Hər
bir ölkənin gələcəyi onun gənclərinin yüksək bilik və
bacarıqlara sahib olması ilə yanaşı, milli-mənəvi
dəyərlərə hörmət, vətənpərvərlik ruhunda böyüməsindən
daha çox asılıdır. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev bu il sentyabrın 15-də - “Bilik
günü”ndə Bakıdakı 148 nömrəli tam orta məktəbin açılış
mərasimindəki nitqində də uşaq və gənclərin
vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi ilə bağlı
olduqca dəyərli fikirlər söyləyib. Dövlət başçısının
həmin nitqindən irəli gələn vəzifələrin icrası ilə bağlı
Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi
tərəfindən müvafiq əmrlər və fəaliyyət planları təsdiq
olunub.
“Azərbaycan müəllimi” qəzeti olaraq biz də
səhifələrimizdə yeniyetmə və gənclərin vətənpərvərlik
ruhunda tərbiyə olunması məsələsinə hər zaman xüsusi
önəm verir və bu sahəni fəaliyyətimizin əsas
prioritet istiqamətlərindən biri hesab edirik.
Ölkəmizin tarixində saysız-hesabsız qəhrəmanlar olub ki,
onların da döyüş yolu, şəhidlik zirvəsi yeniyetmə və
gənclər üçün həyat məktəbidir. Məhz Vətən yolunda
canlarını qurban vermiş, şəhid olmuş Milli
Qəhrəmanlarımızın ömür yolunun, qəhrəmanlığının geniş
təbliğ edilməsi, xüsusilə böyüməkdə olan nəslin bir
vətənpərvər kimi formalaşmasında əhəmiyyətli rol
oynayır. Qəzetimizin bu nömrəsindən başlayaraq Milli
Qəhrəmanlar Beynəlxalq İnformasiya Mərkəzi ilə birgə
layihə əsasında Azərbaycanın Milli Qəhrəmanları
haqqında məlumatları çoxsaylı oxucularımıza təqdim
edirik.
Abbasov
Mehdi Yusif oğlu
1960-cı il yanvarın 1-də Qərbi Azərbaycanın Amasiya
rayonunun Yeniyol kəndində anadan olmuşdu. 1976-cı ildə
Yeniyol kənd orta məktəbini bitirmişdi. 1977-ci ildə
Mehdinin ailəsi erməni təzyiqinə məruz qalaraq,
Qazaxıstan Respublikasının Tülkübas rayonunun Kulan
kəndinə köçmüşdü. Mehdi 1980-ci ildə Çimkənd Pedaqoji
İnstitutunun hazırlıq şöbəsinə, daha sonra Karaqanda
Pedaqoji İnstitutuna daxil olur. O, 1989-cu ildə
Qazaxıstan KP Tülkübas Rayon Komitəsinin qərarı ilə
daxili işlər orqanlarında işləməyə göndərilir. Bir
müddət burada müxtəlif vəzifələrdə işlədikdən sonra
Mehdi Abbasov 1991-ci il iyunun 28-də Azərbaycan
Respublikasının DİN-in sərəncamına göndərilir. O, burada
baş leytenant rütbəsində rota komandiri kimi DİN-in
XTMD-də xidmətə başlayır. O, dəfələrlə DİN-in
mükafatlarına layiq görülmüşdü. Mehdinin son döyüşü
1992-ci il yanvarın 13-də oldu. Məlikcan postu ətrafında
gedən döyüşdə Mehdi snayper gülləsi ilə başından ağır
yaralandı. Həmin gün o, qəhrəmancasına həlak oldu.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il
tarixli 831 saylı Fərmanı ilə baş leytenant Abbasov
Mehdi Yusif oğlu ölümündən sonra Azərbaycanın Milli
Qəhrəmanı adına layiq görülüb.
Bakıda Şəhidlər xiyabanında dəfn olunub.
