Dekabrın 10-da Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) rəyasət heyətində ümummilli lider
Heydər Əliyevin xatirəsinə həsr olunan “Görkəmli dövlət
xadimi Heydər Əliyevin müstəqil dövlətçilik təlimi və
müasirlik” mövzusunda elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda AMEA-nın
prezidenti, akademik Akif Əlizadə ulu öndər Heydər
Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı
misilsiz xidmətlərindən söz açıb. Bildirilib ki, bütün
fəaliyyəti xalqa xidmət nümunəsi olan ümummilli lider
Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə
Azərbaycanın inkişafı və dünyada tanıdılmasında tarixi
addımlar atıb. Müasir müstəqil Azərbaycan dövlətinin
qurucusu və memarı ümummilli lider Heydər Əliyev
Azərbaycan elminin, təhsilinin inkişafında böyük
xidmətlər göstərib. AMEA-nın inkişafının böyük bir
mərhələsi ulu öndərin adı ilə birbaşa bağlıdır.
Akademiyada Azərbaycan xalqının tarixinin,
mədəniyyətinin, dilinin, milli mənəvi dəyərlərinin
tədqiqi istiqamətindəki araşdırmaların aparılmasında da
görkəmli dövlət xadimi Heydər Əliyevin uzaqgörən
siyasəti mühüm rol oynayıb. Ulu öndər ölkəmizə rəhbərlik
etdiyi bütün dövrlərdə akademiyanın mühüm elmi
problemlərinin həllində, alimlərin
mükafatlandırılmasında, onların dünya elminin ön
sıralarında mövqe tutmasında, elmin maddi-texniki
bazasının möhkəmləndirilməsində, elmi işçilərin
rifahının yaxşılaşdırılmasında böyük rol oynayıb.
Konfransda AMEA-nın vitse-prezidenti, Milli
Məclisin deputatı, akademik İsa Həbibbəylinin “Heydər
Əliyevin dövlətçilik təlimi və müasir dövr”, AMEA-nın
müxbir üzvü Yaqub Mahmudovun “Azərbaycan tarixində
Heydər Əliyev şəxsiyyəti”, Azərbaycan Tibb
Universitetinin dosenti Nağdəli Zamanovun “Heydər Əliyev
və natiqlik sənəti”, AMEA-nın Gənc Alimlər və
Mütəxəssislər Şurasının sədri Famin Salmanovun “Heydər
Əliyev və Azərbaycan gəncliyi” mövzularında məruzələri
dinlənilib. |