Son illər informatika müəllimləri arasında təşkil olunan
“Ən yaxşı videotədris resursu” müsabiqəsi nəinki paytaxt,
eləcə də bölgə müəllimlərinin bu sahədə yaradıcılığını,
bilik və bacarığını təkmilləşdirməyə imkan verir.
Məlumat üçün bildirək ki, informatika dərsliklərinin
müəllifləri olan Ramin Mahmudzadə, İsmayıl Sadıqov və
Naidə İsayeva Azərbaycan dilində videotədris
resurslarının az olduğunu nəzərə alaraq bu problemin
həlli üçün müəllimlərə kömək məqsədilə “Ən yaxşı
videotədris resursu” müsabiqəsinin keçirilməsi ideyasını
irəli sürüblər. 2012-ci ildən reallaşdırılan müsabiqədə
paytaxtın ümumtəhsil müəssisələrinin müəllimləri ilə
yanaşı, respublikanın müxtəlif regionlarında çalışan
müəllimlər də iştirak edirlər.
Naxçıvan Muxtar Respublikası Şərur rayonu Nəzmi Cəfərov
adına Tənənəm kənd tam orta məktəbinin
riyaziyyat-informatika müəllimi Ramil Cəfərov da həmin
müsabiqənin iştirakçılarından və müvafiq yerlərə layiq
görülənlərdəndir. Bizimlə həmsöhbət olan Ramil müəllim
müsabiqənin informatika müəllimləri tərəfindən böyük
maraqla qarşılandığını deyərək bununla bağlı fikirlərini
bölüşdü:
- Uzun illər informatika fənninin tədrisi ilə məşğul
olan bir müəllim kimi deyə bilərəm ki, bu fənnin
şagirdlər tərəfindən mükəmməl mənimsənilməsi, onlarda
bu sahəyə marağın yaradılması bizlərdən asılıdır.
Yaxşı informatika müəllimi olmaq üçün daim öz üzərimizdə
işləməliyik. İnformatika digər fənlərdən fərqli olaraq
daha sürətlə inkişaf edir. Proqramlaşdırma dilləri
sürətlə təkmilləşir, təzələnir və təbii ki, çox qısa
bir müddətdən sonra köhnəlir. İnformatika müəllimi daim
yeniliklərdən xəbərdar olmalı, yeni məlumatlar əldə
etməlidir. Mən də dərslərimi müasir tələblərə uyğun
qurmağa çalışıram. Onu da deyim ki, ilk vaxtlar
keçəcəyim mövzularla bağlı dərs nümunələri axtardığım
zaman məlum oldu ki, İnternet şəbəkəsində Azərbaycan
dilində kifayət qədər müasir dərs nümunələri yoxdur.
Belə qərara gəldim ki, dərs nümunələrinin
yaradılmasında, həmçinin yayılmasında biz müəllimlər
daha fəal olmalıyıq. Dərslərimi təqdimatlar,videodərslər
üzərində qurmağa başladım. Bir çox mövzuların
videodərslərini və yaxud da onları təqdimatlar
formasında hazırladım. Belə ki, təqdimatların
hazırlanmasında istifadə olunan bir sıra tətbiqi
proqramların olmasına baxmayaraq digər fənn
müəllimlərinin onlar üzərində işləməkdə çətinlik
çəkdiklərini görürdüm. Bu səbəbdən də özümə borc bildim
ki, təqdimatların hazırlanması üçün istifadə edilən
proqramlardan birinin yararlanma qaydasını geniş
şəkildə videodərs formasında hazırlayım. Müasir dövrdə
istifadə olunan belə tətbiqi proqramlardan biri də
“Mimio Studio”-dur ki, onun da videodərsini izahlı
şəkildə hazırladım. “Mimio Studio proqramı ilə işləmə
qaydası”adı ilə “You Tube.com” video portalında
yerləşdirdim. Hazırda minlərlə istifadəçi ondan
yararlanır.
Qeyd etdiyim kimi, informatika ilə bağlı yenilikləri,
həyata keçirilən tədbirləri izləyən bir insan olduğumdan
Bakıda “Ən yaxşı videotədris resursu” müsabiqəsinin
keçirildiyini bilirdim və qərara gəldim ki, həmin yarışa
mən də qatılım. Müsabiqənin şərtlərinə görə, informatika
fənni üzrə dərsliklərdə olan mövzulardan biri seçilərək
Azərbaycan dilində izahlı dərs formasında hazırlanmalı
idi. İlk dəfə bu müsabiqəyə 2013-cü ildə qatıldım.
Həmin vaxt təqdim etdiyim videodərs “Fraktal qrafika”
mövzusunda idi. Müsabiqənin münsiflər heyətinin qərarına
əsasən II yerə layiq görüldüm. 2014-cü ildə müsabiqə
üçün hazırladığım videodərs “Paint qrafik redaktorunda
fraqmentlər üzərində iş” adlı videodərs III, 2015-ci
ildə isə “Python dilində şərt və dövr” mövzusunda olan
videodərsim yenidən III yeri tutdu. Belə bir müsabiqənin
keçirilməsini bir müəllim kimi yüksək qiymətləndirir,
onun təşkilatçılarına minnətdarlığımı bildirirəm.
Samirə KƏRİMOVA,
“Azərbaycan müəllimi” |