Abdullayev
Şövqiyar Cəmil oğlu
1969-cu il aprelin 5-də Göyçə mahalının Basarkeçər
rayonunun Nərimanlı kəndində anadan olmuşdu. 1986-cı
ildə Nərimanlı kənd orta məktəbini “əla” qiymətlərlə
bitirmiş, Azərbaycan Dövlət Politexnik İnstitutuna (indiki
Azərbaycan Texniki Universiteti) daxil olmuşdu. O,
birinci kursu bitirdikdən sonra ordu sıralarına
çağırılır. 1989-cu ildə Monqolustanda hərbi xidmətini
başa vurub Bakıya qayıdır. O zaman artıq
Ermənistan-Azərbaycan münaqişəsi başlamışdı. Yüz
minlərlə soydaşımız öz doğma ata-baba yurdlarından -
Qarabağdan, Qərbi Azərbaycandan didərgin salınmışdı.
Ş.Abdullayev Vətənimizin belə bir dar günündə 1992-ci
ildə könüllü olaraq Milli Orduya yazılır. Ağdamda təşkil
edilmiş tank briqadasında ekipaj komandiri təyin edilir.
1992-ci il avqustun 27-də çox ağır bir döyüşdə
yoldaşlarını əsir düşməkdən xilas edir, özü isə Vətən
uğrunda qəhrəmanlıq göstərərək həlak olur.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü
il tarixli 457 saylı Fərmanı ilə Abdullayev Şövqiyar
Cəmil oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı
adına layiq görülüb.
Bakıda Şəhidlər xiyabanında dəfn olunub.
Abdullayev
Rövşən Əbdülhüseyn oğlu
1969-cu il yanvarın 16-da Lerik rayonunda doğulmuşdu.
Orta məktəbi burada bitirdikdən sonra ailəsi ilə
birlikdə Lənkərana köçmüşdü. Rövşən 1987-ci ildə
Sankt-Peterburq Ali Hərbi-Siyasi məktəbinə daxil olur.
1991-ci ildə ali məktəbi “əla” qiymətlərlə leytenant
rütbəsi ilə bitirir və onu təyinatla Rostov şəhər DİŞ-ə
göndərirlər. Lakin Rövşən təyinatını çox çətinliklə
Azərbaycana dəyişdirir. O, Azərbaycana qayıdan kimi
DİN-in əməkdaşı olaraq daxili qoşunların tərkibinə
qatılır. Gənc zabit bir müddət sonra Zəngilana
göndərilir. R.Abdullayev 70 nəfərdən ibarət tağımın
komandiri təyin edilir. Rövşənin son döyüşü 1993-cü il
sentyabrın 13-də oldu. Zəngilan rayonunun Qazançı kəndi
uğrunda gedən döyüşdə igidlik göstərərək əbədiyyətə
qovuşdu.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci
il tarixli 262 saylı Fərmanı ilə leytenant Abdullayev
Rövşən Əbdülhüseyn oğlu ölümündən sonra Azərbaycanın
Milli Qəhrəmanı adına layiq görülüb.
Lənkəran şəhər qəbiristanlığında dəfn olunub. Lənkəran
şəhərində abidəsi ucaldılıb. Lerikdə adına mədəniyyət
evi və küçə var.
Abdullayev
Maşallah Babakişi oğlu
1950-ci il mayın 27-də Goranboy rayonunun Kəpənəkçi
kəndində anadan olmuşdu. Səkkizillik təhsilini doğma
kəndlərində almış, sonra təhsilini fəhlə-gənclər
məktəbində davam etdirmişdi. Maşallah 1969-cu ildə hərbi
xidmətə çağırılır. 1971-ci ildə Kerç şəhərindən ordudan
tərxis olunaraq Bakıya gəlir və Neft Daşlarında işləməyə
başlayır. 1973-cü ildə Bakı Bədən Tərbiyəsi Texnikumuna
qəbul olur, 1975-ci ildə oranı bitirdikdən sonra
təyinatla təhsil aldığı Kəpənəkçi kənd orta məktəbinə
müəllim göndərilir. Məlum hadisələr zamanı erməni
quldurlarına qarşı mübarizəyə qoşulan M.Abdullayev ilk
könüllülərdən olur. Ağcakənd kəndinin ermənilərdən
təmizlənməsində xüsusi xidmətlər göstərir. 1992-ci ildə
Respublika Müdafiə Nazirliyi nəzdində briqada
komandirinin müavini vəzifəsinə təyin edilərək Tərtər,
Goranboy, Yevlax ərazilərinə nəzarət edir. Mayor
rütbəsinə qədər yüksələn Maşallah Abdullayev 1992-ci
ildən 1993-cü ilə qədər Goranboy Rayon İcra
Hakimiyyətinin başçısı vəzifəsində işləyib. İgidliyə
görə general M. Əsədov adına mükafata layiq görülüb.
