Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi
Bakı şəhəri 245 nömrəli tam orta məktəbdə fəaliyyət
göstərən “Ədəbi-diyarşünaslıq” dərnəyinin üzvləri ilə
birgə “Azərbaycan bayrağı” ordenli Aydın Manerovun
xatirəsinə həsr olunmuş “Qəhrəmanlıq salnaməmiz” adlı
tədbir keçirib. Tədbir məktəblilərin vətənpərvərlik
ruhunu yüksəltmək, şəhid olan qəhrəmanlarımızın həyat
yolunu öyrənmək, onlardan nümunə götürmək məqsədilə
təşkil olunub.
Azərbaycanın Dövlət himni ilə başlayan tədbiri
məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İlhamə
Həsənova açaraq qonaqları təqdim edib. Aydın Manerova
həsr olunmuş “Qartal zirvədə qaldı” kitabının müəllifi
Nəcibə İlkin qəhrəmanın həyat və döyüş yolu haqqında
geniş məlumat verib. Qəhrəmanın həyat yoldaşı Gülarə
xanım Aydın haqqında xatirələrini bölüşüb, ona həsr
olunan videoçarx nümayiş olunub.
Çıxışlardan sonra məktəbdə fəaliyyət göstərən
“Ədəbi-diyarşünaslıq” dərnəyinin üzvləri ədəbi-bədii
kompozisiya ilə çıxış ediblər. Məktəblilər Aydın
Manerova həsr olunmuş şeir parçaları və səhnəciklərlə
iştirakçıları heyrətləndiriblər. Tədbirdə qəhrəmanın
ailə üzvləri 20 Yanvar faciəsinin canlı şahidi Arif
Məhərrəmov, məktəbin müəllim və şagird kollektivi
iştirak ediblər.
Sonda direktor Ülviyyə İsmayılova belə
tədbirlərin vaxtaşırı keçirilməsinin vacib olduğunu
vurğulayıb. Mərkəz vətənpərvərlik mövzusunda keçirilən
tədbirlərdə 245 nömrəli tam orta məktəbin
“Ədəbi-diyarşünaslıq” dərnəyi üzvlərinin fəallığını
nəzərə alaraq onları diplomla təltif edib. |