Dekabrın
7-dən başlayaraq Bakı şəhərinin 12 rayonu üzrə təhsildə
uğurlu nəticələr əldə etmiş məktəblərin qabaqcıl
təcrübəsinin təbliğ və tətbiq olunması istiqamətində
“Açıq qapı” günlərinə start verilib. “Açıq qapı”
günlərinin təşkil edilməsinin əsas məqsədləri
məktəblərdə tədrisin və keyfiyyətə nəzarət işinin
təşkili ilə bağlı təcrübə mübadiləsi aparmaq, tədris
ocaqlarında psixoloji işin təşkili səviyyəsi və bu
istiqamətdə mövcud olan müasir təcrübələr və
yanaşmalarla tanış olmaqdır.
Nəzərə çatdıraq ki, ilk öncə dekabrın 7-də Nəsimi rayonu
üzrə Texniki Humanitar Liseydə də “Açıq qapı” günü
keçirilib. Liseydə “Açıq qapı” günü bir neçə sessiya
əsasında təşkil edilib. Belə ki, layihənin ilk ünvanı
olan THL-də Nəsimi rayon üzrə direktorların,
psixoloqların, təşkilati işlər üzrə direktor
müavinlərinin və ibtidai sinif müəllimlərinin
sessiyaları baş tutub. Sessiyalarda BŞTİ-nin
əməkdaşlarının, məktəb nümayəndələrinin, ekspertlərin
təqdimatları dinlənilib, müzakirələr aparılıb. Eyni
zamanda, “Açıq qapı” günündə biologiya, riyaziyyat,
fizika, kimya və informatika fənləri üzrə “açıq dərs”lər
keçirilib.
Növbəti gün 291 nömrəli Ekologiya liseyində Nərimanov
rayonu üzrə uğurlu nəticələr əldə etmiş məktəblərin
mövcud təcrübələrini bölüşmək və həmkarları ilə fikir
mübadiləsi aparmaq məqsədi ilə “Açıq qapı” günü
keçirilib. 291 nömrəli Ekologiya liseyində keçirilən
“Açıq qapı” günündə Nərimanov rayonu üzrə direktorların,
psixoloqların, təşkilati işlər üzrə direktor
müavinlərinin və ibtidai sinif müəllimlərinin
sessiyaları baş tutub. Sessiyalarda BŞTİ-nin rəsmi
nümayəndələrinin, məktəb nümayəndələrinin, ekspertlərin
təqdimatları dinlənilib, müzakirələr aparılıb. Eyni
zamanda, “Açıq qapı” günündə biologiya, riyaziyyat,
fizika, kimya və informatika fənləri üzrə “açıq dərs”lər
keçirilib.
Qeyd edək ki, Bakı şəhəri üzrə məktəb kollektivləri
arasında təcrübə mübadiləsinin genişləndirilməsinə,
müasir təcrübələr və yanaşmalarla tanış olunmasına imkan
yaradan “Açıq qapı” günləri Bakının müxtəlif
məktəblərində dekabrın 22-dək davam edəcəkdir.
Niyazi RƏHİMOV,
“Azərbaycan müəllimi” |