| 
						 
						
						
						 Dekabrın 17-də “Olimpiya Hərəkatı” adlı yeni idman 
						proqramı ilə bağlı mətbuat konfransı keçirilib. 
						
						“Olimpiya Hərəkatı” proqramı Beynəlxalq Olimpiya 
						Komitəsi və Olimpiya Oyunlarının Ümumdünya tərəfdaşı 
						olan Coca-Cola şirkəti, Azərbaycan Respublikası Milli 
						Olimpiya Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman 
						Nazirliyinin  birgə tərəfdaşlığı ilə icra olunur. 
						Proqramın əsas məqsədi “Bakı-2015” birinci Avropa 
						Oyunlarının sosial və idman irsini davam etdirərək 
						məktəbliləri yüngül atletika, veloidman, basketbol (3x3) 
						və badminton idman növləri  üzrə keçiriləcək məktəb və 
						şəhər yarışlarına cəlb etmək, şagirdlərə sağlam və aktiv 
						həyat tərzini, həmçinin Olimpiya dəyərlərini təşviq 
						etməkdən ibarətdir. “Olimpiya Hərəkatı” proqramı 
						müntəzəm şəkildə fiziki fəaliyyətə cəlb etməklə 
						uşaqların, həmçinin onların valideynlərinin fiziki 
						aktivliyinin artmasına təkan verir. 
						
						Mətbuat konfransında gənclər və idman naziri Azad 
						Rəhimov, təhsil naziri Mikayıl Cabbarov, Milli Olimpiya 
						Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə iştirak 
						ediblər. Həmçinin, Atletika, Badminton, Basketbol və 
						Velosiped idman federasiyalarının rəsmi nümayəndələri də 
						konfransa qatılıblar. 
						
						Konfransda çıxış edən Milli Olimpiya Komitəsinin 
						vitse-prezidenti Çingiz Hüseynzadə “Olimpiya Hərəkatı” 
						proqramı haqqında ətraflı məlumat verib: “Sevindirici 
						haldır ki, Beynəlxalq Olimpiya Komitəsi Avropada 
						Niderland və Belçikadan sonra “Olimpiya Hərəkatı” 
						proqramının Azərbaycanda həyata keçirilməsinə təşəbbüs 
						göstərib. Bu layihənin icrasına görə Coca-Cola şirkətinə 
						də təşəkkürümü bildirirəm. Coca-Cola şirkəti ilə biz 
						Azərbaycanda sağlam həyat tərzinin təşviqi və idmanın 
						inkişafı sahəsində 1996-cı ildən əməkdaşlıq edirik. 4 
						idman növünü birləşdirən bu layihədə dəstəyinə görə 
						Coca-Cola, Təhsil Nazirliyi və Gənclər və İdman 
						Nazirliyi ilə bərabər müvafiq idman federasiyalarına 
						layihənin belə uğurlu və davamlı fəaliyyətinə görə dərin 
						minnətdarlığımı bildirirəm”. 
						
						Sonra çıxış edən təhsil naziri Mikayıl Cabbarov 
						təhsilin keyfiyyətinin yüksəldilməsi və bu sahədə uğurlu 
						nəticələrin əldə olunmasında təhsilalanların 
						sağlamlığının mühafizəsinin müstəsna əhəmiyyət kəsb 
						etməsi, bu sahədə nazirliyin son illər həyata keçirdiyi 
						layihələr haqqında danışıb. Nazirin sözlərinə görə, 
						Olimpiya Hərəkatı çərçivəsində 330-dan çox ümumi təhsil 
						məktəbindən 50000-ə yaxın məktəblinin proqrama cəlb 
						olunması təhsilalanların hərəkət bacarıqlarının 
						inkişafını təmin edən əlverişli mühitin yaradılması, 
						təhsil aldıqları müddətdə onların fiziki-psixoloji 
						sağlamlığının qorunması baxımından yüksək göstəricidir. 
						Onlardan 10000-ə yaxını rayon birinciliklərində və 
						1000-dən artıq məktəblinin Bakı finalında iştirakı 
						gözlənilir.  Mikayıl Cabbarov proqrama cəlb olunmuş 
						uşaq-gənclər idman mərkəzlərinin sayının 12-yə çatdığını 
						qeyd edib. 
						
						Gənclər və idman naziri Azad Rəhimov proqramın 
						sosial inkişaf baxımından əhəmiyyətini vurğulayıb: “Bu 
						proqramın Azərbaycanda keçirilməsi həm ölkəmizin 
						inkişafının göstəricisidir, həm də ölkəmizdə idmana və 
						sağlam həyat tərzinə əhali arasında marağın artmasına 
						səbəb olacaq böyük stimuldur. İlk Bakı birinciliyinə 50 
						000 şagirdin qoşulması sevindirici haldır. “Olimpiya 
						Hərəkatı” proqramı əhalinin, gənclərin sağlam və aktiv 
						həyat tərzinə olan marağını təmin etmək üçün gözəl imkan 
						yaradır. Azərbaycanda idman və aktiv həyat tərzinə daha 
						çox insanların cəlb olunacağına inanıram və bu vacib 
						proqrama dəstəyinə görə tərəfdaşlara təşəkkürümü 
						bildirirəm”. 
						
						Azərbaycan Coca-Cola Bottlers şirkətinin Baş 
						müdiri Cem Becel də tədbirdə çıxış edərək sağlam həyat 
						tərzinin cəmiyyətin inkişafı üçün önəmini vurğulayıb: 
						“Müntəzəm idman, fəal həyat tərzi insanların 
						sağlamlığını artırır, onların xoşbəxtlik hissini 
						gücləndirir. Sağlam və aktiv həyat tərzi cəmiyyətin 
						inkişafının bir hissəsidir. Məhz bu səbəbdən Coca-Cola 
						1928-ci ildən bu günədək Olimpiya Oyunlarının 
						tərəfdaşıdır və işlədiyimiz bütün ölkələrdə əhalinin 
						sağlamlığı, onların idmana cəlb olunması üçün müxtəlif 
						miqyaslı layihələrə dəstək oluruq. Coca-Cola sistemi 
						olaraq Avropa Oyunları sosial irsi çərçivəsində geniş 
						sayda əhalinin sağlam və aktiv həyat tərzinə cəlb 
						olunması üçün Milli Olimpiya Komitəsi və Azərbaycan 
						hökuməti ilə əməkdaşlığımızı davam etdirməyə çox 
						məmnunuq”.  |