Dekabrın
14-də Azərbaycan Tələbə Könüllülərinin I Forumu
keçirilib.
Öncə Azərbaycan Respublikasının Dövlət himni
səsləndirilib. Sonra tələbələr arasında könüllülük
fəaliyyətindən bəhs edən “Azərbaycan Könüllüləri: Dünən,
Bu gün və Sabah” videoçarxı təqdim olunub.
Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən forumda
Prezident Administrasiyasının Humanitar siyasət
məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, təhsil
naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Azad
Rəhimov, millət vəkilləri, ali təhsil müəssisələrinin
rektorları, beynəlxalq təşkilatların nümayəndələri, QHT
rəhbərləri, tələbə könüllülər və KİV təmsilçiləri
iştirak ediblər.
Forum iştirakçılarını salamlayan təhsil naziri Mikayıl
Cabbarov bu tədbirin mühüm tarixi əhəmiyyətə malik
olduğunu bildirib.
Təhsil naziri ulu öndər Heydər Əliyevin əsasını qoyduğu
gənclər siyasətindən irəli gələn vəzifələrin ölkə
Prezidenti cənab İlham Əliyevin fəaliyyətində prioritet
istiqamətlərdən biri olduğunu qeyd edib. Ölkə
Prezidentinin Azərbaycanda keçirilən beynəlxalq
əhəmiyyətli tədbirlərdə tələbələrin könüllü kimi
fəaliyyətini yüksək qiymətləndirdiyini vurğulayan nazir
dövlət başçısının könüllülərlə görüşü zamanı bu
məsələlərə ətraflı yer verdiyini bildirib. Cənab
Prezidentimizin qeyd etdiyi kimi, “könüllülər ölkəmizin
bir daha böyük potensiala, insan kapitalına malik
olduğunu göstərdilər... Doğrudan da, bizim gələcəyimiz
etibarlı əllərdədir”.
“Bakı
2015” Birinci Avropa Oyunlarının yüksək səviyyədə
keçirilməsində tələbə könüllünün özünəməxsus roluna
toxunan təhsil naziri bununla bağlı Azərbaycanın birinci
xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri
Mehriban Əliyevanın fikirlərinin də tələbə könüllülərə
yeni ruh verdiyini nəzərə çatdırıb.
Nazir qeyd edib ki, ali təhsil sahəsində aparılan
islahatlar, tələbələr üçün yaradılan əlverişli mühit
təhsilalanlara yeni imkanlar verir. Yaxın gələcəkdə
beynəlxalq layihələr çərçivəsində ali təhsil
müəssisələrində innovasiya mühiti daha da genişlənəcək.
Yeni çağırışlara adekvat reaksiya verilməsinin zəruri
olduğunu bildirən təhsil naziri tələbələrin gücündən,
biliyindən daha səmərəli istifadə etmək və strateji
məqsədlərin uğurla yerinə yetirilməsi məqsədilə “BİR”
Tələbə-Könüllü Proqramının yaradılmasını yüksək
dəyərləndirib.
Prezident Administrasiyasının Humanitar siyasət
məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə tələbə
könüllülərə tövsiyələrini bildirib, forumun işinə
uğurlar arzulayıb. Könüllülərin təhsil aldıqları ali
məktəblərin və ölkəmizin ictimai, mədəni həyatında
yaxından iştirak etməklə digər gənclərə də örnək
olduğunu söyləyən şöbə müdiri yeni çağırışlara hazır
olmaq üçün əzmlə çalışmağın vacib olduğunu qeyd edib.
Sonra çıxış edən gənclər və idman naziri Azad Rəhimov,
BMT-nin rezident əlaqələndiricisinin müavini Nato
Alkazaşvili və tələbə könüllülər forumun əhəmiyyətindən
söhbət açıb, könüllülük hərəkatının cəmiyyətdə vətəndaş
fəallığının və təəssübkeşliyinin genişlənməsinə müsbət
təsir göstərdiyini bildiriblər.
Çıxışlardan sonra “BİR” Tələbə-Könüllü Proqramının
təqdimatı olub. Təqdimat zamanı iştirakçılara proqramın
məqsədi, istiqamətləri və imkanları barədə ətraflı
məlumat verilib.
Qeyd edək ki, proqram pilot layihə olaraq Bakı, Sumqayıt
və Gəncə şəhərlərində yerləşən 10 ali təhsil
müəssisəsini əhatə edir. Proqram çərçivəsində tələbələr
könüllülük fəaliyyətinə və müvafiq tədbirlərə cəlb
olunacaq, onlara “əsl tələbə həyatı” modelinə uyğun 6
müxtəlif istiqaməti (Öyrən, Öyrət, Yaşa, Yaşat, Kəşf Et
və Zövq Al) özündə birləşdirən layihə təqdim ediləcək.
Proqrama qoşulmaq üçün gənclər www.facebook.com/birkonullu
vasitəsilə müraciət edə bilərlər.
Tədbir tələbələr tərəfindən Azərbaycanın məşhur “Tələbə”
retro mahnısının ifası ilə başa çatıb.
www.edu.gov.az |