Ailəlidir.
Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci
il tarixli 6 saylı Fərmanı ilə Abdullayev Maşallah
Babakişi oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq
görülüb.
Abdullayev
Namiq Vahid oğlu
1974-cü il mayın 10-da Ağcabədi rayonunun Avşar kəndində
anadan olmuşdu. 1991-ci ildə Avşar kənd orta məktəbini
bitirmişdir. Namiq 1992-ci ilin dekabrında cəbhəyə yola
düşür. 1993-cü il fevralın 9-da erməni silahlı dəstələri
Xocavənd rayonunda mövqe tutmuş döyüşçülərimizin üzərinə
böyük qüvvə ilə hücuma keçirlər, düşmənin güclü hərbi
texnikası qarşısında bu kiçik dəstəmiz tab gətirə
bilməzdi. Amma aslan ürəkli, Vətən qeyrətli övladlarımız
ölümün gözünə dik baxdılar və hücumu dəf etməyə
çalışaraq onlarla erməni quldurunu məhv etdilər. Namiq
isə son anda əlindəki qumbaranı sinəsinə sıxaraq özünü
tankın altına atdı, düşmənin zirehli texnika heyətini
məhv etdi. Beləliklə də Vətənimizin bu cəsur oğlu
şəhidlik zirvəsinə yüksəldı.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr
1994-cü il tarixli 202 saylı Fərmanı ilə Abdullayev
Namiq Vahid oğlu ölümündən sonra Azərbaycanın Milli
Qəhrəmanı adına layiq görülüb.
Avşar kənd qəbiristanlığında dəfn edilib. Avşar kənd
orta məktəbi onun adını daşıyır.
Ağayev
Bəylər Tapdıq oğlu
1969-cu il fevralın 3-də Qubadlı rayonunun Qarağaclı
kəndində doğulmuş, 1985-ci ildə Qaracallı kənd orta
məktəbini bitirmişdi. 1987-ci ildə hərbi xidmətə
çağırılmışdı. O, hərbi xidmətini 1989-cu ildə Almaniya
Demokratik Respublikasında başa çatdıraraq doğma
kəndlərinə qayıtmışdı. B.Ağayev 1990-cı ildə Azərbaycan
Dövlət İnşaat Mühəndisləri Universitetinə daxil olmuş,
1992-ci ildə təhsilini yarımçıq qoyub könüllü olaraq
ordu sıralarına yazılmışdı. Onun yüksək bacarığı ilk
günlərdən diqqəti cəlb edib və o, bölmə komandiri təyin
edilib. Bəylər Ağayev Laçın rayonu uğrunda gedən
döyüşlərdə fəal iştirak edib. 1992-ci il avqustun 6-da
Xanlıq kəndi uğrunda gedən döyüşlərdə düşmənin xeyli
canlı qüvvəsini və hərbi texnikasını məhv edərək
qəhrəmancasına həlak olub.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci
il tarixli 350 nömrəli Fərmanı ilə Ağayev Bəylər
Tapdıq oğlu ölümündən sonra Azərbaycanın Milli
Qəhrəmanı adına layiq görülüb. Qarağaclı kəndindəki
Şəhidlər xiyabanında dəfn olunub. Qaracallı kənd orta
məktəbi onun adını daşıyır. Bu kənd hazırda erməni
işğalı altındadır.
