaşları, Nəsimi Rayon İcra
Hakimiyyətinin nümayəndələri, xalq artistləri Amalya
Pənahova, Azər Zeynallı, Sabit Rəhmanın qızı Gültəkin
Əzizova və nəvəsi, Bakı Musiqi Akademiyasının professoru,
Emin Sabitoğlunun qızı Ceyran Mahmudova və KİV
nümayəndələri iştirak ediblər.
Məktəbin direktoru Nərminə Gündüzlü tədbiri giriş sözü
ilə açaraq qonaqları salamlayıb və gecənin
əhəmiyyətindən danışıb. Sonra musiqili bədii gecə
şagirdlərin ifasında rəngarəng tamaşalardan parçalar,
mahnılar və rəqslərlə müşayiət olunub. Şagirdlər
dramaturqun “Nişanlı qız”, “Əliqulu evlənir”, “Hicran”
əsərləri əsasında qurulmuş tamaşalardan parçalar ifa
ediblər. Azərbaycan Respublikasının xalq artistləri
Amalya Pənahovanın şagirdlər qarşısında özünəməxsus
çıxışı, Azər Zeynallı tərəfindən dramaturqun oğlu Emin
Sabitoğlunun bəstələdiyi “Şükriyyə” və “Gəncədən
gəlirəm” mahnılarının ifası gecəni daha canlı və
obrazlı edib.
Çıxış edənlər ölməz dramaturq haqqında fikirlərini,
xatirələrini şagirdlərlə bölüşüblər. Tədbir məktəbin
xor kollektivinin ifasında Emin Sabitoğlunun “Yaşa
Azərbaycan” mahnısı ilə başa çatıb.
Sonda yubilyarın ailə üzvləri tədbiri hazırlayanlara öz
təşəkkürlərini bildiriblər.
Şakir CƏFƏROV,
“Azərbaycan müəllimi” |