Ağayev
Eldar Əsgər oğlu
1955-ci il sentyabrın 29-da Tbilisi şəhərində hərbiçi
ailəsində anadan olmuşdur. Ailəsi ilə birlikdə Bakıya
köçmüşdür. İlk təhsilini Bakı şəhər 20 nömrəli orta
məktəbdə almış, sonra 134 nömrəli orta məktəbdə
oxumuşdur. 1972-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri
Məktəbinə daxil olmuşdur. 1976-cı ildə təhsilini başa
vuraraq, motoatıcı ixtisasına yiyələnən E.Ağayev
Kalininqrad vilayətinin Qusev şəhərində hərbi xidmətə
başlamışdır. 1978-ci ildə Kamçatka yarımadasında,
1981-84-cü illərdə Amur vilayətinin Obluçye şəhərində
motoatıcı bölüyünün komandiri, 1984-86-cı illərdə
Əfqanıstanda alay komandiri və kəşfiyyat bölüyünün
komandiri olmuşdur. E.Ağayev Əfqanıstanda xidmətini başa
vurduqdan sonra Kalininqrad şəhərinə gəlmiş, 1989-cu ilə
qədər burada motoatıcı alayın kəşfiyyat rəisi
vəzifəsində çalışmışdır. 1992-ci ildə komandanlığa
raport yazaraq Vətənə qayıtmışdır. Milli Ordunun
tərkibində özünün yaratdığı 775-ci reyd dəstəsinin
komandiri kimi fəaliyyətə başlamışdır. Qarabağ
döyüşlərində göstərdiyi şücaətə görə “Azərbaycan
Bayrağı” ordeni ilə təltif olunub.
Ailəlidir.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il
tarixli 307 nömrəli Fərmanı ilə polkovnik Ağayev Eldar
Əsgər oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq
görülüb.
Ağayev
Faiq Alış oğlu
1969-cu il iyunun 6-da Ağdam rayonunun Papravənd
kəndində doğulmuş, 1986-cı ildə Papravənd kənd orta
məktəbini bitirmişdi. 1989-cu ildə keçmiş Sovet ordusu
sıralarında hərbi xidmətini başa vuraraq Vətənə qayıdıb
Yevlax şəhərində əmək fəaliyyətinə başlamışdı. O
zamanlar erməni hərbi qüvvələri Azərbaycanın sərhəd
bölgələrində və Qarabağda ağır cinayətlər törədirdilər.
Bu hadisələrə biganə qalmayan Faiq 1990-cı ilin
sentyabrında Ağdam Rayon Polis İdarəsinin tərkibində
yaranmış polis alayına yazılıb. 1991-ci il dekabrın
23-də erməni silahlı qüvvələri Meşəli kəndinə güclü
hücuma keçmiş, düşmənin zirehli texnikası və çoxsaylı
piyada qüvvələri kənd əhalisini təşvişə salmışdı.
Vəziyyətin son dərəcə ağır olduğunu görən Faiq sərrast
atəşlə erməni yaraqlılarını məhv edərək, dinc əhalinin
təhlükəsiz yerdə daldalanmasına kömək etmişdi. Düşmənin
diqqətini özünə cəlb edən Faiq son nəfəsinədək vuruşaraq
qəhrəmancasına həlak olmuşdur.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci
il tarixli 264 nömrəli Fərmanı ilə Ağayev Faiq Alış
oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına
layiq görülüb. Ağdam rayonunun Papravənd kəndində dəfn
olunub.
Ağayev
Fərhad İslam oğlu
1975-ci il avqustun 4-də Sabirabad rayonunun Ələmbəyli
kəndində anadan olmuşdu. 1992-ci ildə həmin kənd orta
məktəbini bitirmişdi. 1993-cü ildə Sabirabad Rayon Hərbi
Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılan
Fərhad Prezident Qvardiyasında xidmətə başlamış, 1994-cü
il yanvarın 24-də cəbhəyə yola düşmüşdü. Onun ilk döyüşü
Füzuli rayonunun Seyidəhmədli kəndindən başlamışdı.
Murovdağ, Güzgü, Ömərdağ kimi əhəmiyyətli ərazilərin
müdafiəsində şücaət göstərmiş, 1995-ci ilin əvvəlində
Goranboydakı döyüş bölgələrinə göndərilmişdi. Elə
həmin ilin martında Fərhad məlum dövlət çevrilişinin
qarşısını almaq üçün Ağstafaya göndərilir. O, 1995-ci il
martın 13-də dövlətimizin müdafiə olunması uğrunda gedən
döyüşlərdə ağır güllə yarası almış və martın 15-də
aldığı yaradan dünyasını dəyişmişdir.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel
1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə Ağayev
Fərhad İslam oğlu ölümündən sonra Azərbaycanın Milli
Qəhrəmanı adına layiq görülüb.
Sabirabad rayonundakı Şəhidlər xiyabanında dəfn
olunub. Təhsil aldığı orta məktəb onun adını daşıyır.
|